Geniş zolaqlı səviyyə göstəricisi
Geniş zolaqlı səviyyə göstəricisinin struktur sxemi şəkil 6.4 – də göstərilmişdir:
Şəkil 6.4. Geniş zolaqlı səviyyə göstəricisinin struktur sxemi
Cihaz 0-dan 600 kHs-ə qədər tezlikdə ölçmə aparmağa imkan verir və GQ giriş qurğusu 135 Om, 600 Om və yüksək Omlu olmaqla 3 giriş müqavimətinə malikdir. Giriş müqavimətinin qiyməti kiçik olduqda dövrənin yük müqaviməti şuntlanır və ölçmə xətası yaranır. ŞÇ şkala çeviricisinin vəzifəsi giriş müqavimətindən asılı olaraq göstəricidə hansı şkalanın işlədiyini qeyd edir. Detektor yüksək tezliklərdə siqnalı düzləndirici vəzifəsini yerinə yetirir.
Selektiv ( seçici ) səviyyə göstəricisi
Rabitə texnikasında çox vaxt ölçülən siqnalın tezlik zolağının içərisindən lazımi siqnalı seçib ölçmə aparmaq lazım gəlir. Bu məqsədlə selektiv ( seçici ) səviyyə göstəricilərindən istifadə olunur. Müasir seçici səviyyə göstəriciləri heterodin prinsiplə qurulur. GQ giriş qurğusuna daxil olan f1 tezlikli siqnal M modulyatoruna verilir. Bu modulyatora G2 generatorundan tənzimlənən f2 tezliyi də verilir və həmin tezliyi dəyişməklə modulyatorun çixışında f2 - f1 aralıq tezliyi alınır. Aralıq tezlikli siqnal modulyatordan sonra qoşulmuş ZS zolaq süzgəcindən keçdikdə başqa tezliklər süzgəc tərəfindən buraxılmayacaq, göstərici qurğuda yalnız tədqiq olunan aralıq tezliyin qiyməti görünəcəkdir. Şəkil 6.5 – də selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi verilmişdir:
Şəkil 6.5 Selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi
ÖLÇÜ GENERATORLARI
Generatorların növləri və onlara qoyulan tələblər
Ölçü generatorları - sabit cərəyan mənbəyi enerjisini dəyişən cərəyan enerjisinə çevirən ikiqütblüyə deyilir. Generatorlar dəyişən cərəyan mənbələri olaraq rabitə texnikasında müxtəlif formalı siqnallar, müxtəlif tezliklər və müxtəlif gərginliklər yaratmaq üçün istifadə olunur. Generatorun vəzifəsi ölçü siqnallarını formalaşdırmaqdır.
Generatorlar hasil etdiyi siqnalın formasına, tezlik diapazonuna və çıxış siqnalının səviyyəsinə görə bir – birindən fərqlənirlər. Ölçü generatorları rabitə texnikasında işlənən bütün elektromaqnit rəqs tezliyi diapazonunda lazımi formalı rəqslərin yaradılmasını təmin edir. Lakin elektromaqnit rəqs tezliyi diapazonu çox böyük olduğundan ( infraalçaq tezliklərdən millimetrik dalğa diapazonu tezliklərinə qədər ) ölçü generatorları nisbətən kiçik zolaqlı olurlar. Ölçü generatorları müəyyən diapazona malikdirlər. Generatorun ölçmə diapazonu elektromaqnit rəqs diapazonunun kiçik bir hissəsini təşkil edir. Ümumiyyətlə, generatorlar elə hazırlanırlar ki, onların diapazonlarının cəmi elektromaqnit rəqs diapazonunu əhatə edir. Diapazonuna görə ölçü generatorları aşağıdakılardan ibarətdir: infraalçaq tezlik generatorları, səs tezlik generatorları, alçaq tezlik generatorları, yüksək tezlik generatorları, ultrayüksək tezlik generatorları, ifrat yüksək tezlik generatorları, millimetrik dalğa diapazonu generatorları, sabit cərəyan generatorları, küy generatorları və s.
Ölçü generatorlarına tezliyin dəqiq tənzimlənməsinə, alınan siqnalın və gücün stabilliyinə, quruluşuna, rütubətə, istiliyə, silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar qoyulur.
Ölçü generatorlarının yaratdığı siqnallar formasına görə sinusoidal, düzbucaqlı, mişarvari, impulsşəkilli və xüsusi formalı olurlar.
İş prinsipinə görə generatorlar 3 növə : RC tipli, LC tipli və döyünmə üsullu generatorlara bölünürlər. Ölçü generatorunda rəqsləri yaratmaq üçün gücləndiricinin çıxışından onun girişinə müsbət əks rabitə əlaqəsi yaradılır. Bu məqsədlə əks əlaqə dövrəsində rəqs konturundan yaxud LC və RC elementlərindən ibarət süzgəclərdən istifadə olunur. LC tipli generatorlarda tezliyi n dəfə dəyişmək üçün L və C – nin qiymətini n2 dəfə dəyişmək lazım olduğundan səs və ultrasəs diapazonlu tezlikləri örtmək üçün RC tipli generatordan istifadə edilir. RC tipli generatorun sxemi şəkil 7.1 – də göstərilmişdir:
|