Totalitarizm Qeyd etmək lazımdır ki, əsrimizin 20-ci illərinədək olan dövrdə siyasi ədəbiyyatda totalitar (latın dilində "bütün, bütöv, tamam, ümumi" mənasını verir) termininə təsadüf olunmur. 20-ci illərin əvvəllərində ilk dəfə bu termin İtaliyada Mussolininin faşist rejimini səciyyələndirmək üçün istifadə edilmişdi. Öz tənqidçilərindən bu termini mənimsəyən Mussolini İtaliya filosofu Covanni Centilenin xalqın mənəvi ruhunun təcəssümü, total siyasi strukturlarda fərdin əriyib itməsini nəzərdə tutan totalitar dövlət qurmaq ideyalarından istifadə edərək, belə bir dövləti qurmağı öz qarşısına məqsəd qoydu. Almaniyada faşist rejiminin qurulması politoloqları həmin anlayışa bir daha müraciət etməyə məcbur etdi. XX əsrin 40-50-ci illərində totalitarizm nəzəriyyəsi əsasən formalaşıb başa çatdı. Totalitarizm məsələləri üzrə ilk müfəssəl elmi əsərlər F.Xayekin "Rəzilliyə aparan yol"(1944), X.Areidin "Totali - tarizmin mənbələri" (1951), K.Fridrix və Z.Bjezinskinin "To tali tar diktatura və avtokratiya" (1956) kitablarıdır. Totalitarizm siyasi həyatın reallığı kimi 20-ci əsrdə meydana gəlsə də, onun ideya əsasları qədim köklərə malikdir. Hələ lap qədim dövrlərdə fərdin dövlətin tam tabeliyində olması haqqında baxışlar mövcud idi. Eramızdan əvvəl 5-ci əsrdə Heraklit yazırdı ki, müdriklik və alimlik zirvəsinə yüksələrək "bütün əşyaları qəti şəkildə idarə etmək mümkündür". Bu ümumi fəlsəfi dünyagörüşü sonralar Platonun siyasi baxışlarında öz əksini tapır və o, insanların total şəkildə dövlət tərəfindən idarə edildiyi cəmiyyət modelini təsvir edir. Totalitarizmin ideya əsaslarının inkişaf etdirilməsində utopik sosializmin nüma yən də lə ri T.Morun, T.Kampanellanın, Sen-Simo - nun, J.J.Rus sonun təlimlərinin xüsusi rolu olmuşdur. Bu ideya K.Mark sın, V.İ.Leninin siyasi baxışlarında daha qabarıq şəkildə üzə çıxır.
Totalitarizmin meydana gəlməsi müəyyən ictimai şərait zəminində mümkün olmuşdur. Onun ən ümumi şərti cəmiyyətin öz inkişafının sənaye mərhələsinə qədəm qoyması hesab olunur. Bu mərhələ kütləvi kommunikasiya sistemlərinin yaradılması, ictimai əlaqə və münasibətlərin mürəkkəbləşməsi, şəxsiyyətin davranışı və bütün həyatı üzərində nəzarəti həyata keçirməyə, ona fasiləsiz güclü ideoloji təsir göstərməyə imkan verən texniki vasitələrin icad edilməsi ilə səciyyələnir. Güclü inhisarçı təşkilatlar bütöv sahələri öz nəzarəti altına alır, dövlətin funksiyalarının genişlənməsi ilə bütün cəmiyyətin total surətdə idarə edilməsi sisteminə keçməyin mümkünlüyü haqqında illüziyaların yaranmasına gətirib çıxarır. Totalitarizmin yaranmasına səbəb olan amillərdən biri də cəmiyyət həyatının mürəkkəbləşməsi, onun rasional idarə edilməsi ilə şəxsiyyətin azadlığı arasında ziddiyyətin dərinləşməsi hesab edilməlidir. Mussolini İtaliyada qurduğu total siyasi rejimə haqq qazandırmağa çalışaraq deyirdi: "Biz ilk dəfə olaraq bəyan etdik ki, sivilizasiya mürəkkəbləşdikcə şəxsiyyətin azadlığı məhdudlaşır". İnkişafın sənaye mərhələsi kollektiv dünyagörüşünün qərarlaşmasını nəzərdə tutur. Onun növ müxtəlifliyi olan kollektivmexaniki baxışlar sistemi ətraf mühiti böyük mexaniki sistem kimi qavrayır. Bu sistemin idarə edilməsi sistemin bütün sahələrinə nəzarət etmək iqtidarında olan ideal dövləti nəzərdə tutur. Totalitarizmin yaranmasında sənaye mərhələsində meydana çıxan yeni sosial əlaqələr sisteminin insanlarda doğurduğu psixoloji uyğunsuzluq və narahatçılıq halı da mühüm rol oynayır. Totalitarizmi yaradan siyasi şərtlər isə bunlar hesab olunur: cəmiyyətin totalitar hərəkatının nüvəsini təşkil edən sosial qruplardan ibarət siyasi qüvvənin yaranması (buraya əsasən marginal qruplar daxildir) və ifrat ideyalaşmış, güclü intizama əsaslanan, yarımhərbi struktura malik siyasi partiyaların təşkil edilməsi.
