Azərbaycan xalqının siyasi fikir tarixindən




Download 164,33 Kb.
bet8/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
Azərbaycan xalqının siyasi fikir tarixindən Siyasət və siyasi münasibətlər haqqında fikirlər Azərbaycan ərazisində qədim zamanlarda meydana gəlmiş və çox böyük təkamül yolu keçmişdir. Dünyanın bir çox başqa xalqlarında olduğu kimi, burada da siyasi fikir erkən dövrlərdə mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış etmiş, miflərdə və əsatirlərdə, nağıllarda və dastanlarda öz əksini tapmışdır.

Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk böyük yazılı abidə "Avesta' dır. Bu abidə öz dövrünün (onun e. ə. 5-ci, bəzi mülahizələrə görə isə e. ə. 8-ci əsrlərdə yazıldığı güman edilir) əxlaqi, sosial, siyasi, dini və s. biliklərinin ensiklo pedi - ya sıdır. "Avesta" zərdüştlüyün müqəddəs kitablarının külliyyatıdır. Zərdüştlük dünyanı iki başlıca qüvvənin - xeyir və şərin mübarizəsi kimi nəzərdən keçirir. Xeyir və şərin mübarizəsi, doğruluğun, ədalətin tərənnümü Zərdüşt etikasının əsasını təşkil etməklə, məzdə qanunları üçün başlanğıc kimi çıxış edir. Burada ən yüksək əxlaqi prinsip müqəddəs qanuna, ədalətli qaydaya tabe olmaqdır.

"Avesta”da dövlət insanların birgə ünsiyyət forması, bütün cəmiyyətin mühafizəsinin mühüm atributu hesab olunur, dövlət hakimiyyətinin möhkəmliyinin isə vətəndaşlarda mənəvi borcun tərbiyə edilməsi səviyyəsindən asılı olduğu göstərilir. Burada diqqəti cəlb edən daha bir cəhət ondan ibarətdir ki, Zərdüşt "cəmiyyət' və "dövlət" anlayışlarının eyni məna daşıdığını, dövlətin göylər səltənətinin yerdəki təcəssümü olduğunu bildirir. Tədqiqatçılar belə hesab edirlər ki, dövlət anlayışı burada hər hansı bir xarici nəzarətdən azad, daxili müstəqilliyə, suverenliyə malik, ayrıca götürülən bir ərazi və zərdüştlük dinin öz ardıcılları üzərində şəriksiz hökmranlıq imkanı kimi nəzərdən keçirilir.

"Avesta" güclü dövlət hakimiyyətini təbliğ edir. Burada göstərilir ki, dövlətə xeyirxah hökmdar başçılıq etməlidir. Dövlət başçısı eyni zamanda ali dini başçı, xalqın fikirlərini və arzularını istiqamətləndirən ideoloq olmalı, xalq arasında zərdüştlüyü yaymaqla məşğul olmalıdır. Orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinin görkəmli nümayəndəsi olan filosof Bəhmənyarın əsərlərində cəmiyyətin inkişafı ilə bağlı bir çox məsələlər şərh olunmuşdur. Feodalların ideoloqu olan filosof hakim ictimai quruluşu təbii hesab edir, onu xeyirxah və gözəl quruluş kimi qiymətləndirirdi. O, istismarçı quruluşu tərifləyir və yoxsulluğa dözməyə çağırırdı. Bəhmənyar xüsusi mülkiyyəti müdafiə edir, əsl səadətə çatmaq yolunu təhsildə, mənəvi təkmilləşmədə görürdü.

N.Gəncəvi (1141-1209) feodal cəmiyyətinin əsas bəlasını, nöqsanların başlıca səbəbini ədalətsizliyə, zorakılığa və qarətə əsaslanan dövlətin xarakterində görürdü. Onun siyasi idealı ilk əvvəllər maarifçi monarx, sonralar isə xalq hakimiyyəti idi. Özünün bütün yaradıcılığı boyu şair ideal siyasi quruluş axtarmış və nəticədə hakimlərin və məhkumların olmadığı, bütün adamların zülmdən və zorakılıqdan azad olduğu xalq hakimiyyəti obrazını yaratmışdır. Nizaminin utopik fikirləri Azərbaycanda və bütün Şərqdə mütərəqqi ictimai fikrin inkişafında mühüm rol oynamışdır.

