Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari




Download 164.72 Kb.
bet13/34
Sana04.04.2017
Hajmi164.72 Kb.
#3177
TuriQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
3. Buxar turbini qurğuları
3.1. Buxar turbini qurğularının istismarında aşağıdakılar təmin edilməlidir:

    1. əsas və köməkçi avadanlıqların etibarlı işi;

    2. nominal elektrik və istilik yüklərinin götürülməsinə hazırlığı və onların texniki minimuma qədər dəyişdirilməsi;

    3. əsas və köməkçi avadanlıqların normativ iqtisadi göstəriciləri.

3.2. Turbinin avtomatik tənzimləmə sistemi aşağıdakı tələbləri ödəməlidir:

    1. verilmiş elektrik və istilik yüklərinin sabit saxlanılmasını və onların səlis dəyişməsi imkanının təmin edilməsini;

    2. yüksüz işləmə zamanı turbin rotorunun sabit fırlanma tezliyinin saxlanılması və buxarın nominal və işəburaxılma parametrlərində onun səlis dəyişməsini (turbinin idarəetmə mexanizminin işçi diapazonu hüdudlarında);

    3. buxarın nominal parametrlərində, onun maksimal sərfinə müvafiq elektrik yükünün ani olaraq sıfıra qədər atılmasında (o cümlədən generator şəbəkədən açıldıqda) və turbinin alçaq təzyiq hissəsinə maksimal buxar buraxılanda turbin rotorunun fırlanma tezliyini təhlükəsizlik avtomatının işədüşmə sazlanması səviyyəsindən aşağı saxlamasını.

3.3. Buxar turbinlərinin tənzimləmə sisteminin iş parametrləri dövlət standartlarına və texniki şərtlərə uyğun olmalıdır. 01.01.1991-ci ildən əvvəl buraxılmış və istismarda olan bütün turbin parkı və həmçinin xarici firmaların turbinləri üçün bu parametrlərin qiymətləri aşağıdakılara müvafiq olmalıdır:
Fırlanma tezliyinin tənzimlənməsinin

qeyri - müntəzəmlik dərəcəsi (buxarın

nominal parametrlərində) , %-lə ….………………4 - 5

Fırlanma tezliyi üzrə yerli

qeyri -müəyyənlik dərəcəsi, % -lə:

bütün yük diapazonunda, minimalı ………….2,5-dən az olmamalı

maksimal:

Nnom-ın 15%-dək yük diapozonunda …….….10-dan çox olmamalı

Nnom-ın 15% -indən maksimal yükə

qədər diapazonda ………....6-dan çox olmamalı

Fırlanma tezliyi üzrə qeyri-həssaslıq

dərəcəsi, %-lə ..............................................0,3-dən çox olmamalı

Ayrım və əks-təzyiqlərdə buxar tənzimlənməsinin

qeyri-həssaslıq dərəcəsi:

- ayrımda (əks-təzyiqdə) təzyiq

2,5 kqq/sm2-dan (0,25 MPa) az olduqda ……..5-dən çox olmamalı

- ayrımda (əks-təzyiqdə) təzyiq

2,5kqqN/sm2 (0,25 MPa) və çox olarsa ……...2-dən çox olmamalı


Tənzimlənən ayrımlarda və əks-təzyiqdə buxarın təzyiqinin tənzimlənməsinin qeyri-müntəzəmlik dərəcəsi istehlakçının, turbini istehsal edən zavod ilə razılaşdırılmış tələblərini ödəməli və qoruyucu klapanların (qurğuların) işə düşməsinə yol verməməlidir.

3.4. Fırlanma tezliyinin yüksəlməsindən turbinin mühafizə və tənzimləmə sistemlərinin bütün yoxlanış və sınaqları, turbin istehsal edən zavodun təlimatlarının tələblərinə və qüvvədə olan rəhbər sənədlərə müvafiq yerinə yetirilməlidir.

3.5. Turbin rotorunun fırlanma tezliyi nominaldan yuxarı 10-12% və ya istehsalçı zavodun göstərdiyi qiymətə qədər yüksəldikdə təhlükəsizlik avtomatı işə düşməlidir.

Təhlükəsizlik avtomatı işə düşərkən aşağıdakılar bağlanmalıdır:



    1. ilkin və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici (dayandırıcı-tənzimləyici) klapanları;

    2. dayandırıcı (kəsici), tənzimləyici və əks klapanlar, həmçinin buxar ayrımlarının tənzimləyici diafraqma və qapaqları;

    3. kənar buxar mənbələrilə əlaqəli buxar kəmərlərindəki kəsici klapanlar.

