SİYASİ PARTİYALAR- Vətəndaş cəmiyyətinin təhlili zamanı qarşıya çıxan ilk təsisat siyasi partiyalardır. Siyasi partiyalar vətəndaş cəmiyyəti ilə dövlət arasında əlaqələndirici vəsilə kimi çıxış edirlər. Siyasi partiyalar 20-ci yüzilliyin sonlarında dünyanın siyasi mənzərəsinin ayrılmaz ünsürünə çevrilmişdir. Hazırda, demək olar ki, bütün ölkələrdə bu və ya başqa sayda siyasi partiya və partiya sistemi fəaliyyət göstərir. Bununla belə, partiyaların yaranması prosesi bu gün də davam edir, siyasi nəzəriyyələrdə isə bununla bağlı mübahisələr və fikir ixtilafları bir an da kəsilmir. Politologiyanın xüsusi bir bölməsi – partologiya həmin məsələləri öyrənməklə məşğuldur. Politologiyada siyasi partiyaların meydana gəlməsi barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri yazırlar ki, siyasət adlanan fəaliyyət növü meydana gələn gündən partiyalar da mövcuddur; dəyişən yalnız onların funksiyaları və cəmiyyətin onlara münasibəti olmuşdur. Kontinental Avropa politoloqları əsas etibarilə belə hesab edirlər ki, partiyalar ümumi seçki hüququnun verilməsi ilə eyni vaxtda meydana gəlmişlər. Onların fikrincə, Fransa inqilabı zamanı yaranmış "klublar", cəmiyyətlər və siyasi qruplar hazırkı partiyaların ilkin nümunələri olmuşlar. Buradan çıxış edən M.Düverje təsdiq edir ki, müasir siyasi partiyaların yaranması Qərb demokratiyasının inkişafı ilə bağlıdır.Partologiyada daha geniş yayılmış ingilisamerikan konsepsiyasına görə, hazırkı mənasında siyasi partiyaların tarixi 17-18-ci əsrlərdən başlanır. Hələ 17-ci əsrdə siyasi fikirdə belə bir rəy hakim idi ki, bir-biri ilə rəqabət aparan partiyalar (onları çox vaxt "fraksiyalar" adlandırırdılar) cəmiyyətin sağlamlığı üçün ziyanlıdırlar, çünki onlar sosial orqanizmin məhsuldar fəaliyyətinin qarşısını almaqla, onu parçalayır və beləliklə dağıdırdılar. 17-ci əsrin 70-80-ci illərində İngiltərədə ilk həqiqi partiyaların meydana gəlməsi ilə əlaqədar təşəkkül tapan yeni siyasi reallıq nəzəriyyədə çevriliş etdi. Artıq 18-ci əsrin əvvəllərində Patterson belə hesab edirdi ki, partiyalar labüdən özlərində xeyir və şəri birləşdirir və bununla da cəmiyyətə sağlam yarış ruhu gətirirlər. O, "fraksiya" termininə qarşı çıxış edərək, cəmiyyətin təbii bir hissəsi olan bu partiyaları linqvistik cəhətdən daha düzgün adlandırmağın vacib olduğunu qeyd edirdi. Beləliklə, 17-ci əsrdən başlayaraq, partiyaların yaranması və tarixi təkamülü məsələləri geniş tədqiq olunmağa başlandı. M.Veberin fikrincə, siyasi partiyalar öz inkişafında üç əsas mərhələdən keçmişlər: 1. Aristokratik qruplaşmalar. 2. Siyasi klublar. 3. Kütləvi partiyalar. Aristokratik qruplaşmalar antik dövrdə Qədim Yunanıstanda və Romada mövcud olmuş, orta əsrlərdə isə İngiltərədə geniş yayılmışlar ("viqilər" və "torilər'). Orta əsrlərdə bu qruplaşmalar parlament çərçivəsində fəaliyyət göstərən, əsas etibarilə dini əlamətinə, yaxud bir- biri ilə rəqabət aparan kral sülalələrinə mənsubiyyətinə əsasən bir-birindən fərqlənən seçki komitələri kimi təzahür edirdilər. Onlar seçki kompaniyası üçün pul toplayır, yerli nobilitet (zadəganlar, əyanlar) tərəfindən namizədlərə yardım edilməsini təmin edirdilər. 