Mexaniki ventilyasiya təbii ventilyasiyaya nisbətən mürəkkəb olub, artıq xərclər tələb etməsinə
baxmayaraq ventilyatorun yaratdığı təzyiq hesabına geniş təsir dairəsinə malikdir. Mexaniki
ventilyasiya təmiz havanı bilavasitə iş zonasına lazım olan miqdarda və sürətlə vermək, onu
tələb olunan parametrlərdə hazırlamaq (qızdırmaq, soyutmaq, nəm etmək və ya qurutmaq),
zərərli maddələrdən (qaz, buxar, toz) bilavasitə təmizləmək imkanına malikdir.
Ventilyasiya olunan otaqda verici hava axını sorma hava axınına nisbətən daha çox uzağa təsir
etmə qabiliyyətinə malikdir. Buna görə, otaq daxilində hava axınının istiqamətlənməsində və
yayılmasında verici hava axınının böyük rolu vardır. İş zonasında hava axınının işçilərə mənfi
təsirini aradan qaldırmaq üçün, verici hava axınının paylaşdırıcı quruluşlardan bu zonaya çıxış
sürəti 0,75m/s-dən çox olmamalıdır. Əgər xarici hava iş zonasından yuxarıda, tavana yaxın
məsafədən otağa verilirsə, bu zaman havanın paylaşdırıcıdan çıxış sürəti 2m/s-yə qədər artırıla
bilər. Otaqdan havanı soran sistemdə hava qəbuledicilərinin girişində hava axınının sürəti 3 m/s
qədər ola bilər. Otaq (sex) daxilində hava paylaşdırıcı quruluş ilə hava qəbuledicilərinin yerləri
onların qarşılıqlı əlaqəsinə çox təsir göstərir.
İstehsalat otaqlarında hava mübadiləsi aşağıdakı sxemlər üzrə aparılır:
- aşağıdan-yuxarıya; bu sxem başlıca olaraq, avadanlıqların birgə istilik və qaz (buxar)
ayırmalarında və ya birgə istilik və yüngül toz ayrılmaları hallarında tətbiq olunur. Bu halda
xarici hava otaq daxilində döşəmə yaxınlığında aşağıdan verilir, otaq daxilindəki çirklənmiş isti
hava isə tavan yaxınlığında yuxarıdan sorulub xaric edilir;
-
yuxarıdan-aşağıya; bu sxem istilik ayrılmaları olmayan otaqlarda ancaq ağır qaz (buxar) və toz
ayrılmaları olduqda tətbiq olunur;
-
yuxarıdan-yuxarıya; bu sxem əsasən yardımçı istehsalat binalarında istifadə edilir;
- aşağıdan-aşağıya; bu sxem əsasən yerli ventilyasiya sistemlərində tətbiq edilir.
Mexaniki ventilyasiya sistemlərində mərkəzdənqaçma və oxlu ventilyatorlardan istifadə edilir.
Ventilyasiya şəbəkəsinin hava axınına müqaviməti 200Pa-a qədər olduqda oxlu, artıq olduqda
isə mərkəzdənqaçma ventilyatorlarından istifadə edilir.