3.6. Fırlanma tezliyinin yüksəlməsindən turbinin mühafizə sistemi (onun bütün elementləri də daxil olmaqla), istehsalçı zavodun xüsusi göstərişi yoxdursa, aşağıdakı hallarda fırlanma tezliyini artırmaqla sınaqdan keçirilməlidir:

a) turbin quraşdırıldıqdan sonra;

b) turbinin əsaslı təmirindən sonra;

c) generatoru şəbəkədən açıb yükü atmaqla tənzimləmə sisteminin sınağından əvvəl;

ç) təhlükəsizlik avtomatı söküldükdən sonra;

d) turbin uzun müddət (30 sutkadan artıq) işləməyib dayandıqdan sonra;

e) tənzimləmə sistemi və onun ayrı-ayrı qovşaqları söküldükdən sonra;

ə) plan üzrə yoxlanışlar zamanı (4 ayda 1 dəfədən az olmayaraq);

f) nominaldan yuxarı fırlanma tezliyi artırılmadan təhlükəsizlik avtomatlarının və bütün mühafizə dövrələrinin (icra orqanlarına təsir etməklə) işləməsinin yoxlanılması qeyri-mümkün olan hallarda turbinin uzun müddət (3 aydan artıq) işsiz dayanmasından sonra işəsalınması zamanı.

"e" və "ə" hallarında nominaldan yuxarı fırlanma tezliyini artırmadan, lakin bütün dövrələrin işi mütləq yoxlanılmaqla, mühafizənin sınağına yol verilir .

Fırlanma tezliyini artırmaqla turbinin mühafizəsinin sınaqdan keçirilməsi sex rəisinin və ya onun müavininin rəhbərliyi altında aparılmalıdır.

3.7. İlkin buxarın və aralıq qızdırıcıdan sonrakı buxarın dayandırıcı və tənzimləyici klapanları kip olmalıdır.

İlkin və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici klapanlarının kipliyi hər qrupun ayrılıqda sınaqları ilə yoxlanılmalıdır.

Kipliyin keyfiyyəti, qarşısında buxarın tam (nominal) və ya qismən təzyiqi saxlanılmaqla yoxlanılan klapanlar tam bağlandıqdan sonra turbin rotorunun fırlanma tezliyi ilə təyin olunur. Fırlanma tezliyinin buraxıla bilən qiyməti, istehsalçı zavodun təlimatı ilə müəyyənləşdirilir; istehsalçı zavodun təlimatında yoxlanma meyarı qeyd olunmamış turbinlər üçün isə bu, yoxlanılan klapanların qarşısında buxarın nominal təzyiqində, nominalın 50%-indən yüksək olmamalıdır.

İlkin buxarın nominal parametrlərində və əks-təzyiqdə (vakuumda) bütün bağlayıcı və tənzimləyici klapanların eyni vaxtda bağlanması zamanı onlardan buraxılan buxar turbinin rotorunu fırlatmamalıdır.

Klapanların kipliyə görə yoxlanışı turbin quraşdırılandan sonra, fırlanma tezliyini qaldırmaqla təhlükəsizlik avtomatının sınağından və turbin əsaslı təmirə saxlanılmasından əvvəl, ondan sonra isə işə salınmasında, lakin ildə 1 dəfədən az olmayaraq keçirilməlidir. Turbinin istismarı zamanı klapanların kipliyinin azalması əlamətləri aşkar edilərsə (turbinin işə salınmasında və dayandırılmasında), onlar növbədənkənar kipliyə görə yoxlanılmalıdır.

3.8. İlkin buxarın və aralıq qızdırıcı buxarın dayandırıcı və tənzimləyici klapanları, buxar ayrımlarının dayandırıcı (kəsici) və tənzimləyici klapanları (diafraqmaları), kənar buxar mənbələri ilə əlaqəli buxar kəmərlərindəki kəsici klapanları: turbini işə salmazdan əvvəl və yerli təlimatda, ya da istehsalçı zavodun təlimatında nəzərdə tutulmuş hallarda tam gediş üzrə, turbin işləyən vaxtda isə hər sutkada gedişinin müəyyən hissəsi qədər işlədilməlidir.

Klapanlar tam gediş boyu işlədiləndə onların rəvan hərəkətinə və kip oturmasına nəzarət olunmalıdır.