18-19-cu əsrlərdə əsas etibarilə həmin aristokratik qrup laş ma - lardan daha möhkəm ideoloji və təşkilati əlaqələrə malik olan siyasi klublar yarandı. Aristokratik qruplaşmalardan fərqli olaraq, siyasi klubların sosial bazası daha geniş idi, onlara artıq siyasi fəaliyyət meydanına atılmış burjuaziyanın, şəhərlərin orta təbəqələrinin nümayəndələri daxil olurdular. 20-ci əsrin əvvəllərində Avropada ilk siyasi partiyalar yarandı. Tərkibinin kütləviliyi, seçicilərə təsir göstərmək üçün mübarizə və böyük təsir vasitələri ilə onlar siyasi klublardan fərqlənirdilər. Mövcud ədəbiyyatda göstərilir ki, cəmiyyətdə real qüvvə kimi çıxış edən orta təbəqələrin siyasi fəallığının artması, vətəndaşların hüquqlarının genişlənməsi, xalqların milli mənlik şuurunun artması və s. siyasi partiyaların formalaşmasına təsir edən başlıca amillər olmuşlar. Bundan əlavə, partiyaların yaranması vətəndaş cəmiyyə - tinin və insanların siyasi şüurunun inkişaf etməsinin nəticəsi olmuş - dur. Nəhayət, partiyalar hər bir ölkənin tarixi inkişafının məhsuludur. Partiyaların tarixi təkamülü elitar partiyaların kütləvi partiyalara çevrilməsi istiqamətində getmişdir. Belə ki, ilk öncə elitar xarakter daşıyan, nisbətən dar bir qrupun mənafeyini ifadə edən bu partiyalar, geniş xalq kütlələrinin siyasi mübarizəyə qoşulması və bu kütlələri öz tərəfinə çəkmək zərurətinin ortaya çıxması nəticəsində, çox keçmədən kütləvi siyasi təşkilatlara çevirildilər. İlk belə kütləvi partiya - "Seçkiləri qeydə almağın liberal yoldaşlığı - 1861-ci ildə İngiltərədə yaradıldı. Onun ardınca, 1863-cü ildə Almaniyada F.Lassalın "Ümumalman fəhlə ittifaqı” adlı kütləvi fəhlə partiyası meydana gəldi. Sonradan Avropanın demək olar bütün ölkələrində kütləvi siyasi partiyalar yaranmağa başladı. Qeyd etmək lazımdır ki, müasir dövrdə mövcud olan siyasi partiyalardan ancaq İngiltərə mühafizəkarlar partiyası yuxarıda göstərdiyimiz mərhələlərin hamısından keçmişdir. Yerdə qalan partiyalar isə əsasən sonuncu mərhələdə yaranmış partiyalardır. Belə olduqda, sual ortaya çıxır: müasir partiyalar necə yaranır? Hazırda parlament partiyaları, bir qayda olaraq dünya sivilizasiyası üçün ənənəvi olan sxem üzrə yaranır. Bu prosesdə iki qrup amil iştirak edir: müəyyən bir siyasi istiqamətə mənsub olan deputatları (yaxud yerli hakimiyyət orqanlarındakı nümayəndələri) birləşdirən parlament qrupu; müxtəlif səviyyəli seçki komitələri. Bu iki qrupun bir-bir ilə sıx əməkdaşlığı artıq yeni partiyanın yaranma - sın dan xəbər verir.
Partiyanın aşağı orqanları və strukturları isə sonradan yaranır. Bu və ya başqa partiyanın parlament partiyasına çevrilməsi isə ümummilli seçkilər nəticəsində baş verir. Hər hansı bir siyasi partiya qanunvericiliyin müəyyən etdiyi sayda deputat mandatına (adətən bu hədd elektoratın 3-8 faizi qədər müəyyən edilir) sahib olursa, onda o, parlament partiyası olur. Kiçik partiyalar isə bu məqsədə çatmaq üçün adətən koalisiyalarda (ittifaqlarda) birləşməli olurlar.
Partiyaların yaranmasının başqa yolları da vardır. Belə ki, məsələn, tarixdən bizə çox yaxşı bəlli olan kommust partiyaları bir qayda olaraq, sosial-demokrat partiyalarınının qalıqlarından və yaxud qeyri-leqal şəraitdə fəaliyyət göstərən sui-qəsdçi qruplardan yara - nırdılar.
Leyborist partiyası, yuxarıda qeyd etdik ki, həmkarlar ittifaq - larının fəaliyyəti nəticəsində yaranmışdı. Xristian demokrat partiya - larının yaranması isə katolik hərəkatının nəticəsi olmuşdur.
|