5. Demokratiya anlayışı , taixi inkişaf mərhələləri, mülki cəmiyyət
"Demokratiya" anlayışı bəşəriyyətə iki min beş yüz ildən artıq tanışdır. İlk dəfə Fukididin işlətdiyi bu qədim yunan sözü "xalq hakimiyyəti" mənasını verir. Qədim yunanlarda dövləti idarə etməyin xüsusi forması kimi qəbul olunan demokratiya müasir dünyada yeni məna çalarları kəsb edərək çoxşaxəli sosial hadisə qismində təzahür edir.
Müasir anlamda "demokratiya" termini bir neçə mənada işlədilir. Onun ən geniş yayılmış məna çaları həmin sözün etimologiyası ilə bağlıdır. Bu mənada, demokratiya, hər şeydən əvvəl, xalq hakimiyyətinə əsaslanan dövlət quruluşu forması kimi başa düşülür. Lakin demokratiya anlayışı yalnız dövlət formasına müncər edilmir, o, daha geniş hüdudlara və məna çalarlarına sahibdir. Buna görə də demokratiya adı altında bütövlükdə cəmiyyətin, cəmiyyətlə vətəndaşların müəyyən dəyərlər sisteminə və dünyagörüşünə əsaslanan ictimai quruluşu, habelə insanların iyerarxik (şaquli) şəxsiyyətlərarası münasibətlərini tənzimləyən norma və prinsiplərin məcmusu başa düşülür.
Demokratiya ideyasının əsasını insanların azadlığı və bərabərliyi kimi sosial-siyasi dəyərlərin dərk edilməsi və zəruriliyinin qiymətləndirilməsi təşkil edir. Demokratiya ideyasını ilk irəli sürən - lərdən biri olan Herodot onu belə ifadə etmişdi: demokratiya bəra - bər liyə əsaslanan dövlətdir (qədim yunanlar belə dövləti izonomiya adlandırırlar.).
Hələ qədimdən demokratiyanı səciyyələndirən ən önəmli keyfiyyətlərdən biri onun çoxluğun hakimiyyətinə əsaslanan quruluş kimi qavranılmasıdır. Demokratik quruluşu səciyyələndirmək üçün Fukididin tərifi buna misal ola bilər. O yazırdı: "Bu quruluş ona görə demokratik quruluş adlanır ki, o, vətəndaşların azlığına deyil, çoxluğuna əsaslanır".
Demokratiyanın xalq hakimiyyəti, çoxluğun hakimiyyəti kimi səciyyələndirilməsi özünün təzahürünü konkret dövlət formasında tapır. Buna görə də, siyasi elmin nöqteyi-nəzərinə görə, demokratiya, hər şeydən əvvəl, dövlət quruluşu forması keyfiyyətində qavranılır. Antik siyasi fikirdə əsası qoyulmuş bu ənənə bu günə qədər öz ilkin mənasını qoruyub saxlamışdır. T. Hobbsun fikrincə, demokratiya elə dövlət formasıdır ki, burada ali hakimiyyət istisnasız olaraq bütün vətəndaşlara məxsusdur. Ş.Monteskyenin fikrincə isə, əgər respub li - ka da hakimiyyət xalqa məxsusdursa, onda bu, demokratiyadır. O belə hesab edirdi ki, demokratiya xalq suverenliyinin eynidir.
Dövlət idarəçiliyi forması olmaq etibarilə demokratiya bir sıra səciyyəvi əlamətlərlə fərqlənir. Ədəbiyyatda bu baxımdan, demokratiyanın aşağıdakı əlamətləri sadalanır:
1.Xalqın suverenliyinin, hakimiyyətinin hüquqi cəhətdən tanınması və təsisatlanmış şəkildə ifadə olunması. Demokratiyanın ən önəmli prinsipi xalqın hakimiyyətin mənbəyi rolunda çıxış etməsinə təminat verməsidir. Xalqın suverenliyi ondan ibarətdir ki, məhz xalq hakimiyyəti formalaşdırır, yəni dövlət hakimiyyətini təsis etmək onun səlahiyyətidir.
