Siyasi mədəniyyət
Siyasi mədəniyyət anlayışı ilk dəfə 18-ci əsrdə alman filosofu və maarifçisi İ.Gerder tərəfindən işlədilmişdir. Lakin bu hadisə haqqında elmi nəzəriyyə xeyli sonra - 20-ci əsrin ortalarında yaradılmışdır.
Müasir politologiyada "siyasi mədəniyyət" kateqoriyasına ilk dəfə amerikan tədqiqatçısı X.Fayerin "Böyük Avropa dövlətlərinin idarəçiliyi sistemləri" (1956) əsərində rast gəlinsə də, bu problemin tədqiqinin pioneri amerikan politoloqu Q.Almond sayılır. Siyasi mədəniyyəti tədqiq etməyin əhəmiyyətini şərh edərək o yazır: "Hər bir siyasi sistem siyasi fəaliyyətə meyllənmiş xüsusi nümunə kimi mövcuddur. Mən bunu "siyasi mədəniyyət" adlandırmağı lazım bildim". Siyasi mədəniyyət haqqında son 40 ildə çoxsaylı elmi tədqiqatlar aparılıb. Lakin Q.Almondun Q.Pouellə birlikdə təklif etdikləri definisiya bu günədək öz aktuallığını itirmir və tədqiqatçıların böyük əksəriyyəti ona üstünlük verməkdən yan keçə bilmirlər. Onların fikrincə, "siyasi mədəniyyət siyasi sistemin iştirakçıları arasında siyasi münasibətdə təzahür edən fərdi mövqe və meyillərin nümunəsi rolunu oynayır. Fərdi təmayülün bir neçə tərkib hissəsi vardır: a) idraki təmayül - siyasi obyektlər və inam haqqında həqiqi və ya yalançı məlumat; b) emosional təmayül - siyasi obyektlərə bağlılıq hissi; c) qiymətləndirmə təmayülü - siyasi obyektlər haqqında rəylər və mülahizələr. Bunlar siyasi predmet və hadisələrə münasibətdə qiymətləndirmə standartları tətbiq etməyi nəzərdə tutur". Almond və Pauellin tərifi polyak politoloqu Y.Vyatrın nöqteyinəzərinin meydana gəlməsinə güclü təsir etmişdir. Onun fikrincə, “siyasi mədəniyyət” vətəndaşların hakimiyyətlə qarşılıqlı münasi - bətlərinə aid olan mövqelərinin, davranış dəyərləri və nümunələrini məcmusudur". Vyatr siyasi mədəniyyətin məzmununa aşağıdakı ünsürləri daxil edir: a) siyasət haqqında biliklər, siyasi faktlarla tanışlıq, onlara maraq göstərilməsi; b) siyasi hadisələrə qiymət verilməsi, hakimiyyətin necə həyata keçirilməsi və onun səmərəsi haqqında rəylər; c) siyasi mövqelərdə özünü göstərən emosional hisslər, məsələn, vətən məhəbbəti, düşmənə nifrət; cəmiyyətdə qəbul edilmiş siyasi həyatda necə hərəkət etməyi göstərən siyasi davranış nümunələri. 1979-cu ildə Ç.Fosterin siyasi mədəniyyət haqqında təklif etdiyi tərif də diqqəti cəlb edir. Fosterə görə, "siyasi mədəniyyət cəmiyyətdə siyasi fəaliyyəti səciyyələndirən dərk edilmiş və duyulmuş dəyərlərin və onlara uyğun inamın məcmusudur".
