ərazisindəki obyektlər (məsələn, qaz-kompressor stansiyası) elə yerləşdirilməlidir ki, onların
təbii ventilyasiyası təmin edilsin.
Sanitariya məsafə normalarının seçilməsi. Bu məsafələr xidməti asanlaşdırmaq və
təhlükəsizliyi təmin etmək məqsədilə bir istehsalat daxilində ayrı-ayrı obyektlər arasında
qoyulur.
Müəssisə tikililəri arasındakı məsafələr binanın yanğın təhlükəsizliyindən, hündürlüyündən
və s. asılı olaraq sanitariya normalarından götürülür.
Nəzərdə tutulmuş təbii işıqlanmanı və təhlükəsizliyi təmin etmək üçün, istehsalat binaları
arasındakı minimal məsafə qarşıda duran hündür binanın hündürlüyündən az olmamalıdır.
Tozlu materialların saxlandığı açıq anbarlarla istehsalat binalarına qədər olan məsafə 20,
məişət binalarına qədər olan məsafə isə 25 m-dən artıq olmalıdır.
Böyük dəqiqlik tələb edən və titrəyişə həssas işlər aparılan xüsusi binalarla zərbəli maşın
və qurğular yerləşdirilən binalar arasındakı məsafə xüsusi hesablamalarla tapılır və 50 m-dən
az olmur.
Keçid yollarının eni nəqliyyat vasitələrinin ölçülərindən asılıdır. Hərəkətin təhlükəsizliyini
təmin etmək üçün, ikitərəfli hərəkətdə yolun eni 6 m-dən, birtərəfli hərəkətdə isə 4 m-dən az
olmamalıdır.
Müəssisə ərazisindəki obyektlərin düzgün yerləşdirilməsi. Planlaşdırma zamanı tikililər
istehsalat zərərinə uyğun obyektlərdə qruplaşdırılır və digər zərərsiz obyektlərdən aralı
yerləşdirilir. Bu zaman istehsalat zərərinə qarşı təhlükəsizlik tədbirlərinin görülməsi asanlaşır və
kompleks tədbirlər tətbiq etmək mümkün olur.
İş zonasının havasını zəhərləyən, eləcədə səs-küylü obyektləri ayrıca yerləşdirmək
məsləhətdir.
Bir binada eyni sanitariya-gigiyena xassəsinə malik olan sexlərin yerləşdirilməsi daha
məqsədəuyğundur.