Marağalı Əhvədi (13-cü əsr-14-cü əsrin əvvəlləri) öz əsərlərində müdrik və elmli hökmdarın başçılıq etdiyi feodal dövlətini arzulayırdı. Hər bir fərdin əxlaqi, mənəvi kamilliyini, bunun vasitəsi ilə də bütün cəmiyyətin təkmilləşməsini o öz idealına çatmaqda yeganə yol hesab edirdi.

Azərbaycan xalqının və ümumiyyətlə, Yaxın və Orta Şərqin siyasi fikrinin ən görkəmli nümayəndəsi Xacə Nəsirəddin Tusi (1201-1274) olmuşdur. Onun astronomiya, riyaziyyat və s. kimi dəqiq elmlərlə yanaşı, fəlsəfə, məntiq, etika və estetikaya dair yazdığı əsərləri dünya elminə qiymətli töhfədir. Şərqin Fərabi, İbn Sina, Biruni, Qərbin Platon, Aristotel və b. kimi korifeylərinin təlimlərinə əsaslanaraq, Tusi artıq 13-cü əsrdə insanlığı indinin özündə də düşündürən bir çox məsələlərə çox düzgün və sərrast cavab vermişdir. O, "dövlət" və "qanun" kimi anlayışları işləyib hazırlamış, dövlət və cəmiyyət, dövlət və şəxsiyyət, din və siyasət, dövlət və iqtisadiyyat, hüquq və əxlaq, sosial ədalət, dövlətlərarası münasibətlər, müharibə və sülh, dövlət aparatı, hökmdarın yeri və rolu, hökmdar və onun köməkçiləri, məmurları və s. məsələləri nəzərdən keçirmişdir. Tusi xalqımızın siyasi fikir tarixinə mütərəqqi və humanist bir mütəfəkkir kimi daxil olmuşdur.

Tusinin siyasi görüşlərində "dövlət" anlayışı mühüm yer tutur. Təsadüfi deyildir ki, o, görkəmli dövlətşünas, dövlət nəzəriyyəçisi hesab olunur.

Tusinin fikrincə, dövlət insanların birliyi, cəmiyyətin təbii vəziyyətidir. O belə hesab edirdi ki, insanlar öz mənafeləri əsasında könüllü surətdə birləşmək arzusunda olduqları zaman dövlət əmələ gəlir. Həm də dövlət insanların tələbatını ödəmək məqsədilə yaranır və onlara xidmət edir. Tusi "dövlət" və "cəmiyyət" anlayışlarını təqribən eyni mənada işlədir, dövlət-cəmiyyətin strukturunu təsvir edir. Onun mühüm ünsürləri ailə, məhəllə (rayon, yaxud qrup), şəhər icması, böyük xalqlar icması və ümumdünya icmasıdır.

Tusi belə hesab edirdi ki, insanların həyatı dövlətdən kənarda mümkün deyildir. İnsan dövlətin yardımına, dövlət isə insanın aktiv fəaliyyətinə ehtiyac hiss edir. Bu mənada, Tusinin təlimində dövlət və insan bir-birinin qarşısında məsuliyyət daşıyır. Böyük mütəfəkkir yazırdı: "Dünya əhlinin ictimai quruluşu bir sistem təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tək yaşamaq, inzivayə çəkilmək xəyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhalıq dəhşəti içərisində, əzab, əziyyət və məhrumiyyətlər cəngində məhv olar".



