Avtoritarizm və onun dəyişilməsi meyli Latın dilində təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Sosiologiyada bu termin neomarksizmin nüfuzlu cərəyanlarından biri olan Frankfurt məktəbinin (ötən əsrin 30-cu illərində formalaşmışdır) nüma yəndə - ləri (Xorkhaymer, Adorno, Fromm, Markuze və b.) tərəfindən irəli sürülmüşdür. Avtoritarlığın totalitarlıqdan başlıca fərqi bundadır ki, burada hakimiyyət öz-özlüyündə total xarakter daşımır, yəni bu rejim vahid ideologiyaya deyil, milli birlik konsepsiyasına əsaslanır. Avtoritarlıq şəraitində ictimai həyatın siyasi hakimiyyət tərəfindən nəzarət edilməyən sahələri meydana çıxır, demokratik rejimin bəzi ünsürləri - seçkilər, siyasi partiyalar və s. mövcud olur, güclü siyasi hakimiyyət azad iqtisadiyyatla birləşir. Avtoritar rejim şəraitində siyasi fəaliyyət ciddi surətdə reqlamentləşdirilir. Buna uyğun olaraq burada fəaliyyəti reqlament - ləş diril miş leqal müxalifət mövcud olur. Bu rejimin antidemokratik xarakterini sübut edən mühüm cəhət ondan ibarətdir ki, burada baş verən sosial konfliktlər zamanı hakimiyyət orduya arxalanır. Vətəndaşların siyasi hakimiyyətə münasibəti özgələşmə ilə səciyyələnir, yəni onlar hakimiyyətdə iştirak etməkdən kənarda qalırlar. Ümumiləşmiş şəkildə avtoritar siyasi rejimə aşağıdakı xüsusiyyətlər xasdır:
1. Avtokratizm (təkhakimiyyətlilik) və ya hakimiyyətin məhdud qrupa mənsub olması. Avtoritar rejimin başında bir nəfər (monarx) və ya qrup (hərbi xunta, oliqarxiya qrupu və s.) durur.
2.Hakimiyyətin qeyri-məhdudluğu, onun vətəndaşların nəzarətindən çıxması. Avtoritar rejimlərdə qanunlar olur, lakin bu qanunların qəbul edilməsi rejimin başında duranın iradəsindən asılıdır və onun mənafeyinə tabe edilmişdir.
3.Hakimiyyətin gücə arxalanması. Bu cəhət avtomatik surətdə güc tətbiq olunmasında ifadə olunmur. Avtoritar rejim kütlə arasında populyarlaşmaq üçün müxtəlif vasitələrə əl atır, lakin əhalinin hər bir narazılığı müqabilində istənilən vaxt güc tətbiq edilir.
4.Hakimiyyət və siyasət inhisarlaşır, real gücü təmsil edən müxalifətə və siyasi rəqabətə imkan verilmir. Müxtəlif partiyaların mövcudluğu real həyatda müxalifətin müəyyən siyasi qüvvə kimi tanınması və xüsusilə də siyasi sistemin vacib ünsürü kimi qəbul edilməsi ehtimalından kənardır.
5.Siyasi elitanın təyinetmə yolu ilə formalaşması üsulunun üstün əhəmiyyət kəsb etməsi. Elitanın rəqabət mübarizəsi nəticəsində formalaşması avtoritarizmin sosial dayaqlarının həyati mənafelərinə zidd olduğundan, ona praktikada imkan verilmir.
6. Əhalinin siyasətdən özgələşməsi, hakimiyyətin və siyasətin inhisara alınması vətəndaşların bu sferalara müdaxilə etməsini məhdudlaşdırır. Rəsmi hakimiyyət əhalinin müxtəlif yollarla siyasətdən uzaqlaşdırılmasına çalışır. Bu məqsədlə istifadə edilən ən səmərəli üsullardan biri dövlətin iqtisadiyyatda vətəndaşlar üçün fəaliyyət azadlığı yaratmasıdır. Avtoritar rejimlər teokratik (İran), hərbi (S. Hüseyn dövründə İraq, M.Qəddafi dövründə Liviya və s.) və digər formalarda olur. Tarixən avtoritarlığın ən geniş yayılmış forması monarxiyadır. Bununla belə, heç də bütün monarxiyalar avtoritar rejimə əsaslanmır. Müasir dövrdə avtoritar rejimli monarxiyalar, bir qayda olaraq, inkişaf etməkdə olan ölkələrdir (İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı və s). Qərbi Avropanın monarxiya dövlətləri avtoritar rejimə aid deyil.
|