Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı: Dissertasiya Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 4 səhifə, I fəsil 23 səhifə, II fəsil 54 səhifə, III fəsil 26 səhifə, Nəticə 5 səhifə, istifadə edilmiş ədəbiyyat, 10 səhihə. Ümumi həcmi 125 səhifə – 197, 488 işarə.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Dissertasiyanın Giriş hissəsində mövzunun aktuallığı, işlənmə dərəcəsi əsaslandırılır, obyekti və predmeti, məqsəd və vəzifələri, tədqiqatın metodları, müdafiəyə çıxarılan müddəalar müəyyənləşdirilir, tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat işinin aprobasiyası və tətbiqi, dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı, dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi haqqında məlumat təqdim edilir.
Dissertasiyanın birinci fəsli “Mətn nəzəriyyəsinin meydana gəlməsi” adlanır və iki yarımbaşlıqdan ibarətdir. “Dilçilikdə mətn nəzəriyyəsinin formalaşması” adlı yarımbaşlıqda mətn dilçiliyinin meydana gəlməsinin elmi bazası şərh olunmuşdur.
Orada göstərilir ki, mətnin öyrənməsinin aspektləri müxtəlifdir. Əgər ritorik üçün mətnin törəməsi və dinləyicini inandırılması ön plana çıxırdısa, ədəbiyyatçılar üçün mətnin qavranılması faktoru özü ön plana çıxırdı. Beləliklə, klassik filologiya və ritorika müasir mətn dilçiliyinin əsas konturlarını müəyyənləşdirmişdi.
Mətnə belə yanaşma XIX əsrin ortalarına qədər davam edir ki, bu da XX əsrin ortalarında böyük vüsətlə inkişaf etməyə başlayır. Bu dövrdə mətnlə bağlı təcrübi materiallar və nəzəri faktlar toplanıldı, əgər demək mümkünsə, mətn nəzəriyyəsinin yaranmasının real bazası formalaşmağa başladı.
Bədii ədəbiyyatın öyrənilməsi mətn nəzəriyyəsinin yaranmasında böyük rol oynamışdır. Çünki yazıçı üslubu, onun xüsusiyyətləri mətnin öyrənilməsinin mühüm tərəflərini ifadə edir. Qeyd olunan istiqamətdə mətnin öyrənilməsi dərinləşdikcə, onun yeni problemlərini də ortaya çıxartdı.
Mətn nəzəriyyəsinin yaranmasının mühüm səbəblərindən biri də onun humanitar elmlərin maraq dairəsinə daxil olmasıdır. Məsələn, mətn fəlsəfi və psixoloji baxımdan da humanitar elm sahələrində öyrənilirdi. Məsələyə belə baxış mətni filoloji və ritorik çərçivədə öyrənilmə hüdudundan çıxararaq daha geniş sferaya daxil etdi.
Semiotika və hermenevtikada tərcümə mətnlərinin öyrənilməsi və bu əsasda yazıçı ideyalarının bərpa olunması mətn nəzəriyyəsinin yaranmasında mühüm rol oynamışdır; dini mətnlər və onların şərti – orta əsrlərdə mətn haqqındakı biliklərin, nəzəri fikirlərin formalaşmasında xüsusi yeri vardır.
XX əsrin əvvəllərində semiotikada mətnin işarələr ardıcıllığı, mürəkkəb işarələr kimi öyrənilməsi mətn nəzəriyyəsinə güclü təsir etdi. Beləliklə də, mətni təşkil edən işarələr və onların mürəkkəb sistemi bu barədəki nəzəriyyənin yaranmasının modelini verdi. Mətn nəzəriyyəsinin inkişafında informatikanın meydana gəlməsi stimulverici status qazandı.
Beləliklə, mətn filoloji sərhədləri aşaraq humanitar və texniki elmlər sferasına daxil oldu və o, müxtəlif istiqamətlərdən öyrənilməklə mətn barəsindəki elmi-nəzəri fikirlər bütövləşirdi.
Mətn dilçiliyinin yaranması aşağıdakı əlamətlərlə müşahidə olunur.
– Mətn barədə nəzəri fikirlər formalaşdıqca, gücləndikcə, dilçiliyin bu sahəsinin yeni anlayışları meydana gəlir. Məsələn: koqeziya, koherentlik, intermətn və s.
– Bu prosesdə mətnin tipologiyası mühüm problem kimi ortaya çıxır; onun təsnifi üçün ümumi prinsiplərin işlənməsi ortaya çıxır. Ən nəhayət, bu istiqamətli tədqiqatlar diskurs təliminə mühüm faktlar verdi.
– Mətn nəzəriyyəsinin obyekti mətnlər vasitəsi ilə insanların kommunikativ fəaliyyətini təşkilindən ibarətdir. Əslində mətn nəzəriyyəsinin mahiyyətində də bu amil dayanır. Çünki biz kimlə ünsiyyətdə oluruqsa, həmin ünsiyyət mətndə öz ifadəsini tapır.
Mətnin dinləyicilər üçün açıq olması onun kommunikativ mahiyyətindən doğur; çünki o hansısa informasiya ilə yüklənmişdir, ona müraciət edənlər üçün açıqdır.
R. Yakobson yazır ki, biz danışarkən dil və ya istənilən işarələr sistemini işə salırıq ki, onlar da kommunikasiya vasitələridir; kommunikasıyanı öyrənərkən kommunikativ vasitələrə və onun iştirakçılarına məhdudiyyət qoymaq olmaz1.