Tusinin fikrincə, dövlət ancaq ədalət əsasında yaşaya bilər. Ədalətin şərtləri isə dövləti təşkil edən dörd "sinif": " qələm əhli" (ziyalılar), “qılınc əhli" (hərbçilər), "müamilə əhli" (tacirlər, sövdəgərlər, sənətkarlar, vergiyığanlar) və "ziraət əhli" (əkinçilər, biçinçilər, bağbanlar, maldarlıqla məşğul olanlar) arasında uyğunluğun yaradılmasıdır. İnsan sağlamlığı dörd ünsür arasında tənasüblükdə olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyində olar", ədalət insanların ləyaqətinə və istedadına görə vəzifəyə təyin edilməsi, hərənin öz payına düşəninin ona verilməsindən ibarətdir. Öz fikrini davam etdirərək o yazır ki, "bu dörd dəstə birgə, əlbir, ahəngdar fəaliyyət göstərdikdə mədəniyyət, fəzilət və səadət sistemi əmələ gələr".

Dövlətin idarə olunmasında hökmdarın şəxsiyyətinə böyük qiymət verən Tusi göstərir ki, ölkə sahibi olmaq istəyənin yeddi xisləti olmalıdır: atalıq, alicənablıq, mətinlik, tam əzm, səbirli olmaq, var-dövlət, sadiq və əməlisaleh köməkçilər. "Həqiqətdə hökmdarlıq o adama yaraşar ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, sağlam olduqda səhhətini qoruya bilsin, çünki hökmdar dünyanın həkimi yerində olar. Xəstəlik isə iki şeydən törəyir: biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda". A.A.Bakıxanov (1794-1847) etika ("Təhzibi-əxlaq"), "(Kitabinəsihət”), tarix (“Gülüstani-İrəm”) və s. elm sahələrində tanınmış mütəfəkkir olmuşdur. Onun fikrincə, cəmiyyət adamların öz tələbatını ödəmək üçün lazım olan birgə yaşayışdır. O yazırdı ki, ehtiyacdan irəli gələn bu əlaqə məişət tərzi adlanır. O, xüsusi mülkiyyətin zəruri olduğunu göstərir, cəmiyyətin siniflərə bölünməsini təbii hal kimi qiymət lən - di rir di. Bakıxanov ictimai hadisələri özünün işləyib hazırladığı etika normaları baxımından qiymətləndirirdi. O belə hesab edirdi ki, insani şəri cəzalandırmaq lazımdır. Bakıxanov mərkəzləşdirilmiş hakimiyyətin, maarifçi, deməli, onun fikrincə, ədalətli monarx hakimiyyətinin tərəfdarı idi. O, xalqı müdafiə etməli və onun qayğısına qalmalı olan monarxın zəkasına böyük ümid bəsləyirdi. Azərbaycan xalqının siyasi fikir tarixində görkəmli yerlərindən birini böyük alim, filosof, tarixçi, şərqşünas, hüquqşünas kimi tanınmış Mirzə Məhəmməd Əli Kazım bəy (1802-1870) tutur. Onun fikrincə, "dünyada, o cümlədən siyasi həyatda hər şey təbii, sarsılmaz qanunlar əsasında inkişaf edir". O, bu müddəasını ictimai inkişaf tarixinə tətbiq edərək, Romanın və Babilistanın timsalında sübut edir ki, ictimai həyat fasiləsiz inkişaf edir. O, Roma imperiyasının süqutuna bu baxımdan yanaşır. O yazırdı ki, Romanın zəifləyib əldən düşmüş qüvvələrinə üstün gələn barbar tayfaları özlərinin azsaylı olmaları və inkişaf səviyyəsi üzündən Roma xalqını özünə tabe etmədi, onunla qovuşaraq yeni mədəniyyətin əsasını qoydu. "Roma ruhu Böyük Krallara, Napoleonlara çevrilmişdir, onun izləri və əlamətləri Qərbi Avropanın bütün təsisatlarından görünür", - deyə o yazırdı. Onun inamına görə, Roma imperiyası iqtisadi ziddiyyətlərin və bununla əlaqədar olan sosial ziddiyyətlərin təsiri altında deyil, müxtəlif siyasi qüvvələr arasındakı didişmələrin, həmçinin mənəviyyatların pozulması nəticəsində süqut