Siyasi mədəniyyət haqqında elmdə təsadüf edilən çoxsaylı fikir və mülahizələr bu məsələyə aid iki başlıca yanaşma metodunu fərqləndirməyə əsas verir. Bir qrup tədqiqatçılar siyasi mədəniyyəti siyasətin subyektiv məzmunu ilə eyniləşdirərək, onu mənəvi xarakterli hadisə kimi qiymətləndirirlər. Q.Almond, Q.Pauell, S.Verba tərəfindən əsaslandırılan baxışlar buna misal ola bilər. Digər qrup tədqiqatçılar (S.Vyatr, Ç.Pleyno və b.) siyasi mədəniyyətdə əsasən normativ əsasları, davranış nümunələri məcmusu kimi cəhətləri həlledici hesab edərək, onu siyasətin xüsusi bir yönümü sayır. Siyasi mədəniyyət insanların hakimiyyətə münasibətinin əsas cəhətlərini ifadə etməklə yanaşı, eyni zamanda, siyasi proseslərdə iştirakçılığın başlıça üsul və metodlarının məcmusunu ehtiva edir. Siyasi mədəniyyət bu baxımdan bütünlükdə siyasətin tərkib ünsürlərindən biri kimi çıxış edir. Siyasətin formalaşması xarakteri, ələlxüsus onun həyata keçirilməsi yolları və vasitələrinin seçilməsi siyasətin subyektlərinin siyasi mədəniyyətinin səviyyəsi ilə şərtlənir. Siyasi mədəniyyətin şərtlənməsi öz növbəsində cəmiyyət həyatında siyasi fəaliyyət adət və ənənələrinin, dəyərlərinin kök salması ilə sıx əlaqədardır. İnsanın siyasət, hakimiyyət haqqında bitkin və sabit təsəvvürləri bilavasitə siyasi praktika nəticəsində meydana gəlib inkişaf edir. Dövlət idarəçiliyi adət və ənənələrində öz ifadəsini tapan siyasi fəaliyyət, siyasi praktika insanları siyasətə qovuşdurmaq və ya siyasətdən kənarlaşdırmaq məqsədi güdən siyasi sistem modeli yaradır. Müvafiq surətdə həmin modellər konkret siyasi mədəniyyət tipləri formalaşdırır. Beləliklə də, siyasi mədəniyyət, eyni zamanda, siyasi sistemin mühüm tərkib hissəsi rolunda çıxış edir. Siyasi mədəniyyətin və siyasi sistemin qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı öz ifadəsini insanların siyasi proseslərdə iştirakının yönümündə və motivlərində tapır. Siyasi proseslərdə iştirakı vətəndaşların hüququ kimi qəbul edən və buna lazımi obyektiv şərait yaradan cəmiyyətlərdə insanların siyasi mədəniyyəti dövlət işlərinə daha böyük maraq göstərilməsi, siyasi prosesdə iştirakçılıq meyillərinin yüksək səviyyəsi ilə səciyyələnir. Bundan əlavə, mövcud ənənələr siyasi iştirakçılıq metodlarının, davranış formalarının seçilməsində də xüsusi rol oynayır. Yüksək siyasi maraqlılığı, siyasi iştirakçılıq dərəcəsini siyasi mədəniyyətin xarakter və səviyyəsini müəyənləşdirən yeganə amil hesab etmək düzgün olmazdı. İnsanların siyasi davranış formaları, yəni hakimiyyətə münasibətini ifadə etmək forması, habelə yüksək siyasi iştirakçılığın motivləri öz növbəsində cəmiyyətin siyasi mədəniyyətini səciyyələndirən həlledici amillərdir. Misal üçün, yüksək siyasi iştirakçılıq demokratik yönümlü siyasi mühitdə bir siyasi mədəniyyətdən, qeyri-demokratik siyasi mühitdə isə tamam başqa siyasi mədəniyyətdən xəbər verir. Yaxud inqilabi dəyişikliklər dövrünün yüksək siyasi iştirakçılığı siyasi fəaliyyətin və davranışın metod və üsulları baxımından bir-birinin əksini təşkil edən siyasi mədəniyyət formalarının meydana gəlməsinə səbəb olur. Xalqın hakimiyyətə münasibətini ifadə etmək üsul və metodlarındakı fərqləri əks etdirən müxtəlif siyasi mədəniyyətlərin siyasi proseslərə bilavasitə təsirini keçmiş Sovet İttifaqı süqut etdikdən sonra meydana çıxan müstəqil dövlətlərdə baş verən hadisələr nümunəsində aydın müşahidə etmək mümkündür. Siyasi sistemin təbliğ etdiyi rəsmi siyasi iştirakçılıq üsullarının əhalinin siyasi mədəniyyətini səciyyələndirən adətlərlə və ənənələrlə ahəngdarlıq