Mətn haqqında nəzəriyyənin formalaşmasında mətn və diskurs nisbəti, onların öyrənilməsi müəyyən qədər təsiredici amil olmuşdur. Diskurs təlimi ilə məşğul olan məktəblər istər-istəməz qeyd olunan məsələ ilə rastlaşmış və bu xüsusda öz münasibətlərini bildirmişlər. Bir çox dilçilər mətnə həm proses, həm də bu prosesin nəticəsi kimi baxmışlar. Lakin E.Benvenist nitqin törəməsi prosesinə diskurs, onun nəticəsinə isə mətn kimi baxır. Deməli, bu dilçiyə görə, mətn diskursun nəticəsi kimi meydana gəlir.
Mətn nəzəriyyəsinin predmetinin qurulma prinsipləri obyektin, hadisənin, təsvir olmanın obyektləşməsinin baza prinsipləri ilə əlaqədardır. Həmin prinsipləri aşağıdakı cür sistemləşdirmək olar:
1. Sistemlilik. Sistemlilik elmi prinsipdir və predmetin bütün tərəflərini görməyə imkan verir.
2. Mətnin kommunikativliyi. Kommunikativliyin tədqiqat prinsipi mətnin kommunikativ təbiətindən irəli gəlir. Çünki istənilən halda mətn ünsiyyətlə səciyyəvidir; onun qurulması isə dil işarələri və onun sisteminin nəticəsi kimi meydana gəlir.
3. Mətnin bütövlülüyü. Mətn canlı bir bütövdür; o dinamizmə malikdir; dinamizm – hərəkətdir, hadisələrin inkişaf trayektoriyasının ifadəsidir. O, mikromühitdən makromühitə doğru inkişaf edir.
Mətn nəzəriyyəsinin formalaşmasında mətnin əsasında dayanan kommunikasiya məqsədinin öyrənilməsinin də öz rolu var. Çünki yazıçı intensiyası adresant və adresat arasındakı ünsiyyətin mahiyyətini təşkil edir. “Mətn nəzəriyyəsinin də əsasında mətn dayanır. Deməli, bu nəzəriyyə mətn praqmatikasını da əhatə edir. Buraya kommunikantlar, fikrin verballaşması və qavranması, dil, nitq situasiyası və məqsədi kimi mühüm faktorlar daxildir. Mətn qurularkən kommunikativ məqsəd bu yönlü yaradıcılığın əsasında dayanır və yuxarıdakı məsələlər də onun formalaşmasına kömək edir”2.
“Mətn dil münasibətlərinə görə linqvistik təbiətə malik mürəkkəb işarədir. Bu işarənin mürəkkəbliyi ondan ibarətdir ki, o, dil səviyyələrinin çoxtərəfli təması əsasında mövcud olur və onların hər birisinin də mətn quruculuğunda hansı səviyyədəsə öz payı var. Mətnin əlaqəli və bütöv sistemə malik olması da mətnə kənardan baxışın deyil, ona özündən baxışın nəticəsidir”3. Lakin mətnin idrak səviyyəsində təsviri və ya təhlili ekstralinqvistik amillərlə bağlıdır. Bu da mətnin yaranmasının sosial tərəfini üzə çıxarır; sosium və mətn nisbətinə aydınlıq gətirməyə şərait yaradır. Əslində mətn sosiumda yaşayır sosium onun mövcudluğunu müəyyənləşdirir; sosial fəaliyyət və ictimai münasibətlər ona təsiredici mövqedə dayanır. Bu məkanda kommunikantlar müxtəlif əqidə və düşüncənin sahibləridirlər. Onlar eyni mətni müxtəlif cür qavrayıb təhlil edə bilərlər, lakin adresantın mətn üzrə reallaşmış bir məqsədi olur.
“Mətn onu yaradanın timsalında təkrar olunan deyil, o, bir dəfə yaradılır və həmin fərdin bir sıra xüsusiyyətlərini özündə yaşadır”4. Həmin mətnin arxasında dilin sistemi dayanır.
Birinci dövrün əsas xüsusiyyəti ondan ibarət idi ki, mətn nəzəriyyəsi iki tarixi kökləri (ritorika və filologiya) üzərində dirçəlməyə başlayır; bədii mətn geniş tədqiqat obyektinə çevrilir. “Bu dövrdə N.S.Pospelovun “сложное синтаксическое целое и основные особенности его структуры”. Həmin nəzəri fikirlərin inkişafında XX əsrin 60-cı illərində Admoninin də xüsusi rolu vardır”5.
XX əsrin 60-70-ci illərində mətn nəzəriyyəsinə dair çox şeylər aydınlaşdırıldı, mətn dilçiliyin müstəqil sahəsi kimi formalaşır və dil sistemində onun yeri müəyyənləşir. Artıq bu dövrdə o, iеrarxaik struktura malik sintaktik işarə kimi qəbul olunur; onun forma və məzmun tərəfi ciddi elmi tədqiqatlarla aydınlaşdırılır. Nəticədə də bu dövrdə elmi tədqiqatlar cümlələrin birləşməsinə deyil, bütöv mətnə istiqamətlənir. Buna da səbəb mətnin kommunikasiya vasitəsi kimi qəbul olunması idi ki, bu da mətn nəzəriyyəsinin əsasında dayanırdı.
İkinci dövr XX əsrin 80-ci illəri və ondan sonrakı dövrləri əhatə edir. Bu dövrdə bir-birinin ardınca sanballı tədqiqat əsərləri meydana gəlir; mətn dilçiliyinin əsas kateqoriyaları – informativlik, üzvlərə ayrılma, koheziya, kontinium, modallıq, inteqrasiya, bitkinlik və s. tədqiqat obyektinə çevrilir. 80-90-cı illərdə keçmiş Sovet məkanında bir-birinin ardınca mətnə həsr olunmuş konfranslar keçirilməyə başlayır.
|