7. Hava elektrik verilişi xətləri
7.1. Hava elektrik veriliş xətlərinin (HX) istismarı zamanı onların etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmət aparılmalıdır.
7.2. Enerjisistem və elektrik şəbəkələrini istismar edən müəssisə yeni layihələndirilən HX-nin texniki sənədlərini razılaşdırarkən, layihə təşkilatlarına HX ərazisində faktiki şəraitə dair məlumatları (iqlim şəraitini, çirklənməni, HX və onların elementlərinin imtinaları üzrə göstəriciləri və yerli şəraiti səciyyələndirən digər faktorları) verməli və layihədə bu məlumatların nəzərə alınmasını tələb etməlidir.
7.3. Hava xətlərini istismar etmək üçün təhvil alacaq elektrik şəbəkəsini istismar edən müəssisə, bu HX tikilərkən, təkmilləşdirilərkən, texniki yenidənqurma işləri aparılarkən işlərin icrasına texniki nəzarət təşkil etməli, görülən işlərin təsdiq olunmuş texniki sənədlərə uyğunluğunu yoxlamalıdır.
7.4. İnşası qurtarmış HX-nin elektrik şəbəkəsini istismar edən müəssisə tərəfindən istismara qəbulu tikinti normaları və qaydalarına, elektrik qurğularının quraşdırılması qaydalarına uyğun aparılmalıdır.
7.5. Texniki xidmət zamanı profilaktik yoxlamalar və ölçmələr aparmaqla HX və onların elementlərinin iş qabiliyyətinin və sazlığının saxlanması, HX elementlərinin vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üzrə işlər yerinə yetirilməlidir.
HX-nın əsaslı təmiri zamanı HX və onun elementlərinin təmir və ya onların etibarlılığını artıran və xəttin istismar xarakteristikalarını yaxşılaşdıran yenilərlə əvəz olunması yolu ilə sazlığının və iş qabiliyyətinin bərpası üzrə işlər yerinə yetirilir.
Texniki xidmət, təmir və texniki yenidənqurma zamanı HX-da icra olunan işlərin siyahısı elektrik stansiyaları və şəbəkələrin bina və qurğularının texniki xidməti və təmiri qaydalarında və HX-nın istismarı üzrə nümunəvi təlimatlarda göstərilir.
7.6. Texniki xidmət və təmir işləri, bir qayda olaraq, HX-nin açılma müddətini mümkün qədər azaltmaqla və bütün lazımi işləri kompleks şəkildə aparmaqla təşkil olunmalıdır. Bu işlər xətti bir fazanı (fazalar üzrə təmir) açmaqla və gərginliyi çıxarmadan icra oluna bilər.
7.7. HX-də texniki xidmət və təmir işləri xüsusi maşınlar, mexanizmlər, nəqliyyat vasitələri, ləvazimat, alət və qurğular tətbiq etməklə aparılmalıdır.
Mexanikləşdirmə vasitələri normalara uyğun tamamlanmalı və müəssisələrin təmir - istehsalat bazalarında (TİB) və onların bölmələrində yerləşdirilməlidir.
HX-də iş aparan briqadalar dispetçer məntəqələri və TİB ilə əlaqə saxlanılması üçün rabitə vasitələrilə təchiz edilməlidir.
7.8. HX-ni istismar edərkən elektik şəbəkələrinin mühafizə qaydalarına ciddi riayət olunmalı və onların yerinə yetirilməsinə nəzarət edilməlidir.
Elektrik şəbəkələrini istismar edən müəssisə hüquqi şəxslər və əhali tərəfdən elektrik şəbəkələrinin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etməli, HX-nın keçdiyi rayonlarda yerləşən müəssisələri, təşkilatları və vətəndaşları göstərilən qaydaların tələbləri haqqında məlumatlandırmalıdır.
7.9. Metal dayaqların, dəmir-beton və ağac dayaqların metal hissələrinin, ildırımdan mühafizə burazlarının və dayaqların buraz elementlərinin korroziyaya qarşı mühafizəsi bərpa olunmalı və ya elektrik şəbəkələrini istismar edən müəssisənin texniki rəhbərinin sərəncamına görə zəruri hallarda yenidən yeinə yetirməlidir.