təşkil etdiyi dövlətlərdə siyasi rejimin dəyişməsi, müstəqil dövlətçilik bünövrələrinin bərpası güclü siyasi münaqişə və kataklizmlər doğurmadığı halda, belə ahəngdarlığın pozulduğu ölkələrdə ifrat siyasi çarpışmalardan, hətta dövlət çevrilişləri cəhdlərindən yaxa qurtarmaq mümkün olmadı. Elmi ədəbiyyatda siyasi mədəniyəti səciyyələndirən cəhətlər arasında milli xarakter də göstərilir. Milli xarakter mənəvi, əxlaqi, dini, psixoloji və digər əlamətlərə görə vahid toplum təşkil edən insanların mövqeləri, baxışları və etiqadları sistemi kimi qavranıla bilər. Milli xarakter insanın sosial həyatın bütün sahələrində, o cümlədən siyasi həyat sahəsində davranışında əksini tapdığından, onun siyasi mədəniyyətin ünsürü keyfiyyətində qavranılması obyektiv əsasdan məhrum deyil. Siyasi proseslərdə iştirak zamanı özünü göstərən milli xarakter, onun başlıca cəhətləri hətta siyasi mədəniyyətin konkret təzahür forması kimi qiymətləndirilə bilər. O, siyasi mədəniyyətin formalaşmasına, xalqın hakimiyyət münasibətini ifadə etməsi prosesinə xüsusi istiqamət, milli kalorit verməklə ümumbəşəri siyasi, demokratik prinsip və ənənələrlə milli xüsu siyyət lərin qovuşmasını təmin edir. Milli xarakter amilinin təsiri nəticəsində siyasi mədəniyyət cəmiyyətin siyasi sisteminin, siyasi təsisatlar və normaların ümumi xarakterinə milli məzmun və ruh verir. Siyasi mədəniyyətin təbiəti, formalaşması prosesi onun sosialtarixi şərtlənməsini şübhə altına almır. Bununla belə uzun tarixi proseslərin nəticəsi kimi meydana gələn müxtəlif siyasi mədəniyyət tipləri onu bioloji və ya coğrafi amillərlə izah etməyə çalışan bəzi konsepsiyaların ortaya çıxmasına səbəb olmuşdur. Vaxtilə Monteskye insanların xarakterinin, o cümlədən dövlətçilik ənənələrinin, yəni müasir təbirlə deyilsə, siyasi mədəniyyətin formalaşmasında coğrafi amillərin rolunu xüsusi qeyd edirdi. Müasir şəraitdə Qərbdə geniş yayılan biososiologiya da insanların siyasi mədəniyyətini onların "genetik eqoizmi" ilə izah etməyə çalışır. Həmin təlimə görə, Qərb ölkələrində yüksək siyasi mədəniyyət "genetik eqoizmin" konformizə meyilinin güclü olması və hakimiyyət təsisatlarına tabeçilik iyerarxiyasının sadə mexanizmini yaratmaq səyləri nəticəsində mümkün olub. Siyasi mədəniyyətin bioloji amillərlə izah edilməsi cəhdlərinin ideoloji mahiyyətini, yəni tarixin müəyyən keçid dövründə sosial inkişafın yüksək pilləsinə qalxmağa müyəssər olmuş xalqların xüsusi keyfiyyətlərə malik olduğunu sübuta yetirmək məqsədlərini bir kənara qoyaraq, qeyd edə bilərik ki, siyasi mədəniyyət uzun əsrlər boyu kök atan milli adətlərlə, ənənələrlə, stereotiplərlə qovuş duğun - dan, onu bütünlükdə millət anlayışından, onun özünü dərketməsi və özünü ifadə etməsi keyfiyyətlərindən ayrıldıqda qavramaq qeyrimümkündür. Uzun müddət insanların davranışında, dünyagörüşündə kök salan prinsiplər, qaydalar, üsullar, dəyərlər, baxışlar və s. təbii ki, stereotipləşir, bir növ genetik yönümlü daimilik xarakteri kəsb edir. Buna görə də, hər hansı bir xalqın siyasi mədəniyyətinin genetik məzmunu da sosial və tarixi kontekstdən kənarda izah edilə bilməz. Deyiləni sübuta yetirmək üçün müəyyən ya kənar, ya da qeyriənənəvi amillərin təsiri altında siyasi sistemin yeniləşməsi sayəsində xalqın siyasi mədəniyyətində qısa vaxtda köklü dəyişikliklərə aid çoxsaylı misallar gətirmək olar. 20-ci əsrin 20-ci illərində yaradılan Türkiyə Cümhuriyyətinin demokratik yönümünün qələbəsi əsas etibarilə vətəndaşların demokratik məzmunlu siyasi mədəniyyətinin formalaşmasına təminat vermişdir.