etmişdir. M.Kazım bəy Bizans imperiyasının və İranın süqutunu da həmin səbəblərdə görürdü. O yazırdı: "Bizans Asiyada öz hökmdarlığını nəinki böyük çətinliklə saxlaya bilirdi (hələ onun yayılması və möhkəmlənməsi bir yana qalsın), həm də öz doğma ərazisində partiyaların gah anarxiya, gah da müstəbidlikdə təzahür edən, hər cür tarixi mənadan məhrum, siyasi əhəmiyyətini itirib, ayrı-ayrı şəxslərin və ictimai dərnəklərin ehtiraslarının miskin oyununa çevrilən daxili mübarizəsində zəifliyini açıq büruzə verirdi". M.Kazım bəy öz siyasi görüşlərində müstəbidliyin düşməni kimi çıxış edir. Onun fikrincə, müstəbidlik xalqın əsarət altına alınması, onun mədəni inkişafının dayandırılması deməkdir. "Şamil və müridizm" əsərində böyük mütəfəkkir dağlıların çarizmə qarşı mübarizəsinin xarakterini düzgün qiymətləndirir və onu çar hökumətinin müstəmləkə siyasətinə cavab hesab edirdi. O, "Bab və babilər" adlı əsərində babilər hərəkatının siyasi xarakterini düzgün qiymətləndirərək yazırdı: "Bu mübarizədə azadlığa cəhd edən adamların enerjisi və fədakarlığı nəzərə çarpır. Bütün bunlar ruhani hakimiyyəti əleyhinə narazılıqda ifadə olunmuşdur". 19-cu əsr Azərbaycan demokratik siyasi fikrinin ən böyük nümayəndələrindən biri M.F.Axundovdur (1812-1878). Azərbaycanda inqilabçı demokratik siyasi fikir onun yaradıcılığında özünün ən yüksək nöqtəsinə çatmışdır. Axundovun siyasi təlimi öz dərinliyinə, çoxcəhətliliyinə və de - mokratikliyinə görə onun sələflərinin ideya və görüşlərindən əsaslı surətdə fərqlənir. O, feodalizmi zorakı yolla devirmək ideyasını irəli sürmüş, xalqı inqilab etməyə çağırmış, xalq hakimiyyəti ideyaları ilə çıxış etmişdir. Öz yaradıcılığının ilk dövründə "Aldanmış kəvakib" (1857-ci il) əsərini yazmış Axundov burada istibdadın tənqidi, feodal cəmiyyətinin islahat yolu ilə dəyişdirilməsinə çağırışla, maarifçi monarxiyanın təbliği ilə çıxış etmişdir. 1863-1865-ci illərdə Axundov "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktubu və Cəlalüddövlənin ona göndərdiyi cavab" adlı fəlsəfi-siyasi traktatını yazır. Burada, o öz fəlsəfi, ateist, sosial-siyasi və hüquqi görüşlərini geniş şərh etmiş, bir sıra sosial problemlərə öz münasibətini bildirmiş, öz siyasi idealını, cəmiyyətin dəyişdirilməsi profamını ifadə etmişdir. Əsərdə mövcud quruluşa qarşı inqilabi mübarizə yolu açıq etiraf olunmuş, istibdadın zorakılıq yolu ilə devrilməsinə çağırış aydınlıqla səslənmişdir. 60-cı illərin sonu və 70-ci illərin əvvəllərində yazdığı “Yek kəlmə haqqında", "Həkimi-ingilis Yuma cavab", "Con Stüart Mill azadlıq haqqında", "Babilik əqidələri", "İnsan tələbatları haqqında" və s. əsərlərində Axundov ictimai hadisələrin qiymətləndirilməsində, sosial-siyasi problemlərin həllində inqilabçı demokrat kimi çıxış edərək, yeni, ədalətli cəmiyyətin yaradılmasının inqilabi-demokratik proqramını təklif edir, xalq hakimiyyəti yaradılmasına çağırırdı. Axundov sosial tərəqqi məsələlərinə xeyli diqqət yetirərək, onu insan cəmiyyəti üçün səciyyəvi olan təbii, qanunauyğun proses hesab edirdi. Onun fikrincə, tərəqqi cəmiyyətin elə vəziyyətidir ki, "xalq hər xüsusda - ülumda və sənayedə və əqayiddə anən-fəanən talibitərəqqi olub cəhalətdən və