Totalitarizm nəzəriyyəsində bu siyasi rejimi səciyyələndirən əsas cəhətlər kimi aşağıdakılar göstərilir:
■totalitarizm elə bir rejimdir ki, orada vahid kütləvi partiya vardır və bütün hakimiyyət ona tabedir:
■partiyanın özü demokratik yolla deyil, liderin ətrafında təşkil olunmuşdur;
■cəmiyyətdə müəyyən bir ideologiya hakimdir;
■ictimai həyatın bütün sferaları total nəzarət altındadır;
■terrorçu polis nəzarəti vardır. Polis bütün ölkələrdə olsa da, yalnız bu rejimdə o, terrorçu rolunu oynayır. Kiminsə cəzalan dırıl - ması üçün onun günahını məhəkəmə yolu ilə sübut etməyə ehtiyac yoxdur.
Totalitarizm cəmiyyətin və fərdin bütün həyatını dövlətin rasional nəzarəti altına qoymaq cəhdlərinin nəticəsi olaraq meydana gəlmişdir. Buna görə də onun meydana gəlməsində və fəaliyyət göstərməsində ideologiya mühüm rol oynayır.
Totalitar cəmiyyətin ən səciyyəvi cəhəti bütün ictimai həyatın qəti şəkildə ideologiyalaşması, iqtisadi, sosial və mənəvi prosesləri bütünlükdə müəyyən baxışlar sistemi çərçivəsinə salmaq cəhdləridir. Həm də totalitar ideologiya ifrat fəal formada təzahür edir, bir növ inqilabi mahiyyət daşıyır. Onun başlıca xüsusiyyəti yeni cəmiyyət və yeni insan formalaşdırmaq zərurətini əsaslandırmaqdır. Totalitarizm ideologiyası ictimai həyatda paternalist münasibətləri, bütün cəmiyyətin liderin atalıq qayğısı sayəsində ədalətlə idarə olunması haqqında ideyanı yaymaq məqsədi güdür. İdeoloji təsir vasitələrinin geniş sisteminin yaradılması ideologiyanı cəmiyyətdə ən güclü amilə çevirir, insanların daim ideoloji pressinqdə qalmasını şərtləndirir. İnformasiya mənbələrinin dövlətin əlində cəmləşməsi və hakim ideologiyanın məqsədlərinə tabe edilməsi azadfikirliliyin, cəmiyyətə yad ideyaların daxil olmasının qarşısının alınmasında ən sınanmış metod kimi istifadə olunur. Siyasi ideologiyanın hakim mövqeyi ona tamamilə tabe edilmiş hakimiyyətin cəmiyyətin bütün sferalarına nüfuz etməsi, hakimiyyət aparatının ifrat dərəcədə böyüməsi ilə təmin edilir. Totalitarizm vətəndaş cəmiyyətinə zidd olduğundan, insanların sərbəst birliklərinə, mənafelərini ifadə etməsinə dözmür. Bu rejimdə siyasi müxalifətə yer yoxdur, rəsmi hakimiyyət və yeganə partiya bütün xalqın iradəsinin ifadəçisi olduğunu bəyan edir. Totalitarizm özünəməxsus sosial və iqtisadi münasibətlər yaradır. O, müəyyən sinfin, sosial qrupun, millətin üstünlüyünü bəyan edir, cəmiyyətdə məcburilik metodları vasitəsilə arzuolunan yekcinslik yaratmağa can atır. Bu isə əhalinin lümpenləşməsinə gətirib çıxarır. İqtisadiyyatda dövlət hökmranlığı, təsərrüfat həyatında müx tə - lif liyin aradan qaldırılması, xüsusi mülkiyyətə yol verilməməsi, rəqabətin qarşısının alınması totalitarizmin parametrləri sayılır. Totalitarizm bir sıra formalarda