Mövzu 9. Plastik yağlar.
Nəqliyyat vasitələrində bir sıra açıq birləşmələr vardır. Açıq birləşmələri yağlamaq üçün plastik yağlar istehsal edilir. Təyinatlarına müvafiq olaraq plastik yağlar aşağıdaki tələblərə cavab verməlidirlər: 1). Sürtünmə düyünlərində uzun müddət saxlanma xüsusiyyətinə malik olmalıdırlar; 2). Sürtünən səthlər arasında möhkəm yağ qatı yaratmaqla detalların yeyilmə dərəcəsini aşağı salmalıdırlar; 3). Qovşaqdakı araboşluğu doldurmaqla açıq birləşməyə tozun,nəmişliyin,palçığın və s. digər zərərli birləşmələrin yağlama nöqtəsinə daxil olmasına yol verməməlidirlər; 4). Detallarda korroziyanın yaranması üçün zəmin yaratmamalıdırlar; 5). Yağlama nöqtələrinə kiçik təzyiqlərlə vurulmalı,kanallarda asanlıqla hərəkət etməlidirlər; 6) uzun müddət saxlanıldıqda tərkiblərini dəyişməməlidirlər.
Plastik yağların fiziki-kimyəvi göstəricilərinin əksəriyyəti başqa yağlarda olduğu kimi adlanır. Lakin bu göstəricilər təyin olunma üsulları ilə və giymətləri ilə fərglənirlər. Plastik yağları xarakterizə edən bütün gğstəriciləri şərti olaraq iki qrupa bölmək olar.
1-ci qrupa plastik yağın kanallarda vurulma və yağlama qabiliyyətini,həmçinin yağlama nögtəsindəki detalları ətraf mühitin zərərli birləşmələrindən mühafizə etmə,qoruma xüsusiyyətlərini qiymətləndirən göstəricilər aiddir. Bunlardan plastik yağın effektiv özlülüyünü,möhkəmlik həddini, mexaniki sabitliyini,damcıdüşmə temperaturunu və korroziya xüsusiyyətlərini göstərmək olar.
2-ci qrupa isə plastik yağın tərkibində ola bilən zərərli komponentlərin-üzvi turşuların,suyun, mexaniki qarışıqların və s. miqdarını əks etdirən göstəricilər daxildir.
Plastik yağın özlülüyü onun yağ qatları arasındakı deformasiya sürəti ilə sıx əlagədar olduğu üçün sürüşmə gərginliyi ilə sürət göstərici arasındakı aslılığı xarakterizə edir. Bu göstərici elə mayenin həqiqi özlülüyünə ekvivalent qəbul edilir ki,verilmiş sürüşmə gərginliyində plastik yağ eyni deformasiya sürətinə malik olsun. Plastik yağın özlülüyü ancaq temperaturdan deyil, yağ qatlarının qarşılıqlı yerdəyişmə sürətindən də asılıdır. Sürüşmə sürəti artdıqca, özlülük azalır. Plastik yağların özlülüyük-temperatur asılıqlarına görə onların müxtəlif temperaturlarda kanallara vurulma qabiliyyəti əsasdır. Mexanizmlərin işə salınmasında özlülüyün təsiri yüksək olduğu üçün bu parametr əsas istismar göstəricilərindən biri hesab edilir.
Plastik yağların möhkəmlik həddi dedikdə plastik yağın elə minimum xüsusi gərginliyi başa düşülür ki, həmin gərginliyi yağa tətbiq etdikdə onun formasını yağ qatlarının bir-birinə nəzarən hərəkət etməsi hesabına dəyişmiş olsun. Möhkəmlik həddi yağın temperaturundan asılı olaraq dəyişir – temperatur yüksəldikcə azalır. Möhkəmlik həddi plastometr qurğuda ölçülür. İşçi temperaturlarda qiyməti 300-500 Pa, 20 oC-də isə 300-1500 Pa hədlərində olur.