3.9. Tənzimlənən ayrımların əks-klapanlarının kipliyi və bu ayrımların qoruyucu klapanlarının işləməsi, ildə 1 dəfədən az olmayaraq və yükün atılmasına görə turbinin sınağından qabaq yoxlanılmalıdır.

İstehsalçı zavodun xüsusi göstərişi yoxdursa onda, başqa turbinlərin ayrımları və digər buxar mənbələri ilə əlaqəsi olmayan tənzimlənən isitmə buxar ayrımlarının əks-klapanları kipliyə görə yoxlanışdan keçirilməyə bilər. Bütün ayrımların əks-klapanlarının kip oturması, turbinin işə buraxılışından əvvəl və saxlanılması zamanı, normal iş vaxtı isə elektrik stansiyasının texniki rəhbərinin müəyyənləşdirdiyi qrafik üzrə dövrilik ilə, lakin 4 ayda 1 dəfədən az olmayaraq yoxlanılmalıdır.

Əks-klapan nasaz vəziyyətdə olduqda müvafiq buxar ayrımı ilə turbinin işlədilməsi qadağandır.

3.10. Dayandırıcı (qoruyucu, kəsici) klapanların bağlanma vaxtının yoxlanılması və həmçinin bu Qaydaların 3.3. bəndinin tələblərinə uyğunluğunu yoxlamaq üçün dayandırılmış turbində və onun yüksüz iş rejimində tənzimləmə sisteminin xarakteristikalarının çıxarılması aşağıdakı hallarda yerinə yetirilməlidir:


    1. turbin quraşdırılandan sonra;

    2. bilavasitə turbinin əsaslı təmirindən əvvəl və sonra, ya da tənzimləmə və ya buxarpaylaşdırıcı sisteminin əsas qovşaqlarının təmirindən sonra.

Turbin yük altında işlədikdə statik xarakteristikalarının qurulması zəruri olan tənzimləmə sisteminin xarakteristikalarının çıxarılması aşağıdakı hallarda yerinə yetirilməlidir:

    1. turbin quraşdırılandan sonra;

    2. turbinin əsaslı təmirindən sonra, ya da tənzimləmə və ya buxarpaylaşdırıcı sisteminin əsas qovşaqlarının təmirindən sonra.

3.11. Buxarın maksimal sərfinə uyğun olan yükün ani olaraq atılması ilə turbinin tənzimləmə sisteminin sınağının aparılması aşağıdakı hallarda yerinə yetirilməlidir:

    1. quraşdırıldıqdan sonra turbin istismara qəbul ediləndə;

    2. turboaqreqatın dinamik xarakteristikasını və ya tənzimləmə sisteminin statik və dinamik xarakteristikalarını dəyişən yenidənqurma işlərindən sonra.

Elektrohidravliki çeviriciləri (EHÇ) olan seriyalı turbinlərin tənzimləmə sisteminin sınağı, generatoru şəbəkədən açmadan buxarla yükün atılması üsulu ilə (yalnız tənzimləyici klapanları bir anda bağlamaqla) aparıla bilər.

Əsas turbin nümunələrində və yenidənqurma işləri aparılan turbinlərin ilkin nümunələrində (aqreqatın dinamik xarakteristikasının və ya tənzimləmə xarakteristikasının dəyişməsi ilə), habelə EHÇ ilə təchiz edilməmiş bütün turbinlərdə sınaqlar generatoru şəbəkədən açmadan elektrik yükünü atmaqla aparılmalıdır.



3.12. Tənzimləmə və mühafizənin faktiki xarakteristikalarının normativ qiymətlərdən fərqlənməsi, klapanların bağlanma vaxtının istehsalçı zavodun təlimatında və ya yerli təlimatda göstəriləndən artıq olması, yaxud onların kipliyinin pozulması aşkar olunduqda, həmin nasazlıqların səbəbi müəyyənləşdirilməli və aradan qaldırılmalıdır.

3.13. Güc məhdudlaşdırıcı işdə olmaqla turbinin istismarına, yalnız turbin qurğusunun mexaniki vəziyyətinə görə, müvəqqəti tədbir kimi, elektrik stansiyasının texniki rəhbərinin icazəsi ilə yol verilir. Bu halda turbinin yükü, məhdudlaşdırıcı üzrə tənzim qiymətindən ən azı 5% aşağı olmalıdır.