7.10. HX-nin güclü çirklənməyə məruz qalan sahələrində xüsusi və ya gücləndirilmiş izolyasiya tətbiq edilməli və lazım gəldikdə çirklənmiş izolyatorlar təmizlənməli (yuyulmalı) və ya dəyişdirilməlidir.
Quşların izolyasiyanı çox bulaşdırdıqları ərazilərdə və HX dayaqlarının konstruksiyalarında kütləvi yuva saldıqları yerlərdə quşların həyatına zərər yetirmədən onları hürküdən xüsusi qurğular tətbiq olunmalıdır.
7.11. HX-nin istismarı zamanı işləyən xətlərin digər HX və rabitə xətlərilə kəsişdiyi aşırımlarda kəsən HX-nin hər məftil və ya burazında ən çoxu iki birləşmə olmasına icazə verilir: kəsilən HX-nin məftil və burazlarında birləşmələrin sayı tənzimlənmir.
7.12. Elektrik şəbəkələrini istismar edən müəssisələr aşağıdakıları saz vəziyyətdə saxlamalıdır:
-
su yolları və ya hövzə təşkilatları ilə razılaşdırılmış hövzə HX-nin gəmiüzən və ya ağac axıdılan çayla, habelə göl, su anbarı, kanalla kəsişdiyi yerlərdəki sahillərdə qurulmuş siqnal nişanlarını;
-
yüksək maneələrin markalanması və işıqçəpərləmə qaydalarının tələblərinə uyğun olaraq HX dayaqlarında qurulmuş işıqçəpərləmə qurğularını;
-
HX-nin layihəsinə və normativ sənədlərə uyğun olaraq dayaqlarda quraşdırılan daimi nişanları.
7.13. Elektrik şəbəkələrini istismar edən müəssisələr şosse yolları ilə HX kəsişən yerlərdə quraşdırılan qabarit-ölçü nişanlarının, həmçinin 330 kV və yüksək gərginlikli HX avtomobil yolları ilə kəsişdiyi yerlərdə quraşdırılan və bu HX-nin mühafizə zonalarında nəqliyyatın saxlanılmasını qadağan edən yol nişanlarının saz vəziyyətdə olmasına nəzarət etməlidir.
7.14. HX-nin istismarı zamanı onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməlidir. Vaxtaşırı baxış cədvəlini elektrik şəbəkələrini istismar edən müəssisənin texniki rəhbəri təsdiqləməlidir. Hər bir HX-yə vaxtaşırı baxış xəttin bütün uzunluğu boyu, ildə 1 dəfədən az olmayaraq həyata keçirilməlidir.
Bundan əlavə, ildə 1 dəfədən az olmayaraq, mühəndis-texniki heyət tərəfindən ayrı-ayrı HX-də (və ya onların sahələrində) seçmə baxışlar, əsaslı təmirə çıxarılan bütün xətlərdə (sahələrdə) isə tam baxışlar aparılmalıdır.
Xidmət müddəti 20 il və daha artıq olan, yaxud kəskin çirklənmə zonalarından, həmçinin açıq yerlərdən keçən 35 kV və yüksək gərginlikli HX-də və ya onların sahələrində sıxaclarda və məsafə dayaqlarındakı naqillərə və burazlara seçmə yoxlanılma ilə üstdən baxışlar 6 ildə 1 dəfədən; digər 35 kV və yüksək gərginlikli HX-də (sahələrdə) 12 ildə 1 dəfədən az olmayaraq aparılmalıdır.
0,38-20 kV-lıq HX-də üstdən baxışlar buna ehtiyac olduqda aparılmalıdır.
7.15. HX-yə və ya onların sahələrinə növbədənkənar baxışlar aşağıdakı hallarda aparılmalıdır:
-
naqil və burazlar sırsıra bağladıqda, naqillər rəqs etdikdə, meşə və çöl yanğınlarında, həmçinin başqa təbii fəlakətlərdən sonra;
-
HX rele mühafizəsilə avtomatik açıldıqdan sonra.