2.Əsas dövlət orqanlarının seçkili olması. Bu prinsipin demokratiyanın təmin edilməsi baxımından səmərəsindən o zaman söhbət gedə bilər ki, əvvəla, seçkilər mütəmadi olaraq keçirilsin, ikincisi, formal xarakter daşımasın, üçüncüsü, seçilən orqanların və səlahiyyətli şəxslərin səlahiyyət müddətləri məhdudlaşdırılsın. Demokratiyanı qədim dövlətlərdə çarların seçilməsi ilə yaradılan monarxiyalardan məhz bu cəhətlər fərqləndirir (seçilən hökmdarlar ömürlük hakimiyyətdə olurdular).
3.Dövlətin idarə olunmasında vətəndaşların hüquq bərabərliyi. Bu prinsipin ən elementar tələbi öz ifadəsini seçki hüququnun ədalətliliyində tapır. Demokratik cəmiyyətdə bütün vətəndaşlara həm seçməkdə, həm də seçilməkdə tam bərabər hüquqlar və imkanlar təmin edilməlidir. Əvvəllər müxtəlif formalarda tətbiq edilən seçki senzləri müasir demokratik ölkələrdə minimuma endirilmiş, bu sahədə mövcud olan digər məhdudiyyətlər rasional formada aradan qaldırılmış və ya aradan qaldırılmaqdadır. Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək üçün hüquq bərabərliyi siyasi partiyalar, müxtəlif ictimai təşkilatlar yaradaraq hakimiyyət uğrunda mübarizədə iştirak etməsində, öz fikrini bildirməsində, hakimiyyətə bu və ya digər formada təsir göstərməsində özünü göstərir.
4.Qərarların çoxluq tərəfindən qəbul edilməsi. Demokratiya hansı formada təzahür etməsindən asılı olmayaraq çoxluğun hakimiyyətidir. Demokratik prosedurlarda, xüsusilə də dövlət hakimiyyəti strukturlarının formalaşdırılması zamanı tələb olunan xalqın çoxluğu anlayışının müəyyən hallarda nisbi xarakter daşı ma - sına baxmayaraq, demokratiya şəraitində hakimiyyət məhz çoxluğun iradəsinin ifadəsi kimi qərarlaşır. Xalq hakimiyyəti olmaq etibarı ilə demokratiyanın mahiyyəti dövlətin xüsusi formasının qərarlaşması ilə yanaşı, vətəndaşların hakimiyyətə yaxınlaşmasına imkan yaradan bir sıra demokratiya təsisatlarının yaradılması vasitəsilə reallaşır. Dövlət cəmiyyətin yeganə təşkilat strukturu deyildir. Dövlətlə bərabər cəmiyyətdə bir sıra strukturlar, birliklər və təsisatlar qərarlaşır və cəmiyyətin idarə olunmasında iştirak edir. Buna görə də xalq hakimiyyəti ideyasının tam və qəti qələbəsi əhəmiyyətli dərəcədə həmin qeyri-dövlət strukturlarının fəaliyyəti ilə əlaqədardır. Əslində, bu təsisatlar vətəndaşların dövlət, idarəçiliyinə cəlb olunmadan cəmiyyətin idarə edilməsi prosesində iştirakını mümkünləşdirir və buna görə də demokratik təsisatlar statusu qazanmış olur. Göstərilən kontekstdə demokratiyanın geniş intişar tapması vətəndaş cəmiyyəti əsaslarının genişlənməsinə dəlalət edir. Vətəndaşların müxtəlif siyasi partiyalarda birləşməsi, təzyiq qrupları yaratması yolu ilə hakimiyyətə təsir göstərmək, bu və ya digər qrup mənafelərindən irəli gələn problemlərin həllinə nail olmaq imkanı demokratiyanın önəmli prinsipi kimi əhəmiyyətli rol oynayır. Çünki dövlət forması olaraq demokratiya çoxluğun iradəsilə qərarlaşmış hakimiyyəti ifadə etdiyi halda, yuxarıda şərh olunan prinsip bir tərəfdən hakimiyyətin bütün vətəndaşların, bütün əhalinin mənafeyinə xidmət göstərməsinə zəmin yaradır, digər