3.14. Turbin qurğusunun yağ təchizatı sisteminin istismarı zamanı aşağıdakılar təmin edilməlidir:

    1. bütün rejimlərdə aqreqatların işinin etibarlılığı;

    2. yanğın təhlükəsizliyi;

    3. yağın normal keyfiyyətinin və temperatur rejiminin saxlanılması;

    4. yağın axmasının və onun soyuducu sistemə və ətraf mühitə düşməsinin qarşısının alınması.

3.15. Ehtiyat və qəza yağ nasosları və onların ehtiyatın avtomatik qoşulması (EAQ) qurğuları, turboaqreqat işlədikdə ayda 2 dəfə və həmçinin onun işə buraxılmasından və işdən saxlanılmasından əvvəl işlədilərək yoxlanılmalıdır. Fərdi elektrik intiqallı işçi yağlama sistemli nasosu olan turbinlərdə, saxlanılmazdan əvvəl EAQ-nın yoxlanışı keçirilmir.

3.16. Turboaqreqatlarda yağın yanmasının qarşısını alan sistemlərlə təchiz olunmuş turbinlərdə sistemin elektrik sxemi turbinin soyuq vəziyyətdən işə salınmasından əvvəl yoxlanmalıdır.

3.17. Səhvən qoşulduqda avadanlığın dayanmasına və ya zədələnməsinə səbəb ola bilən yağlama, tənzimləmə və generatorun kipləmə sistemlərində quraşdırılmış bağlayıcı armatur işçi vəziyyətində plomblanmalıdır.

3.18. Kondensasiya qurğusunu istismar edərkən, kondensatorda normativ temperatur basqısına və kondensatın keyfiyyət normasına riayət olunmaqla bütün istismar rejimlərində turbinin qənaətli və etibarlı işi təmin olunmalıdır.

3.19. Kondensasiya qurğusunun istismarı zamanı aşağıdakılar yerinə yetirilməlidir:

    1. kondensatorun çirklənməsinin qarşısını almaq üçün profilaktik tədbirlər (soyuducu suyun kimyəvi və fiziki üsulla emalı, kürəciklərlə təmizləmə qurğularının tətbiqi və s.);

    2. soyuducu səthin çirklənməsi nəticəsində işlənmiş buxarın təzyiqi normativə nisbətən 0,005 kqq/sm2 (0,5 kPa) yüksəldikdə kondensatorların dövri təmizlənməsi;

    3. kondensatorun soyuducu səthinin və boru lövhələrinin təmizliyinə nəzarət;

    4. soyuducu suyun sərfinə nəzarət (sərfin bilavasitə ölçülməsilə və ya kondensatorların istilik balansı üzrə), soyuducu suyun temperaturuna və kondensatorun buxar yükünə müvafiq soyuducu su sərfinin optimallaşdırılması;

    5. vakuum sisteminin kipliyinin yoxlanılması və onun kipləşdirilməsi;

    6. kondensatorun buxar yükünün 40100% diapazonunda dəyişilməsi hallarında hava sızması (kq/s) aşağıdakı düsturla təyin edilən qiymətdən yüksək olmamalıdır:

Gn= 8 + 0,065 N ,

burada N - kondensasiya rejimində turbin qurğusunun nominal elektrik gücüdür, MVt;



    1. kondensatın tərkibindəki duzun miqdarına müntəzəm nəzarət edilməklə kondensatorun su sıxlığının yoxlanılması;

    2. kondensat nasoslarından sonra kondensatın tərkibindəki oksigenin miqdarının yoxlanılması.

Kondensasiya qurğusunun işinə nəzarətin metodları və dövriliyi konkret istismar şəraitindən asılı olaraq yerli təlimatla müəyyənləşdirilir.

3.20. Regenerasiya sistemi avadanlıqlarının istismarında aşağıdakılar təmin edilməlidir:

    1. hər bir qızdırıcıdan sonra bəsləyici suyun (kondensatın) və onun son qızdırılma temperaturunun normativ qiyməti;

    2. istilik mübadiləsi aparatlarının etibarlılığı.

Bəsləyici suyun (kondensatın) qızdırılması, temperatur basqıları, regenerasiya sistemi qızdırıcılarında qızdırıcı buxar kondensatının həddindən artıq soyudulması turbin qurğusunun əsaslı təmirindən əvvəl və sonra, qızdırıcıların təmirindən sonra və dövri olaraq qrafik üzrə (ayda 1 dəfədən az olmayaraq) yoxlanılmalıdır.

