Avtonəqliyyat vasitələrinin təsnifatı.
Avtomobil nəqliyyatı vasitələri təyinatına, yol məhdudiyyətlərinə görə təsnif olunurlar. Təyinatına görə onlar nəqliyyat və xüsusi olaraq iki yerə ayrılırlar. Nəqliyyat avtomobilləri yük və sərnişinlərin daşınması üçün nəzərdə tutulur, xüsusi avtomobillərdə isə müxtəlif (tikinti, sanitar, yanğınsöndürən) qurğular quraşdırılır. Nəqliyyat avtomobilləri yük və sərnişin olaraq iki yerə bölünürlər. Yük nəqliyyat vasitələri ya ümumi təyinatlı kuzaya, ya da bir qrup yükün daşınması üçün olan xüsusiləşdirilmiş kuzaya malik olurlar. Sərnişin avtomobillərinə avtobuslar və minik avtomobilləri aiddir.
Yol hərəkəti haqqında beynəlxalq Konvensiyaya görə eyni zamanda 8 və daha çox sərnişin daşınması üçün nəzərdə tutulan sərnişin avtomobili avtobus adlanır. Avtobuslar təyinatına görə şəhər, şəhərətrafı, şəhərlərarası, yerli (kənd), turist, ekskursiya və məktəbli avtobuslarına bölünürlər.Şəhər avtobusları çoxyerli, vaqon tipli, enli qapılı (ən azı 2 qapı), geniş keçidli salona malikdir. Onlar yüksək dinamik və tormozlama keyfiyyətinə malik olmalı, yüksək çatdırma sürətini təmin etməlidir. Şəhərlərarası avtobuslarda sərnişin salonundan başqa əl yükləri (baqaj) üçün bölmə, soyuducu, paltar soyunma yeri olmalıdır. Sərnişin salonu sərnişin oturacaqları ilə tam təmin olunur, oturacaqlarda nizamlanan söykənəcəklər qoyulur. Avtobuslar konstruksiyasına görə tək, qoşalaşmış və avtobus qatarlarına bölünürlər. Ölçülərinə görə avtobuslar ən kiçik (5 m-ə kimi), kiçik (6,0-7,5 m), orta (8,0-9,5), böyük (10,5-12,0 m), ən böyük (16,5 m-dən böyük) olurlar.
Mühərrikin növünə görə avtobuslar daxili yanma mühərrili (benzin və dizel), qaz turbinli, elektrik mühərrikli plurlar. Mühərrikin avtobusda yerləşməsi qabaqda, arxada və kuzanın döşəməsinin altında ola bilər. Daşıdığı sərnişinlərin sayı 7-dən çox olmayan hərəkət tərkibi minik avtomobil nəqliyyatına aiddir. Minik avtomobilləri təyinatına, kuzasının növünə, mühərrikin işçi həcminə, kütləsinə görə təsnif olunurlar.
Təyinatına görə minik avtomobilləri ümumi təyinatlı avtomobillərə (taksi), xidməti istifadə avtomobillərinə, prokat və şəxsi avtomobillərə bölünürlər.
Kuzasının növünə görə minik avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapıların sayına görə kuzalar iki, dörd və beş qapılı olurlar.
Mühərrikin işçi həcminə (litrlə) və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1,2-dən az), kiçik (1,3-1,8), orta (1,9-3,5), böyük (3,5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər.
Minik avtomobilləri əsasən 4x2 təkər formulu ilə buraxılır. Belə avtomobillər yaxşı texniki vəziyyətdə olan yollarda istismar olunmaq üçündür. 4x4 təkər formulu ilə buraxılan avtomobillər aşağı keyfiyyətli, dağlıq və qarlı yollarda istismar olunurlar.
|