Siyasi mədəniyyəti oxşar növlərdən fərqləndirən, onun spesifikliyini göstərən bir çox əlamətlər mövcuddur. Həmin əlamətlərin müəyyənləşdirilməsi bütünlükdə haqqında söhbət gedən hadisəni öyrənmək baxımından əhəmiyyətlidir. Ədəbiyyatda siyasi mədəniyyətin aşağıdakı elementləri sadalanır: a) hakimiyyətə münasibət. Siyasi mədəniyyət, qeyd edildiyi kimi, vətəndaşların hakimiyyətə münasibətini ifadə etmək forma və metodlarının məcmusu olduğundan, göstərilən əlamət müəyyən mənada bu sosial hadisənin ən ümumi səciyyəsi, təzahür forması keyfiyyətində çıxış edir; b) siyasi mədəniyyətin digər vacib əlaməti siyasi fəaliyyətin davranış üsuludur. Siyasi mədəniyyətin bu təzahür formasında əsasən siyasi sistemin tətbiq etdiyi siyasi ağalıq, idarəçilik üsulu özünün ifadəsini tapır. Siyasi mədəniyyətin qeyd edilən birinci əlamətində söhbət vətəndaşların hakimiyyətə münasibətindən gedirsə, ikinci halda hakimiyyətin cəmiyyət üzvlərinə münasibəti, onları dövlət həyatında iştiraka cəlb etmək və ya belə iştirakçılıqdan özgələşdirmək səylərinin, üsul və vasitələrinin məcmusu nəzərdə tutulur; c) siyasi mədəniyyətin digər əlaməti vətəndaşların siyasi qərarların qəbul edilməsi prosesinə təsir göstərmək imkanı hesab edilir. Bu əlamət əvvəldə söhbət gedən iki əlaməti birləşdirərək onların bir növ məntiqi davamı kimi ortaya çıxır; d) siyasi mədəniyyətin əlamətlərindən biri də cəmiyyətin siyasi əhval-ruhiyyəsi, psixoloji yönümü sayılır. Məsələn, bu və ya digər konkret şəraitdə inqilabi yaxud liberal, ekstremist yaxud barışdırıcı psixoloji yönüm hakim mövqe tuta bilər.
Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında mühüm rol oynayır. Hər şeydən əvvəl o, siyasi proseslərə və təsisatlara müəyyən təsir göstərir. Onun sayəsində siyasi həyatın ənənəvi təşkili formaları mühafizə edilir, qorunub saxlanılır. Siyasi mədəniyyətin mühafizə funksiyası cəmiyyəti siyasi təlatümlərdən, kataklizmlərdən qoruyur. Eyni zamanda siyasi mədəniyyətin mühafizəkarlığı siyasi həyatda ənənəvi norma və meyllərin təsir gücünü artırır, onların dəyiş - dirilməsi qarşısında əngələ çevrilir.
Bundan başqa, tədqiqatçılar siyasi mədəniyyətin aşağıdakı funksiyalarını da göstərirlər:
■insanın müəyyən qrupa aid olduğunu dərk etməyə və həmin qrupun mənafelərini ifadə etmək üçün məqbul davranış forması seçməyə kömək göstərən indentifikasiya funksiyası;
■fərdin siyasi hadisələrin mahiyyətini dərk edərək müəyyən siyasi sistemdə öz yerini və imkanlarını müəyyənləşdirməyə - siyasi davranış norma və vərdişləri əxz etməyə yönəlmiş sosiallaşma funksiyası;
■konkret siyasi sistem daxilində müxtəlif yönümlü siyasi qüvvələrin yanaşı yaşamasını və beləliklə də cəmiyyətin bütövlüyünü təmin edən inteqrasiya funksiyası;
■hamılıqla dərk edilən qaydaların, normaların və stereotiplərin tətbiq edilməsi vasitəsilə hakimiyyət təsisatlarının, siyasi fəaliyyət subyektlərinin qarşılıqlı əlaqəsini təmin edən kommunikasiya funksiyası.
Qeyd edilənlər siyasi sistemə xas olan və ən çox təzahür edən funksiyalardır. Həmin funksiyaların səciyyəvi cəhəti siyasi mədəniyyətin pozitiv məqamlarının üstünlük təşkil etməsindədir. İctimai ahəngdarlığın, siyasi sistemin normal fəaliyyətinin pozulduğu cəmiyyətlərdə siyasi həyata yuxarıda göstərilənlərin əksinə olan təsir vasitələrinə çevrilən siyasi mədəniyyət tipinin qərarlaşması təhlükəsi yaranır.
|