7.16. HX-də aşağıdakı profilaktik yoxlama və ölçmələr yerinə yetirilməlidir:
-
HX trassasının vəziyyətinin yoxlanması – baxışların aparılması və naqillərdən yerdəki ağac və kolluğlara qədər olan məsafənni ölçülməsi zamanı; naqillərin asılma oxlarının ölçülməsi – zəruri hallarda; cığır eninin ölçülməsi – 3 ildə 1 dəfədən az olmayaraq;
-
ağac dayaqların detallarının çürüməsinin yoxlanılması – HX istismara daxil edildikdən 3-6 il sonra, sonralar – 3 ildə 1 dəfədən az olmayaraq, həmçinin dayağa qalxmazdan və ya detalların dəyişdirilməsindən əvvəl;
-
baxış zamanı izolyatorların və xətt armaturunun vəziyyətinin gözlə müşahidə ilə yoxlanılması, həmçinin asma nimçəvari çini izolyatorların elektrik möhkəmliyinin yoxlanılması – HX istismara daxil edildikdən sonra birinci dəfə ilin 1-2-ci aylarında, ikinci dəfə 6-10-cu aylarında və sonralar isə HX izolyatorlarının vəziyyətindən və iş şəraitindən asılı olaraq 35-500 kV gərginlikli hava elektrik verilişi xətlərinin istismarı üzrə nümunəvi təlimatda göstərilən dövrülük ilə;
-
baxışların aparılması zamanı dayaqların, naqillərin, burazların vəziyyətinin yoxlanılması;
-
sıxılma, qaynaqlama, bolt (20 kV gərginlikli HX-da) üsulu ilə, oval şəkilli birləşdiricilərlə yerinə yetirilən naqil birləşmələrinin vəziyyətinin yoxlanılması zəruri hallarda xəttə baxış zamanı gözlə müşahidə yolu ilə yerinə yetirilir; 35 kV və yuxarı gərginlikli HX naqillərinin bolt birləşmələrinin vəziyyətinin elektrik ölçülmələri yolu ilə yoxlanılması – 6 ildə 1 dəfədən az olmayaraq; qeyri-kafi vəziyyətdə olan bolt birləşmələri açılır, sonra isə təmir edilir və ya dəyişdirilir;
-
bandajların (sarğıların), bolt birləşmələrinin və anker boltlarının yivli halqalarının (qaykalarının) yoxlanılması və bərkidilməsi – 6 ildə 1 dəfədən az olmayaraq;
-
torpağı qazmağla özüllərin və dartıcılardakı U-şəkilli boltların vəziyyətinin seçmə yoxlanılması – 6 ildə 1 dəfədən az olmayaraq;
-
dəmir-beton dayaqların və dirsəklərin vəziyyətinin yoxlanılması- 6 ildə 1 dəfədən az olmayaraq;
-
metal dayaqlarda və traverslərdə, torpağı qazmaqla metal ayaqaltlıqlarda və anker dartıcılarında korroziyaya qarşı örtüklərin vəziyyətinin yoxlanılması – 6 ildə 1 dəfədən az olmayaraq;
-
dayaq dartıcılarında dartılmanın yoxlanılması – 6 ildə 1 dəfədən az olmayaraq;
-
dayaqların torpaqlanma, həmçinin sıfır naqilinin təkrar torpaqlanma müqavimətinin ölçülməsi – mövcud qaydaların bu bölməsinin 10.7 bəndinə uyğun;
-
1000 V-a qədər gərginlikli HX-da faza-sıfır ilgəyinin müqavimətinin ölçülməsi – istismara qəbul zamanı, sonralar isə- yeni isehlakçılar qoşulduqda və bu müqavimətin dəyişməsinə səbəb olan işlər yerinə yetirildikdə;
-
dayaqların, naqillərin, burazların vəziyyətinin, naqillərdən yerin səthinə və müxtəlif obyektlərə, kəsişən tikililərə qədər məsafənin yoxlanılması – HX-ya baxış zamanı.