bərbəriyyətdən nəcat tapmağa sail olalar”. Tərəqqi daimi və həm də irəliyə doğru inkişaf demək olub, son nəticədə sənayedə, elmdə, mədəniyyətdə əsaslı irəliləyişlərlə səciyyələnən daha yüksək pillə - sivilizasiyaya gətirib çıxarmalıdır. O yazırdı ki, “sivilizasiyon ki, ibarətdir haləti-cahiliyyətdən və bərbəriyyətdən qurtarıb ümuri-məişətdə mərifəti-lazimə hasil edib ülumda və sənayedə və təhzibi əxlaqda bəqədri-imkan dərəcəyi kəmalə çatmaqdan və adabi-təməddündə məharət yetirməkdir.” Buradan çıxış edən Axundov ictimai inkişafın mərhələli olması fikrinə gəlir və onun köklərini açmağa cəhd edir. Dövlət, onun mahiyyəti və əhəmiyyəti haqqında məsələ Axundovun diqqət mərkəzində olmuşdur. O, dövlət və onun idarə olunması məsələlərini siyasət adlandırdığı xüsusi elm sahəsinə aid edirdi. Onun dövlət formaları haqqındakı fikirləri bu baxımdan diqqəti cəlb edir. Yaradıcılığının ilkin mərhələsində o, maarifçi monarxiya dövlət formasının tərəfdarı kimi çıxış edirdi. O, güman edirdi ki, ağıllı monarx xalqın mənafeyini, onun rifahını təmin edə bilər, xalqın mənafeyi naminə islahatlar yolu ilə bir sıra sosial dəyişikliklər edə bilər. “Kəmalüddövlə məktubları"nda Axundov İngiltərənin nümunəsində konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edir. Bununla əlaqədar olaraq o, islahatlar yolu ilə cəmiyyəti dəyişdirmək ideyasından əl çəkir və xalqı inqilaba çağırır. Axundov monarxın hakimiyyətinin parlamentlə, xalqın qanunvericilik fəaliyyətində iştirak etməsi yolu ilə məhdudlaşdırılmasını, iki palatadan ibarət parlament təşkil olunmasını təklif edir. Bunlardan biri təbəələrdən, digəri isə əyanlardan ibarət olmalı idi. Dövlətin bütün qanunları birinci palatada tərtib olunur, sonra ikinci palatanın müzakirəsinə və nəhayət, imzalanmaq üçün hökmdara verilir. Hökmdarın hakimiyyəti qanunla məhdudlaşdırılmışdır, əslində o, "bu qanuna zidd olan heç nə edə bilməzdi". Beləliklə, xalqı təmsil edən palata qanunvericilik funksiyasını yerinə yetirir, monarxın yalnız qəbul olunmuş qanunları təsdiq etmək hüququ vardır. Monarx "millətin vəkili" olmalı, "xalqın özünün iştirakı ilə" qəbul olunmuş qanunlara riayət etməli, "əhalinin himayədarı və ölkənin mühafizəçisi" olmalı, onu övladları hesab etməli və onlara qayğı göstərməlidir. Xalq konstitusiyalı monarxiya zamanında xoşbəxt yaşayır, o, savadlıdır, mədənidir. Burada hakimiyyətlə xalq arasında heç bir nifaq, xalq tərəfindən monarxa qarşı heç bir çıxış yoxdur. 70-ci illərin əvvəllərindən etibarən Axundov xalq haki - miyyətinin tərəfdarı kimi çıxış edir. 1875-ci ildə yazdığı "Yek kəlmə haqqında" adlı məqaləsində o, respublika tərəfdarı olduğunu bildirir. O, belə bir fikir irəli sürür ki, konstitusiyanın yaradıcısı xalq olmalıdır, həm də heç bir monarx olmadan idarə etməlidir. Öz əsərlərində şəxsiyyət problemlərinə böyük əhəmiyyət verən Axundov şəxsiyyətin azadlığı problemlərinə diqqət yetirir və onun mahiyyətini aydınlaşdırmağa çalışırdı. Onun fikrincə, azadlıq insanların bərabərliyini nəzərdə tutur, azadlıq onların müstəqilliyi deməkdir. O yazırdı ki, mənəvi və cismani azadlıq əldə etmədən bərabərlik ağlasığmazdır. O, insanın "təbii hüquqlarının" tərəfdarı kimi çıxış edirdi.