tərəfdən isə siyasi hakimiyyətin tədricən vətəndaşların ayrı-ayrı birlikləri və ya ittifaqları arasında paylanmasını şərtləndirir. Vətəndaşların birləşdikləri siyasi və digər birliklər və ittifaqlar onların hüquqları və azadlıqlarının müdafiəsini təmin edir, əhalinin mənafeyini ifadə edərək vətəndaşla mərkəzi hakimiyyət arasında bir növ vasitəçi funksiyasını yerinə yetirir. Demokratiyanın yuxarıda sadalanan iki əsas məna çalarının təhlili onun yeni bir məna çalarının və ya qavranılma formasının meydana çıxmasını əsaslandırır. Bir çox hallarda demokratiya anlayışı siyasi rejim anlayışı ilə eyniləşdirilir. Siyasi rejim anlayışını dövlətdən fərqləndirən odur ki, o, cəmiyyətin siyasi təşkili formalarının məcmusu kimi təzahür edir. Siyasi rejim dövlətin, vətəndaşların hüquq və azadlıqları sisteminin, cəmiyyətdə qərarlaşmış müxtəlif qeyri-dövlət siyasi strukturlarının sistemli məcmusudur. Bununla əlaqədar olaraq demokratiyanın siyasi sistemin xüsusi forması kimi qavranılması demokratiyanın əvvəldə göstərilən iki qavrama formalarının sintezini nəzərdə tutur.
Demokratiya bəşəriyyətin yaratdığı dövlət forması, siyasi rejim növü olaraq qalmır. O həm də cəmiyyətin siyasi təşkilində insanların daim can atdığı bəşəri idealdır. Demokratiya ideyalarının bütün tarix boyu xalq arasında populyarlığı, cazibədarlığı azadlıq, bərabərlik, şəxsiyyətin ləyaqətinə hörmət kimi əbədi dəyərlərə əsaslanan ideal olmasındadır. İnsanların, xalqların demokratiya uğrunda mübarizəsi primitiv bərabərlik prinsiplərinin təsis edilməsindən başlayaraq bu ideala addımbaaddım yaxınlaşmaq uğrunda mübarizəni xatırladır. Lakin heç vaxt heç bir ölkədə demokratiya təxəyyüldə canlandırılan ideala tam uyğun olmayıb. Buna görə də adi insanlar arasında da, siyasətşünaslar arasında da nə vaxtsa həqiqi demokratiyanın qərarlaşması şübhə altına alınır. Müxtəlif tarixi mühitdə, ayrı-ayrı ölkələrdə demokratiya adı altında bir-birindən kəskin fərqlənən dövlət quruluşu formalarının, siyasi rejimlərin qurulması da demokratiya haqqında ideal təsəvvürlərin real gerçəklikdə rast gəlinən xalq hakimiyyəti prinsiplərindən xeyli fərqləndiyindən xəbər verir. Demokratiya prinsipləri həyatda geniş tətbiq edildikcə xalq hakimiyyəti haqqında idealların real gerçəkliyin tələbləri ilə ziddiyyəti aydın şəkildə özünü büruzə verir. Bütün dövlətlərin demokratiya tarixi göstərir ki, xalqın idarə etməsi qeyri-mümkün olduğu kimi, hakimiyyətin bütün mərhələlərdə xalqın əlində olması ideyası da reallıqdan uzaqdır. Müasir demokratiya nəzəriyyələri reallıqdan əxz edilən təcrübəyə əsaslanaraq demokratiyanı konkret fərd lərin, liderlərin xalqın səsvermədə etimadını qazanmaq uğ - run da rəqabətinə əsaslanan idarəetmə forması kimi qiymətləndirirlər (İ. Şumpeter). Çağdaş demokratik ölkələrdə qərarlaşmış idarəetmə formasını xalqın rəqabət mübarizəsində seçdiyi azlığın idarəçiliyi hesab edən Robert Dal belə dövlətləri "poliarxiya" adlandıraraq, həqiqi demokratiyanı bütün vətəndaşların idarəçilikdə iştirakını nəzərdə tutan və bu günədək heç bir yerdə həyata keçirilməyən ideal hesab edir.
|