3.21. Yüksək təzyiqli qızdırıcıların (YTQ) istismarı aşağıdakı hallarda qadağan olunur:

    1. mühafizə elementləri olmadıqda və ya nasaz vəziyyətdə olduqda;

    2. səviyyə tənzimləyici klapanları (STK) nasaz vəziyyətdə olduqda.

Qəza dövrələməsi ilə birləşmiş YTQ qrupunun istismarı aşağıdakı hallarda qadağan olunur:

    1. YTQ qrupundakı hər hansı bir qızdırıcıda mühafizə elementləri olmadıqda və ya nasaz vəziyyətdə olduqda;

    2. qrupdakı qızdırıcıların hər hansı birində səviyyə tənzimləyici klapanı nasaz vəziyyətdə olduqda;

    3. qrupdakı qızdırıcıların hər hansı birinin buxara görə açılmasında.

Mühafizənin və ya STK-nın nasazlığı aşkar olunduqda YTQ və ya YTQ qrupu dərhal işdən açılmalıdır. STK-dan başqa, avtomatik səviyyə tənzimləyicisi klapanının hər hansı bir digər elementinin nasaz vəziyyətində və işləyən avadanlıqda bu nasazlığın təcili aradan qaldırılması mümkün olmadıqda qızdırıcı (və ya YTQ qrupu) elektrik stansiyasının texniki rəhbərinin müəyyən etdiyi vaxtda işdən çıxarılmalıdır.

3.22. Ehtiyat bəsləyici nasoslar, həmçinin avtomatik ehtiyatda olan digər nasos aqreqatları saz və giriş, çıxış boru kəmərlərinin siyirtmələri açıq olmaqla işə buraxılmaya daim hazır vəziyyətdə olmalıdır. Onların işə qoşulmasının yoxlanışı və işləyən nasosdan ehtiyata planlı keçid qrafik üzrə, lakin ayda 1 dəfədən az olmayaraq aparılmalıdır.

3.23. Turbini orta və ya əsaslı təmirdən sonra, yaxud soyuq vəziyyətdən işə buraxmazdan əvvəl əsas və köməkçi avadanlıqların, bloklamaların, texnoloji mühafizə qurğularının, məsafədən və avtomatik idarəetmə vasitələrinin, nəzarət-ölçü cihazlarının, informasiya və operativ rabitə vasitələrinin sazlığı və işə qoşulmaya hazırlığı yoxlanılmalıdır. Aşkar olunan nasazlıqlar aradan qaldırılmalıdır.

Turbinin soyuq vəziyyətdən (3 sutkadan artıq ehtiyatda dayanmasından sonra) işəburaxılmasından əvvəl yoxlanmalıdır: avadanlıqların və NÖÇ saz vəziyyətdə və işəqoşulmaya hazır olması, habelə məsafədən və avtomatik idarəetmə vasitələrinin, texnoloji mühafizə, bloklama qurğularının, informasiya və operativ rabitə vasitələrinin iş qabiliyyəti; bütün icra qurğularından texnoloji mühafizə komandalarının keçməsi; işsiz dayanma müddətində təmir işləri aparılan avadanlıq və vəsaitlərin saz vəziyyətdə və işəqoşulmaya hazır olması. Bu halda aşkar olunan nasazlıqlar işəburaxılmadan əvvəl aradan qaldırılmalıdır.

Aqreqatların digər istilik vəziyyətlərindən işə buraxılması zamanı mühafizə və bloklama vasitələri yerli təlimatlara uyğun yoxlanılmalıdır.

Turbinin işə buraxılmasına sexin növbə rəisi və ya böyük maşinisti, əsaslı və ya orta təmirdən sonra isə, sex rəisi və ya onun müavini rəhbərlik etməlidir.



3.24. Aşağıdakı hallarda turbinin işə buraxılması qadağandır:

    1. turbinin istilik və mexaniki vəziyyət göstəriciləri buraxıla bilən qiymətlərdən fərqləndikdə;

    2. turbinin dayandırılması üçün nəzərdə tutulan mühafizələrdən hər hansı biri nasaz vəziyyətdə olduqda;

    3. tənzimləmə və buxarpaylama sistemlərində turbinin fırlanma sürətinin buraxıla bilən hədd qiymətini aşmasına səbəb ola biləcək nöqsanlar aşkar edildikdə;

    4. yağlama, tənzimləmə, generatorun kipləmələrinin yağ nasoslarından biri və ya onların avtomatik qoşulma qurğuları (EAQ) nasaz vəziyyətdə olduqda;

    5. yağın keyfiyyəti istismar yağı normalarından fərqləndikdə və ya yağın temperaturu istehsalçı zavodun təyin etdiyi həddən aşağı düşdükdə;

    6. təzə buxarın kimyəvi tərkibinə görə keyfiyyəti normadan kənara çıxdıqda.