H.B.Zərdabi (1842-1907) də cəmiyyətin mərhələlər üzrə inkişaf etdiyini qeyd edir və istibdadı onun körpəlik mərhələsi hesab edirdi. Siniflərin yaranmasının özünəməxsus nəzəriyyəsini yaradan Zərdabi cəmiyyəti yoxsullara və varlılara bölür və yazırdı ki, mülkiyyət və sərvət əməyin nəticəsidir. Keçmişdə bəziləri çox işləmiş, varlı, qüvvətli olmuşlar, başqaları isə az işləmişlər, ona görə də kasıb və zəif olmuşlar. Beləliklə, ikincilər zəifləmiş, birincilər isə getdikcə daha çox varlanmış və qüvvətlənmişlər. Bu səbəbdən də yoxsullar varlılardan asılı vəziyyətə düşmüşlər. Yoxsulların cahilliyini istəyən varlılar isə onları cəhalətdə və gerilikdə saxlayırlar ki, onların özlərindən asılılığını möhkəmləndirsinlər. Ona görə də ağıllı və ləyaqətli adamların əksəriyyəti öz imkanlarından məhrum olur və heyvan kimi yaşayır. Lakin heyvan həmişə öz ovu uğrunda mübarizə aparır. İnsan isə öz cahilliyi üzündən alın təri ilə özü üçün qazandığını öz əlləri ilə varlıya verir, bununla da onun daha da varlanmasına kömək edir. Zərdabi öz publisistik məqalələrində dövrünün bir sıra əsaslı siyasi məsələlərinə münasibətini bildirmiş və onların bir çoxu haqqında qiymətli fikirlər söyləmişdir. 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Azərbaycanın siyasi fikrində böyük bir canlanma müşahidə olunur. Məhz bu dövrdə həyat mövqeləri, ideya baxışları, məram və məqsədləri bir-birindən çox vaxt kəskin surətdə fərqlənən görkəmli mütəfəkkirlər yaşayıbyaratmışlar. Həmin mütəfəkkirlərdən biri Məhəmməd Ağa Şaxtaxtlı (1846-1931) olmuşdur. Öz dövrünün çox savadlı şəxsiyyətlərindən biri olan M.Şaxtaxtlının məşğul olduğu məsələlərin əhatə dairəsi olduqca geniş idi. Onun publisistik əsərlərində mühüm yer tutan problemlərdən biri sosial tərəqqi olmuşdur. O bu problemə "Müsəlman həyat qabiliyyətinin böhranı" adlı xüsusi bir əsər və "Müsəlmanların avropalaşması" - adlı bir məqalə həsr etmişdir.