7.17. HX-də baxış, profilaktik yoxlama və ölçmələr zamanı aşkar edilmiş nasazlıqlar istismar sənədlərində qeyd olunmalı və onların xarakterindən asılı olaraq tezliklə, texniki xidmət və ya HX-nin əsaslı təmiri zamanı aradan qaldırılmalıdır.
7.18. HX-nın əsaslı təmiri elektrik şəbəkələrini istismar edən müəssisənin texniki rəhbərinin qərarı ilə yerinə yetirilməlidir: dəmir-beton və metal dayaqlarla olan HX-da – 12 ildə 1 dəfədən az olmayaraq, ağac dayaqlarla olan HX-da – 6 ildə 1 dəfədən az olmayaraq.
7.19. HX-nin dayaqları və digər elementlərində konstruktiv dəyişikliklər, həmçinin dayaqların torpaqda bərkidilməsi üsulu yalnız texniki sənədlər olduqda və elektik şəbəkələrini istismar edən müəssisəsinin texniki rəhbərinin icazəsilə yerinə yetirilməlidir.
7.20. Kənd və fermer təsərrüfatı torpaq sahələrindən keçən HX-nin plan üzrə təmiri, təkmilləşdirilməsi və yenidən qurulması bu sahələrdən istifadə edən torpaq sahibləri ilə razılaşdırılmaqla və bir qayda olaraq, bu sahələrdə kənd təsərrüfatı işləri aparılmayan və ya aparılan işlərin qorunub saxlanılması mümkün olan dövrdə yerinə yetirilməlidir.
HX-nin işindəki pozuntuların qarşısını almaq və bu pozuntuların nəticələrini ləğv etmək üçün işlər ilin bütün vaxtlarında, torpaq sahibləri ilə razılaşdırılmadan aparıla bilər, lakin onlara aparılan işlər barədə xəbər verilməlidir.
Göstərilən işləri apardıqdan sonra elektrik şəbəkələrini istismar edən müəssisə, torpaq sahələrini təsərrüfat məqsədləri üçün istifadə edilməsinə yararlı hala salmalı, həmçinin iş aparıldıqda dəymiş zərəri torpaq sahibinə ödəməlidir.
7.21. Naqillərin birgə asılmış HX-ni istismar edən müəssisələr, plan üzrə təmirləri razılaşdırılmış vaxtlarda aparmalıdır. Qəza hallarında təmir işləri qabaqcadan digər tərəfi (xəttin və ya naqillərin sahibini) xəbərdar etdikdən sonra aparılmalıdır.
7.22. Buzbağlamaya məruz qalan 1000 V-dan yuxarı gərginlikli HX-da elektrik cərəyanı ilə buzbağlamanın əridilməsi həyata keçirilməlidir.
Elektrik şəbəkələrini istismar edən müəssisə HX-da buzbağlama prosesinə nəzarət etməli və buzbağlamanın əridilmə sxeminin vaxtında qoşulmasını təmin etməlidir; buzbağlama əridilən HX-lar buzbağlamanın və əridilmə prosesinin avtomatik nəzarət və siqnalvermə qurğuları, həmçinin qısaqapayıcı kommutasiya aparatları ilə təchiz edilməlidir.
7.23. 110 kV və yüksək gərginlikli HX-də zədələnmə, həmçinin 6-35 kV gərginlikli HX-də fazalararası qapanma yerlərini məsafədən müəyyənləşdirmək üçün xüsusi cihazlar quraşdırılmalıdır. Budaqlanmaları olan 6-35 kV gərginlikli HX-də zədələnmiş sahəni göstərən qurğu quraşdırılmalıdır.
Elektrik şəbəkələrini istismar edən müəssisə 6-35 kV-lıq gərginlikli HX-də yerlə qapanma yerlərini müəyyən etmək üçün səyyar cihazlarla təchiz olunmalıdır.
7.24. HX-də qəza zədələnmələrini vaxtında ləğv etmək üçün, elektrik şəbəkələrini istismar edən müəssisələrdə müəyyən edilmiş normalara görə materialların və detalların qəza ehtiyatı saxlanılmalıdır.
|