Müəyyən şəraitdə qızdırılan yağdan ilk damcının düşmə anına uyğun gələn temperatura plastik yağın damcıdüşmə temperaturu deyilir. Bu parametr plastik yağın hansı temperaturda əriyəcəyini, maye şəklinə keçəcəyini xarakterizə edir ki, bununla da yağ öz işləmə qabiliyyətini itirmiş olur. Plastik yağın bu göstəricisi etibarlı işini təmin etmək üçün yağlanan birləşmələrin temperaturu damcıdüşmə temperaturundan aşağı olmalıdır. Sınağdan keçirilən plastik yağ aşağıdan 3 mm diametrə malik deşiyi olan silindrik borucuğa doldurulur. Elektrik cərəyanı ilə qızdırma aparmaqda ilk damcının düşmə anındakı temperaturu qeyd edirlər.
Plastik yağların fiziki-kimyəvi xassələri. Mexaniki stabillik plastik yağın əsas istismar keyfiyyətlərindən biri olub, onun dağılmasına müqavimət göstərə bilmə qabiliyyətinə deyilir. Plastik yağa uzun müddət mexaniki təsir göstərdikdə onun həm özlülüyü, həm də möhkəmlik həddi azalır. Mexaniki stabilliyi aşağı olan yağlar asanlıqla dağılır və qovşaqdan xaricə çıxır. Plastik yağları qızdırıb soyutduqda xassələrinin dəyişməsi termiki möhkəmlənmə adlanır. Termomöhkəmlənməyə meyilliliyi möhkəmlik ölçən qurğuda yağın möhkəmlik həddini əvvəldən və yüksək temperaturda saxlandıqdan sonra ölçməklə təyin edilir.
Suya davamlılıq iki xüsusiyyətlə xarakterizə olunur: su ilə səthdən yeyelmamaq və yağa rütubət düşdükdə öz xassələrini kəskin dəyişməmək. Sürtgü yağının suda həll olması qatılaşdırıcının təbiətindən asılıdır və keyfiyyətcə yağ parçasının suda xarici görünüşünün dəyişməsi - 20 oC-də suda 24 saat və ya qaynayan suda 1 saat saxlamaqla ilə təyin olunur. Plastik yağların korroziya xüsusiyyətləri metal lövhələrin korroziyaya davamlılığı sınağında müəyyən edilir. Buna görə cilalanmış və yağsızlaşdırılmış mis və polad lövhələri 100±2 oC temperatura qədər qızdırılmış plastik yağın içərisində 3 saat saxlayırlar. Əgər bu müddətdə mis və polad lövhələrdə uyğun olaraq rəngini dəyişmə və korroziya nöqtələri yoxdursa, belə yağ korroziyaya davamlı material kimi qəbul edilir.
Plastik yağların kimyəvi stabilliliyi dedikdə plastik yağın havanın oksigeni təsirindən yarana bilən oksidləşməyə qarşı davamlılıq – müqavimət göstərə bilmə qabilliyəti xüsusiyyəti başa düşülür. Oksidləşmə adətən yüksək temperaturlarda 100 oC-dən yuxarı baş verir, yağın turşuluq ədədini və möhkəmlik həddini dəyişdirir. Oksidləşmə xüsusiyyəti kəmiyyətcə turşuluq ədədi ilə qiymətləndirilir. Oksidləşmə dərəcəsi mis materialına görə 120 oC temperaturda qalınlığı 1mm olan yağ qatında təyin edilir.
Nəqliyyat vasitələrinin hərəkət hissələrində istifadə edilən plastik yağlar təyinatlarına görə 4 qrupa bölünürlər: sürtünməyə qarşı, kipləşdiricilər, qopuyucu və kanat sürtgü yağları. Texniki istismar baxımından plastik yağların əsas nümayəndəsi antifriksion xarakterli yağlama materiallardır. Antifriksion plastik yağların vəzifəsi qarşılıqlı əlaqədə işləyən detalların yeyilmələrini və sürüşmə sürtünmələrini azaltmaqdır. Bu qrup yağlar yarımqruplara bölünürlər və hər bir yarımqrupun öz indeksi var.
|