Burada "tərəqqi" anlayışı "sivilizasiya", avropalaşma" anlayışlarına tam uyğun gəlir. O yazırdı: "Avropalılar öz həyat tərzindən başqa, özlərinin biliyi, elmi, maarifi, sənayesi ilə, bir sözlə, mədəniyyət, sivilizasiya adlanan nə varsa, onunla müsəlmanlardan üstündürlər". O, avropalaşdırma prosesinə nə isə sarsılmaz bir şey, "sosial qanun" kimi baxırdı. Şaxtaxtlı əhalinin ümumi kütləsindən "yüksək sinfi", "hakim sinfi" və "aşağı sinfi" ayırırdı. Dövlət formaları məsələsində o, respublika idarə formasına tərəfdar çıxırdı. Şaxtaxtlının əsərlərində dövlət, hüquq, din, şəriət, beynəlxalq hüquq və i. a. ilə bağlı bir çox məsələlər tədqiq olunmuşdur. Onun fikrincə, qanun həyatdan geri qalmamalı və onu tənzim etməlidir; qanun həyatdan doğur və ona əks təsir göstərir. Şaxtaxtlı demokratik hüquqların tərəfdarı kimi çıxış edir, "həyat və fəaliyyət azadlığını" "insanın yüksək nemətləri" sırasına aid edirdi. 20-ci əsr Azərbaycan inqilabçı demokratlarının bütöv bir nəslini tərbiyə etmiş görkəmli yazıçı və publisist, "Molla Nəsrəddin" jurnalının banisi və redaktoru C.Məmmədquluzadə (1866-1932) xalqımızın siyasi fikrinin inkişafında böyük rol oynamışdır. 1907-ci ildə yazdığı "Cümhuriyyət" məqaləsində C.Məmməd - quluzadə öz dövlət quruluşu idealını şərh etmişdir. O, demokratik respublikanın qızğın tərəfdarı kimi çıxış edirdi. O yazırdı: "Cümhuriyyət üsulu mocibində məmləkətin idarəsi camaatın öz ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Dəxi heç bir kəsin ixtiyarı yoxdur ki, özünə padşah adı qoyub, millətin rəyindən kənar məmləkət işinə qarışsın. Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir". Onun fikrincə, belə respublikada ən demokratik seçkilər olacaq, bütün vətəndaşlara eyni hüquqlar veriləcəkdir. Bu respublikada prezident təsisatı vardır. Prezident dövlətin ya bütün millət tərəfindən, ya da ölkənin ali qanunvericilik orqanı tərəfindən seçilən başçısıdır. Gündəlik işində ona prezident müavinləri kömək edirlər.

