Mövzu 18. Sürtgü yağlarının təmizlənməsinin əsas üsulları.
Mazutun vakuum altında distiləsindən alınan yağ distilatları müxtəlif karbohidrogen və başqa birləşmələrin qatışığından ibarətdir. Sürtgü yağlarının tərkibində olan əsas karbohidrogenlərdən: parafin, naften və aromatik karbohidrogenləri göstərmək olar. Lakin yağ distilatlarının tərkibində az miqdarda olsa da doymamış karbohidrogenlər vardır, bunlar da yağın fiziki-kimyəvi xassəsini pisləşdirir. Sürtgü yağların tərkibində olan zərərli birləşmələrdən isə naften turşularını, kükürdlü və azotlu birləşmələri, habelə asfaltenləri və qətranları göstərmək olar. Əgər göstərilən zərərli birləşmələr yağların tərkibindən çıxarılmazsa, o zaman yağların keyfiyyəti olduqca pis və mühərriklərin həmin yağlarla yağlanması faydasız olar, çünki bu birləşmələr mühərrikdə qurum və koks əmələ gətirir; yağı uzun müddət saxlamaq olmaz, çünki o öz sabitliyini (dayanıqlığını) tez bir zamanda itirir. Yağların tərkibindən zğrğrli maddələr çıxarıldıqda yağın özlülüyü, sabitliyi artır və keyfiyyəti yaxşılaşır. Bunların əksinə olaraq yağın turşuluğu, qətranın miqdarı və s.azalır. Bunları nəzərə alaraq yağların təmizlənməsi neft sənayesində özünə məxsus xüsusi bir yer tutur. Ümumiyyətlə yağlar iki: kimyəvi və fiziki-kimyəvi üsulla təmizlənir.
1. Kimyəvi və ya qələvi-turşu təmizləmə üsulu.
Bu üsulla yağlar sulfat turşusu və qələvi vasitəsilə təmizlənirlər. Yağların tərkibində olan zərərli maddələri çıxarmaq üçün kimyəvi reagentlərdən istifadə olunur. Zərərli birləşmələr reagentlərlə reaksiyaya girərək reaksiya məhsulu kimi yağdan xaric olur. Bu üsul ən yaxşı və köhnə üsullardan hesab olunur. Təmizləmə zamanı götürülən sulfat turşusunun tündlüyü 92%-dən yuxarı olmalıdı. Sulfat turşusu öz fiziki-kimyəvi xassəsinə görə ən yaxşı reagent hesab olunur, çünki onun xüsusi çəkisi yağ distilatının xüsusi çəkisindən böyük olduğu üçün distilatda tez çökür. Yağların tərkibində olan zərərli birləşmələr sulfat turşusu ilə reaksiyaya girib üzlö maddə əmələ gətirərək aşağı çökür, yağlarda olan doymamış karbohidrogenlər isə turşu ilə kimyəvi reaksiyaya girib efirlər və polimerlər əmələ gətirir. Bu məhsullar da sulfat turçusunda yaxşı həll olduqları üçün turş qudrona çökürlər. Beləliklə yağ bütün zərərli maddələrdən təmizlənmiş olur.
2. Fiziki-kimyəvi üsul – adsorbsiya və selektiv (seçmə) təmizləmə üsulu.
Bu üsulda yağlar ağardıcı gil və seçici həlledicilər vasitəsilə təmizlənir.
Ağardıcı gillə təmizləmə - adsorbsiya zamanı yağın tərkibində olan zərərli birləşmələr ağardıcı gilin vasitəsilə yağdan çıxarılır.
Seçici həlledicilərlə təmizləmədə - selektiv furfurol, fenol, krezol və s.həlledicilərdən istifadə edilərək yağın tərkibində olan zərərli birləşmələr həll edilib distilatdan çıxarılır.
Adətən yağları turşu ilə təmizlədikdən sonra ağardıcı gillərlə təmizləyirlər. Belə təmizləmə nəticəsində yağların rəngi yaxşılaşır, oksidləşməyə qarşı sabitliyi artır, koks ədəi və turşuluğu azalır. Ağardıcı gillərin adsorbsiya xassəsindən istifadə etməklə sürtgü yağlarının bütün göstəricilərini yaxşılaşdırmaq olar. Ağardıcı gillər öz bərk və məsaməli səthləri vasitəsilə maye və yarımmaye, yəni arzu olunmayan birləşmələri udur və saxlayır. Sürtgü yağlarını ağardıcı gillər vasitəsilə təmizlədikdə birinci növbədə yağın tərkibində olan qətran-asfalt maddələri və naften turşuları ağardıcı gillərin təsiri altına düşüb udulur. Sürtgü yağını təşkil edən karbohidrogenlərdən isə doymamış karbohidrogenlər tez, aromatik və naften karbohidrogenləri isə gec udulur.
|