mövcud olmuşdur. Politoloqlar onun kommunizm, faşizm və milli sosializm kimi formalarını gös - tə rirlər. Siyasi praktikada totalitarizmin ilk forması kommunizm olmuşdur. Sovet siyasi rejimi totalitarizmin ən xarakterik, onun bütün əlamətlərini və xüsusiyyətlərini tam əks etdirən forması hesab olunur. Totalitarizmin ikinci tarixi forması 1922-ci ildə İtaliyada qurulan faşist rejimidir. İtaliya faşizminin xüsusiyyəti ondadır ki, o, yeni total cəmiyyət qurmaq deyil, Roma imperiyasını 20-ci əsrdə bərpa etmək, antik dövrün güclü hakimiyyəti formasını canlandırmaq məqsədi güdür. Totalitarizmin üçüncü forması 1933-cü ildə Almaniyada milli sosializm ideologiyası zəminində qurulan siyasi rejim sayılır. Milli sosializm faşizm və sovet kommunist sisteminin bir çox cəhətlərini özündə birləşdirir. Sovet sistemində "sinif" amili rolunda burada "millət" çıxış edir. Totalitarizmin sosial və dövlət həyatının bütün sahələrində ciddi şəkildə riayət edilən, mühafizə edilən və zahirən sarsılmaz vahid prinsiplər sistemi kimi təzahür etməsi, habelə SSRİ-də rejimin uzun müddət dəyişmədən hökm sürməsi politoloqlar arasında belə bir qənaət yaratmışdı ki, totalitar rejimi islahatlar yolu ilə dəyişdirmək olmaz, o, ancaq məhv edilə bilər. Şübhəsiz, bu fikrin meydana çıxmasında faşist Almaniyasında totalitarizmin süqutu təcrübəsi böyük rol oynayıb. Lakin Xruşşovun vaxtında SSRİ-də baş verən dəyişikliklər politoloqlarda belə bir fikir yaratdı ki, totalitar rejimlər islahatlar yolu ilə dəyişdirilə bilər. Yenidənqurma illərində həmin fikrin tərəfdarları daha da çoxaldı. Bütün bunlara baxmayaraq, 1991-ci ilin avqust çevrilişi və ondan sonra baş verən hadisələr - SSRİ-nin qəti surətdə dağılması həmin fikirləri alt-üst etdi. Sübut olundu ki, doğrudan da, totalitar rejimi demokratik rejimə transformasiya etmək təcrübədə çox çətindir və çox zaman, ümumiyyətlə, mümkün deyildir. Bununla əlaqədar olaraq bir sıra politoloqlar "totalitar rejimə qədərki rejim" haqqında yazmağa başladılar. Tədqiqatçıların fikrincə, totalitar rejimə qədərki rejimin ən yaxşı nümunəsi Polşadır. Belə ki, sosializm quruculuğu illərində orada totalitar rejimin bir sıra əlamətləri yaransa da, bu proses axıradək başa çatmadı. Polşada iqtisadiyyat tam dövlət inhisarına alınmamış, kənd təsərrüfatı tamamilə kollektivləşdirilməmişdi. İntellektual həyat da total nəzarət altında deyildi. Nəticədə Polşa totalitar rejimin vətəni ola bilmədi. SSRİ tarixinin yenidənqurma dövrü posttotalitar rejimin təşəkkül tapdığı illər idi. Lakin SSRİ-nin dağılması nəticəsində onu təşkil edən keçmiş respublikaların ərazilərində siyasi rejim kökündən dəyişikliklərə uğradı. Bu dəyişikliklərin əsas məqsədi demokratiyaya doğru irəliləyiş və demokratiyaya keçid olmuşdur.
|