N.Nərimanov (1870-1925) öz yaradıcılığının ilkin dövrlərində kimi fəaliyyət göstərmişdir. N.Nərimanov aşağıdakı dövlət formalarını bir-birindən ayırırdı: despotiya, maarifçi monarxiya, konstitusiyalı monarxiya, demokratik respublika. O, desiotizmi, şərq istibdad üsul-idarəsini kəskin tənqid edirdi. Buradan çıxış edərək, o, gənclik illərində maarifçi monarxiyanı ("Nadir şah") təbliğ edirdi. 1906-cı ildən etibarən N.Nərimanov demokratik respublika tərəfdarı kimi çıxış edir və yazırdı ki, burada dövlət başçısı ümumi seçki yolu ilə seçilir. "Belə bir səltənətdə azadəlik artacaq olar, tərəqqi, millət və dövlət qabağa gedər". O yazırdı ki, dövlət və hüquq bir-biri ilə qarşılıqlı əlaqədə olan və eyni səbəblər-xüsusi mülkiyyətin yaranması və cəmiyyətin antaqonist siniflərə bölünməsi nəticəsində meydana gələn ictimai hadisələrdir. Hüquq hökmran siniflərin iradəsini ifadə edir və istismarçı, cəmiyyətlərdə zəhmətkeşlərin mənafeyinə zidd çıxır. 20-ci əsr Azərbaycan siyasi fikrində M.Ə.Rəsulzadə (1884- 1955) mühüm yer tutur. Onun siyasi görüşlərində müstəqil Azərbaycan dövlətçiliyi ideyası, hürriyyət və azadlıq məsələləri araşdırılmışdır. Rəsulzadə hürriyyətin beş əsas formasını göstərirdi: söz azadlığı, mətbuat azadlığı, cəmiyyət və ittifaq azadlığı, vicdan azadlığı, malın, canın mühafizə olunması. O, hürriyyətin xalq qüvvəsi olduğunu, onun mərkəziyyətə qarşı çevrildiyini göstərərək yazırdı ki, "bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə məhkum edən bir istibdad mərkəziyyət, digər şəkildə - cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hüriyyətdir". Rəsulzadə dövlətin demokratik quruluşuna, şəxsiyyətə, vətəndaş hüquqlarına yüksək qiymət verərək yazmışdır: "Azərbaycan cumhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində qurulmuşdur. Kişi-qadın, müsəlman-xristian, türktürk olmayan, cins-milliyyət fərqi qoymadan varlı-kasıb, sahibkarişçi, torpaq sahibi-muzdur, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına da sahib idilər". Onun fikrincə, dövlət quruculuğu hüquqi əsaslarla aparılmalı, hüquqi dövlətin əsas təsisatları yaradılmalıdır. Azərbaycanın ictimai - siyasi fikir tarixində Əlimərdan bəy Topçubaşovun (1862-1934) özünəməxsus böyük rolu olmuşdur. Ə.Topçubaşov Azərbaycan Demokratik Respublikası parlamentinin sədri, Rusiya imperiyası dövründə seçilən Rusiya Dumasının deputatı olmuş, Rusiya Müsəlmanları İttifaqının yaradılmasında xüsusi xidmətlər göstərmişdir. Bir neçə dəfə keçirilən Ümumrusiya Müsəlmanları Qurultayına sədrlik etmişdir. Ə.Topçubaşovun siyasi baxışlarında müəyyən dövrlər Qafqaz konfederasiyası ideyası mühüm yer tutmuşdur. O, I dünya müharibəsi ərəfəsində bu ideyanı Rusiya imperiyasının Qafqaz xalqları arasında düşmənçilik toxumu səpmək cəhdlərinə qarşı ən səmərəli vasitə hesab edirdi. Rusiyada Oktyabr çevrilişindən sonra 1917-ci il noyabr ayının 14-də Tiflisdə Zaqafqaziya komissarlığının və 1919-cu ilin fevral ayının 10-da Zaqafqaziya Seyminin yaradılması müəyyən mənada Ə.Topçubaşovun təbliğ etdiyi ideyanın həyata keçirilməsi sahəsində atılan addım kimi qiymətləndirilə bilər. Sonrakı dövrlərdə Ə.Topçubaşovun siyasi fəaliyyətində əsas diqqət Azəbaycanın dövlət müstəqilliyinin dünya birliyi tərəfindən tanınmasına nail olmağa yönəldilir. Paris Sülh Konfransı ərəfəsində o deyirdi: "Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai -siyasi həyata qadir olduğumuzu sübut etmək üçün imtahan verməyimizi yaxşı başa düşsün". Azərbaycanda müstəqillik və milli - dövlətçilik ideyalarının işlənib hazırlanmasında Əli bəy Hüseynzadə (1864-1940) və Əhməd bəy Ağayevin (Ağaoğlu) (1869-1939) xidmətləri də böyük və əhəmiyyətli olmuşdur. Azərbaycanda milli mətbuatın inkişafına xüsusi töhfə verən Ə.Hüseynzadə azadlıq ideyalarına böyük önəm verirdi. "Hürriyyət ... o nə qüdrətdir ki, zehnləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir" məşhur kəlamı ona məxsusdur. Əhməd bəy Ağayev milli özünüdərkin ideya əsaslarının işlənib hazırlanmasına həsr edilmiş bir sıra əsərlərin müəllifidir. Onun

ictimai - siyasi fikirlərində cəmiyyətin müasirləşməsi, bu prosesdə milli - mənəvi amilin, o cümlədən islam dini amilinin rolu geniş işıqlandırılmışdır. Ə.Ağayevin ictimai - siyasi baxışları əsasən onun "Üç mədəniyyət" əsərində şərh edilmişdir. "Mədəniyyət demək - həyat tərzi deməkdir" postulatından çıxış edən mütəfəkkir milli mənsubiyyəti qoruyub saxlamaqla müasirləşmək, daha dəqiq ifadə etsək, qərbləşmək ideyasına üstünlük verirdi.



Download 164,33 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Download 164,33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan xalqının siyasi fikir tarixindən

Download 164,33 Kb.