3.25. Valçevirici quruluşu işə qoşmadan turbinin kipləmələrinə buxarın verilməsi, kondensatora isti suyun və buxarın atılması, turbini qızdırmaq üçün buxarın verilməsi qadağandır. Valçevirici quruluşu olmayan turbinlərə buxarın verilməsi şərtləri yerli təlimatla müəyyənləşdirilir. Qazandan və ya buxar kəmərlərindən işçi cismin kondensatora atılması və turbinin işə buraxılması üçün ona buxarın verilməsi, kondensatorda buxarın təzyiqi təlimatlarda və ya istehsalçı zavodun digər sənədlərində göstərilən, lakin 0,6 kqq/sm2-dən (60 kPa) yüksək olmayan təzyiqdə edilməlidir.

3.26. Turboaqreqatların istismarı zamanı yastıq dayaqlarının titrəmə sürətinin orta kvadratik qiyməti 4,5 mm∙san-1-dən yüksək olmamalıdır.

Titrəyiş normativ qiymətdən artıq olduqda, onun 30 sutkadan çox olmayan müddətdə aşağı salınması üçün tədbirlər görülməlidir.

Titrəyişi 7,1 mm∙san-1-dən artıq olan turbin aqreqatlarının 7 sutkadan artıq işlədilməsi qadağandır. Titrəyiş 11,2 mm∙san-1 olduqda isə turbin mühafizə və ya əl ilə işdən açılmalıdır.

Əgər qərarlaşmış rejimdə bir rotorun iki dayağında və ya yanaşı dayaqlarda titrəmənin səviyyəsi, yaxud bir dayaqda titrəmənin iki tərkib hissəsi istənilən ilkin səviyyədən eyni vaxtda qəflətən 1 mm∙san-1 və daha artıq dəyişilərsə, turbin dərhal dayandırılmalıdır.

Əgər 1-3 sutka ərzində yastıq dayaqlarından birində titrəyişin istənilən tərkib hissəsinin rəvan artması 2 mm∙san-1 olduqda turbinin yükü azaldılmalı və dayandırılmalıdır.

Alçaqtezlikli titrəyişlə turboaqreqatların istismarına yol verilmir. 1mm∙san-1-dən artıq alçaqtezlikli titrəyiş əmələ gələndə onu ləğv etmək üçün tədbirlər görülməlidir.

Müvəqqəti olaraq, lazımi aparatlarla təchiz olunana qədər, titrəyişin dəyişmə amplitudasına əsasən titrəyişə nəzarət etməyə icazə verilir. Bu halda, 3000 dövr/dəq. fırlanma tezliyində 30 mkm-ə qədər və 1500 dövr/dəq. fırlanma tezliyində isə 50 mkm-ə qədər amplitudada uzunmüddətli istismara icazə verilir; 1-2 mm∙san-1 qədər titrəyişin dəyişməsi, 3000 dövr/dəq. fırlanma tezliyində 10-20 mkm, 1500 dövr/dəq. fırlanma tezliyində 20-40 mkm amplitudanın dəyişməsinə ekvivalentdir.

Gücü 50 MVt və daha artıq olan turboaqreqatlarda titrəyiş, yastıq dayaqlarının titrəyişinə fasiləsiz nəzarət edən və dövlət standartlarına uyğun olan stasionar aparatlarla ölçülməli və qeyd olunmalıdır.

Gücü 50 MVt-dən az olan turboaqreqatlarda titrəyişə fasiləsiz nəzarət edən stasionar aparatlar quraşdırılana qədər, metroloji xarakteristikaları dövlət standartlarının tələblərinə cavab verən səyyar cihazların istifadəsinə yol verilir. Nəzarətin dövriliyi, turboaqreqatın titrəyiş vəziyyətinə görə, lakin ayda 1 dəfədən az olmayaraq yerli təlimatla təyin edilməlidir.

3.27. Turbinin axınlı hissəsinin vəziyyətinə və onun duzla çirklənməsinə nəzarət üçün ayda 1 dəfədən az olmayaraq nəzarət edilən bölmələrdə buxarın nominala yaxın sərfində buxarın təzyiqinin qiymətləri yoxlanılmalıdır.

