Mövzu 14. Tullantı suları və onların təmizlənməsi
Biosferin və ümumilikdə insanın mövcudluğu həmişə sudan istifadəyə əsaslanmışdır. İnsan cəmiyyəti həmişə bütövlükdə hidrosferə müxtəlif təsirlər göstərmişdir. Texnosferin müasir mərhələdəki inkişafı isə suya olan tələbatı daha da artırmış, antropogen təsirlər daha da güclənmişdir. Bu səbəbdən də su sistemləri özlərinin mühafizə xüsusiyyətlərini itirmişlər. Mövcud reallığı dərk edərək, suyun mühafizəsi üçün yeni yanaşmalar qəbul edilməlidir və su hövzələrinin çirklənməsinin qarşısını almaq üçün kifayət qədər olmasa da müəyyən tədbirlər görülür. İstehsal proseslərindən yaranan tullantı suları su hövzələrinə axıtmazdan əvvəl onu aşağıdakı sxem üzrə kənarlaşdırırlar: İlk əvvəl tullantı suları kanalizasiya sisteminə daxil olur. Kanalizasiya sistemi çirkli suların axıb getməsi üçün boru və yeraltı kanallar istemindən, çirkli suların yığılmasını və kənarlaşdırılması üçün inşa edilmiş tikilidən yığılmış çirkli suları təmizləmə məntəqələrinə ötürən boru xəttindən və təmizləmə məntəqəsindən ibarətdir. Çirkli suları təmizləmək üçün istifadə olunan sistem mərkəzləşdirilmiş yaxud lokal ola bilir. Sistemdən keçirilmiş çirkli su təmizləndikdən sonra su hövzələrinə ötürülür. Belə sistemləri yaratmaqda məqsəd su hövzələrinin çirklənməsinin qarşısını almaqla yanaşı, çirkli suların təmizləndikdən sonra yenidən dövriyyəyə qaytarılmasının təmin olunmasıdır.
Araşdırmalar göstərir ki, İES və AES-lər ən böyük su tələb edən sənaye sahələrindən biridir. Bu sənaye müəssisələrində istifadə edilən suyun 8085% çirkab suları şəklində xarici su hövzələrinə atılır. İES-də aparılan texnoloji proseslərin xarakterindən asılı olaraq, atılan suların tərkibi də müxtəlif olur. İES-da çirkab suları əsasən aşağıdakı səbəblərdən yaranır: -su emalı qurğularının istismarı zamanı bəzi texnoloji əməliyyatların aparılmasında; -işlənmiş buxarı kondensatorlarda kondensatlaşdıran zaman soyuducu suyun qızmasında; -neft məhsullarının kondensat və texniki sulara keçməsində -buxar qazanının konvektiv qızma səthlərinin yuyulması zamanı çirkab suların alınmasında; -istilik qurğularının kimyəvi məhlullarda yuyulması zamanı çirkab suların alınmasında; -döşəmələrin və maşın zallarının yuyulması zamanı çirkab suların əmələ gəlməsində. Bu göstərilən çirkab sularından ən geniş problemlər yaradan birinci dörd səbəb sayılır. Belə çirkab suların miqdarı, tərkibi, temperaturu müxtəlif olur. Ona görə belə suların nəzarət altında saxlanılması və onların təmizlənməsi ciddi şəkildə aparılmalıdır. Biz İES-da və AES-da enerji istehsalı zamanı yaranan isti suların su hövzələrində istilik çirklənmələri yaratmasını araşdırdığımızdan yuxarıda göstərilən problemlərin ikincisini təhlil edirik. Soyuducu suların su hövzələrinə atılmasının əsas məsələlərindən biri isti suyun mənbə suyu ilə tam və bərabər qarışmasının təşkil olunmasıdır. İES-də turbin qurğuları yastıqlarının yağ və turbogeneratorların hidrogen soyuducularında, turbində