Hərəkət tərkibinin seçilməsi
Avtomobil nəqliyyatı vasitəsinin seçilməsi zamanı onun keyfiyyəti nəzərə alınmalıdır. Avtomobilin keyfiyyəti onun istifadə olunduğu müəyyən konkret şəraitdə baxılmalıdır.
Avtobusun növünün seçilməsi əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinə və hərəkət tərkibinin səmərəli istifadə olunmasına təsir göstərir. Ayrı=ayrı marşrutlarda işləyən hərəkət tərkibidaşımaların növünə uyğun olmaqla, marşrutun ən böyük sərnişin axınını təmin edəcək tutuma malik olmalıdır. Əks halda “pik” saatlarında əhalinin yerdəyişmələrə olan tələbatını ödəmək mümkün olmaz. Belə ki, marşruta sərnişin axınına uyğun gəlməyən sayda və tutumda hərəkət tərkibi buraxılarsa sərnişinlərin gediş rahatlığı pisləşər. Salonun 1 m2 sahəsinə düşən sərnişinlərin sayı layihədə nəzərdə tutulan həddən (salonun 1 m2 sahəsinə 5 nəfər) çox olar.
Böyük tutumlu avtobusların bütün gün ərzində kiçik sərnişin axınına və böyük qeyri-müntəzəmliyə malik olan marşrutlarda istifadə olunması məqsədə uyğun deyildir. Belə ki, bu hərəkət intervalını artırmaqla sərnişinlərin dayanacaqlarda çox vaxt itirməsinə, daşımanın maya dəyərinin yüksəlməsinə səbəb olur.
Güclü sərnişin axınına malik olan marşrutlarda kişik tutumlu avtobusların istismarı zamanı isə hərəkət intervalı kiçilir, hərəkət tərkibinə tələbat artır, küçə və yolların yüklənməsi yüksəlir, məhsuldarlıq aşağı düşür.
Avtobusların növü və tutumu elə seçilməlidir ki, onların sayı iqtisadi cəhətcə səmərəli olmaqla “pik” saatlarında hərəkət intervalının buraxıla bilən hədlərini təmin edə bilsin.
Taksi avtomobillərinin seçilməsi də istismar şəraitinin tələblərinə uyğun olaraq yerinə yetirilir. Taksi avtomobilləri aşağıdakı tələblərə cavab verməlidir:
Sürücü və sərnişin salonu bir-birindən təcrid olunmalıdır;
Sərnişin salonu yük yeri ilə birləşdirilməlidir;
Salonun qapısı kifayət qədər genişləndirilməlidir (qapı yana açılan olmalıdır)
Sərnişinlət taksinin salonunda üz-üzə oturma imkanına malik olmalıdırlar;
Taksi avtomobil nəqliyyat axınında uzaqdan seçilməlidir.
|