Buxarın verilmiş sərfində nəzarət pillələrində təzyiqin nominalla müqayisədə artması 10%-dən artıq olmamalıdır. Bu halda, təzyiq istehsalçı zavodun təyin etdiyi həddən artıq olmamalıdır.

Nəzarət pillələrində duzla çirklənmə nəticəsində təzyiq buraxıla bilən həddə çatanda turbinin axınlı hissəsi yuyulmalı və ya təmizlənməlidir. Yuyulma və ya təmizlənmə üsulu çöküntülərin tərkibi, xassəsi və yerli şəraitdən asılı olaraq seçilməlidir.

3.28. İstismar prosesində avadanlıqların işini xarakterizə edən göstəricilərin müntəzəm təhlili yolu ilə turbin qurğusunun qənaətli işləməsinə daim nəzarət edilməlidir.

Turbin qurğusunun qənaətliliyinin azalması səbəbini aşkara çıxarmaq və təmirlərin səmərəliliyini qiymətləndirmək üçün avadanlığın istismar (ekspress) sınaqları keçirilməlidir.

Turbin avadanlığının iş göstəriciləri normativdən fərqləndikdə avadanlıqların nöqsanları və istismarın çatışmazlıqları aradan qaldırılmalıdır.

Turbinlərin ilkin nümunələri və yenidən qurulmuş və ya təkmilləşdirilmiş turbinlərdə balans sınaqları keçirilməlidir.



3.29. Mühafizələrin işində imtinalar baş verdikdə və ya onların yoxluğunda aşağıdakı hallarda turbin heyət tərəfindən dərhal dayandırılmalıdır (işdən açılmalıdır):

a) rotorun fırlanma tezliyi təhlükəsizlik avtomatının işədüşmə tənzim qiymətindən artıq yüksəldikdə;

b) rotorun oxu yolverilməz dərəcədə sürüşdükdə;

c) silindrlərə nəzərən rotorların vəziyyəti yolverilməz dərəcədə dəyişdikdə;

ç) yağlama sistemində yağın (odadavamlı mayenin) təzyiqi yolverilməz dərəcədə aşağı düşdükdə;

d) yağ çənində yağın səviyyəsi yolverilməz dərəcədə aşağı düşdükdə;

e) istənilən yastıqdan, generator valının kipləmələrinin yastıqlarından, turboaqreqatın dayaq yastığının istənilən qəlibindən axan yağın temperaturu yolverilməz dərəcədə yüksəldikdə;

ə) turboaqreqatda yağ alışdıqda;

f) generator valının kipləmə sistemində "yağ-hidrogen" təzyiq düşküsü yolverilməz dərəcədə aşağı düşdükdə;

g) generatorun val kipləmələrinin yağ təchizatı sisteminin dempfer çənində yağın səviyyəsi yolverilməz dərəcədə aşağı düşdükdə;

ğ) generatorun hidrogenlə soyutma sistemində bütün yağ nasosları işdən açıldıqda (kipləmələrin yağ təchizatının injektorsuz sxemləri üçün);

h) daxili zədələnmə nəticəsində turbogenerator işdən açıldıqda;

x) kondensatorda təzyiq yolverilməz dərəcədə yüksəldikdə;

ı) əks-təzyiqli turbinlərin sonuncu pilləsində yolverilməz dərəcədə təzyiq düşküsü yarandıqda;

i) turboaqreqatın titrəyişi qəflətən gücləndikdə;

j) turbinin və ya generatorun daxilində metal səslər və ya qeyri-adi səs-küy əmələ gəldikdə;

k) turbinin və ya generatorun yastıqlarından və kənar kipkəclərindən qığılcım və ya tüstü çıxdıqda;

q) ilkin buxarın və ya aralıq qızdırıcıdan sonrakı buxarın temperaturunun yolverilməz dərəcədə enməsində;

l) ilkin buxar və aralıq qızdırıcıdan sonrakı buxar kəmərlərində və ya turbində hidravlik zərbələr yarandıqda;

m) yağ kəmərlərinin və su-buxar yolları boru kəmərlərinin işdən açılmayan sahələrində, buxarpaylaşdırıcı qovşaqlarda qırılma və ya çatlar aşkar edildikdə;

n) generatorun statorundan soyuducu su axını kəsildikdə;

o) qaz soyuducularında soyuducu su sərfi yolverilməz dərəcədə azaldıqda;

ö) məsafədən və avtomatik idarəetmə qurğularında və ya bütün NÖC-də gərginlik itdikdə.

p) turbogeneratorun köməkçi generatorun rotorunun və ya təsirləndirici kollektorun kontakt halqalarında dairəvi alov yarandıqda;

r) turbini və ya onun nəzarətinin bütün avadanlıqlarının idarəedilməsini qeyri-mümkün edən TPAİS texniki-proqram kompleksinin imtinası zamanı.