işlənmiş buxarı kondensatorda kondensatlaşdırmaq üçün texniki sulardan istifadə edilir. İES-in texniki suya olan tələbatını ödəmək üçün su təchizatı sistemi yaradılır. Qeyd etmək lazımdır ki, kondensatorlarda istifadə olunan soyuducu suyun miqdarı, başqa məqsədlər üçün istifadə olunan suyun miqdarından dəfələrlə çoxdur, başqa sözlə İES-də istifadə olunan texniki suyun əsas hissəsini kondensatorda istifadə olunan soyuducu su təşkil edir. Turbində işlənmiş buxarı kondensatlaşdırmaq üçün tələb olunan soyuducu suyun miqdarı buxarın miqdarından, onun və kondensatının entalpiyasından, kondensatordan çıxan suyun entalpiyasından (kC/kq) asılı olur. Bundan əlavə buxar turbinlərinin əsas göstəricilərindən biri olan soyutma dəfəliyi turbində işlənmiş hər 1 kq buxarı kondensat etmək üçün kondensatora verilən soyuducu suyun miqdarını müəyyən edir. İES-də düzaxınlı və qapalı (dövrü) su təchizatı sistemlərindən istifadə edilir. Soyuducu suyun götürüldüyü hövzədə (çay, dəniz, göl) suyun miqdarı soyuducu suyun tələb olunan miqdarından dəfələrlə çoxdursa, onda düzxətti texniki su təchizat sistemindən istifadə edilir.
Aparılan araşdırmalar əsasında aşağıdakı nəticələri söyləmək olar: 1. Çirkab suların bütün müasir tələblərə cavab verəcək universal təmizləmə üsulu hələlik yoxdur. Odur ki, kimyəvi çirklənmiş suların tam təmizlənməsi səbəbindən su hövzələrində ekoloji problemlər yaranır. 2. İES-in və AES-in soyuducu sularının su hövzələrinə açıq tipli suatma sistemləri ilə ötürülməsi onun hövzə suları ilə yaxşı qarışmasına və eyni zamanda aerasiya olunmasını xeyli yaxşılaşdırır. 3. Kimyəvi çirklənmiş suların biokimyəvi üsulla təmizlənməsi daha səmərəli hesab olunur. Belə ki, təmizləmə zamanı yaranan çöküntüləri utilləşdirməklə qiymətli materiallar alınır və ətraf mühitə edilən gərginlik azalmış olur. 4. Çirkab suların elektrokoaqulyasiya üsulu ilə təmizlənməsində su tullantılardan və bakteriyalardan tamamilə təmizləndiyindən onun dairəvi su təchizatına qatılmasına şərait yaranır. 5. Antropogen su dövriyyəsinin təbii su dövriyyəsindən ayrılması ekoloji və iqtisadi baxımdan səmərəli hesab edilir. 6. İçməli suyun tam təmiz olmasını təmin etmək məqsədilə onun xlorlaşdırılması ozonlaşdırmaya nisbətən daha effektli hesab edilir, belə ki, suda artıq qalan xlor molekulları sonrada ona daxil olan mikroorqanizmləri məhv edir. 7. Şirin su çatışmamazlığı probleminin həlli məqsədilə aysberqlərdən və qar-buz örtüyündən istifadə edilməsinin məqsədə uyğun olması. 8. Su hövzələrinə atılan sənaye tullantılarının miqdarının azaldılmasına nəzarət edilməsi. 9. İstehsal texnologiyalarının və tullantıların utilləşdirilməsinin təkmilləşdirilməsi. 10. Kənd təsərrüfatı sahələrindən su hövzələrinə tökülən sular üzərində ciddi nəzarətin qoyulması. 11. Sənayedə Az miqdarda su tələb edən texnologiyaların tətbiq olunması. 12. Kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, yaxud iqtisadi vəziyyət nəzərə alınmaqla sistemin yenidən qurulması.
|