Turbini işdən açdıqda vakuumun pozulması lüzumu istehsalçı zavodun göstərişlərinə uyğun olaraq yerli təlimatla müəyyənləşdirilir. Yerli təlimatda, aqreqat üzrə nəzarət edilən kəmiyyətlərin qiymətlərinin yolverilməz dəyişmələri barədə dəqiq göstərişlər olmalıdır.



3.30. Aşağıdakı hallarda elektrik stansiyasının texniki rəhbərinin müəyyənləşdirdiyi dövrdə turbinin yükü azaldılmalı və o dayandırılmalıdır (enerji sisteminin dispetçerinə xəbər verilməklə):

a) ilkin (təzə) buxarın və ya aralıq qızdırıcıdan sonra buxarın dayandırıcı klapanları ilişdikdə;

b) tənzimləyici klapanlar ilişdikdə və ya onların ştokları qırılanda; çevirici diafraqmalar və ya ayrımların əks-klapanları ilişdikdə;

c) tənzimləmə sistemində nasazlıq olduqda;

ç) köməkçi avadanlığın, qurğunun sxeminin və əlaqələrinin normal işi pozulduqda, əgər bu halda turbini saxlamadan pozuntuların səbəblərini aradan qaldırmaq mümkün deyilsə;

d) dayaqların titrəyişi 7,1 mm∙san-1-dən artıq olduqda;

e) avadanlığın dayandırılmasına təsir edən texnoloji mühafizələrin nasazlıqları aşkar olunduqda;

ə) yastıqlardan, boru kəmərlərindən və armaturlardan yanğın təhlükəsi törədən sızılma aşkar edildikdə;

f) su-buxar yolu boru kəmərlərinin təmirə saxlanılması mümkün olmayan sahələrində yarıq və cırılma aºkar olunduqda;

q) təzə buxarın kimyəvi tərkibə görə keyfiyyəti normadan kənara çıxdıqda;

ğ) yastıqların karterlərində, cərəyandaşıyanlarda, yağ çənlərində hidrogenin miqdarının yolverilməz miqdarda yığılması və həmçinin generatorun gövdəsindən hidrogenin normadan artıq sızması aşkar edildikdə.

3.31. Hər bir turbin üçün işlənmiş buxarın normal təzyiqi və vakuumun pozulması ilə dayandırılması zamanı rotorun qaçış müddəti (ox üzrə qaçışı) müəyyənləşdirilməlidir. Bu müddət dəyişəndə onun dəyişmə səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Turboaqreqatın bütün dayanmalarında qaçış müddətinə nəzarət edilməlidir.

3.32. Turbini 7 sutka və çox müddətə ehtiyata çıxardıqda, onun konservasiya edilməsi üçün tədbirlər görülməlidir.

Konservasiya üsulu elektrik stansiyasının texniki rəhbəri tərəfindən yerli şərait nəzərə alınmaqla seçilir.



3.33. Hazırlanmasının texniki şərtlərində nəzərdə tutulmamış rejimlərdə və sxemlərlə turbinin istismarına istehsalçı zavodun və enerjisistemin razılığı ilə icazə verilir.

3.34. Elektrik stansiyalarının turbin avadanlıqlarında yenidənqurma və təkmilləşdirmə işləri, istehsalçı zavod ilə razılaşdırıldıqdan sonra görülməlidir. Elektrik stansiyasının turbin avadanlıqlarında yenidənqurma və təkmillədirmə işləri aparılarkən idarəetmənin maksimal dərəcədə avtomatlaşdırılması və təmirə yararlılığın yüksək göstəriciləri nəzərdə tutulmalıdır.

3.35. Buxar turbinlərinin istilik sınaqları aparılmalıdır:

    • faktiki göstəricilərin alınması və normativ xarakteristikaların tərtib edilməsi üçün yenidən quraşdırılan avadanlıqda;

    • normativ xarakteristikalara uyğunluğun təsdiqi üçün vaxtaşırı olaraq istismar prosesində (3-4 ildə azı 1 dəfə).



Download 164.72 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Download 164.72 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektik stansiyalarin və ŞƏBƏKƏLƏRİNİn texniKİ İSTİsmar qaydalari

Download 164.72 Kb.