ELEKTİK STANSİYALARIN VƏ ŞƏBƏKƏLƏRİNİN TEXNİKİ
İSTİSMAR QAYDALARI
BÖLMƏ 5
ELEKTRİK STANSİYALARIN VƏ ŞƏBƏKƏLƏRİNİN ELEKTRİK AVADANLIQLARINƏN İSTİSMAR QAYDALARI
1. Generatorlar və sinxron kompensatorlar
1.1. Generatorların və sinxron kompensatorların istismarında onların buraxıla bilən rejimlərdə fasiləsiz işi, həmçinin təsirlənmə, soyutma, yağ təchizi sistemlərinin, nəzarət, mühafizə və avtomatika qurğularının etibarlı işləməsi təmin edilməlidir.
1.2. Təsirlənmənin avtomatik tənzimləyiciləri (TAT) daim işə qoşulmuş vəziyyətdə olmalıdır. TAT və onun ayrı-ayrı elementlərinin açılmasına yalnız təmir və ya yoxlama zamanı icazə verilir.
TAT-ın sazlanması və işləməsi, generatorların (sinxron kompensatorların) buraxıla bilən iş rejimləri ilə avtomatikanın ümumstansiya və sistem qurğuları ilə uyğunlaşdırılmalıdır.
Elektrik stansiyalarında və enerjisistemdə TAT-ın sazlanmasının əsas parametrləri barədə məlumatlar olmalıdır.
Ehtiyat təsirləndiricilərdə rotorun nominal gərginliyindən 1,3 dəfədən az olmayaraq təsirlənmənin sürətləndirilməsi təmin edilməlidir.
1.3. TAT və işçi təsirlənmənin sürətləndirilmə qurğuları elə sazlanmalıdır ki, şəbəkədə gərginliyin verilmiş azalması halında aşağıdakılar təmin edilsin:
-
əgər bəzi köhnə tipli maşınlar üçün normativ sənədlərlə məhdudlaşmırsa, təyin olunmuş təsirlənmə gərginliyi həddinin, işçi rejimdəki gərginlikdən iki qat az olmaması;
-
təsirlənmə gərginliyinin nominal artma sürəti;
-
verilmiş sürətləndirilmə müddətinin avtomatik məhdudlaşdırılması.
1.4. Generatorlar istismara əsas təsirlənmədə daxil edilməlidir.
İstismar şəraitində əsas təsirlənmədən ehtiyata və ya əksinə keçirmələr generatorlar şəbəkədən açılmadan yerinə yetirilməlidir. İşçi təsirlənmə tənzimləməsi rejimindən ehtiyata və ya əksinə keçirmələr, bir qayda olaraq, generatorların iş rejimləri dəyişilmədən aparılmalıdır.
1.5. Əks təsirlənmə dolağı olmayan bütün generatorlarda və sinxron kompensatorlarda daim işə qoşulmuş vəziyyətdə olan, ifrat gərginliklərdən xüsusi mühafizə (boşaldıcı, söndürücü müqavimət və s.) qurğuları quraşdırılmalıdır.
1.6. Hidrogenlə soyudulan turbogeneratorların val kipləşmələrinin və sinxron kompensatorların yastıqlarının ehtiyat yağ təchizatı mənbələri işçi mənbə açıldıqda və yağın təzyiqi (sərfi) təyin edilmiş həddən aşağı düşdükdə, avtomatik işə qoşulmalıdır.
60MVt və daha artıq güclü generatorlarda kipləşmənin əsas yağ təchizatı mənbələrinin ehtiyatı üçün dempfer (bufer) çənləri daim qoşulu vəziyyətdə olmalıdır. Dempfer çənlərindəki yağ ehtiyatı bütün yağ təchizatı mənbələrinin imtinası zamanı vakuumun kəsilməsi ilə turboaqreqatın bütün qaçış müddəti əzində yağın verilməsini və val kipləşmələrində yağ-hidrogen təzyiqinin müsbət dəyişkənliyinin saxlanmasını təmin etməlidir.
1.7. Hidrogenlə soyudulan turbogeneratorlar və sinxron kompensatorlar quraşdırıldıqdan və əsaslı təmir olunduqdan sonra hidrogenin nominal təzyiqində istismara verilməlidir.
Aktiv hissələri bilavasitə hidrogenlə və ya hidrogen-su ilə soyudulan turbogeneratorların yük altında hava ilə soyutmaqla işləməsi qadağandır.
Bu cür maşınların hava ilə soyutmada qısa müddətli işinə, yalnız təsirlənməsiz, yüksüz işləmə rejimində və havanın temperaturu zavod təlimatında göstəriləndən yüksək olmamaqla icazə verilir. ТВФ seriyalı turbogeneratorlar üçün şəbəkədən açılmış maşının qısamüddətli təsirlənməsinə icazə verilir.
1.8. Generator və sinxron kompensatorların yanğınsöndürmə qurğuları daim işə hazır vəziyyətdə olmalı və onlardan tez istifadə olunması imkanı təmin edilməlidir.
Hava ilə soyudulan generatorlar və sinxron kompensatorlar su səpələyici və ya təsirsiz qaz ilə yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır.
1.9. Generatorlar və sinxron kompensatorların işəsalınması zamanı və istismar müddətində stator, rotor və təsirlənmə sisteminin elektrik parametrlərinə; stator dolağının və poladının, soyuducu cismin, val kipləşdiricisinin, yastıqların və dabanlıqların temperaturuna; təzyiqə, o cümlədən süzgəclərdə təzyiqin dəyişməsinə, sarğılar və digər aktiv və konstruktiv hissələrdə distilə mayelərinin xüsusi müqaviməti və sərfiyyatına; hidrogenin təmizliyinə və təzyiqinə; kipləşmələrdəki yağın təzyiq və temperaturuna; mayeli soyutma sisteminin kipliyinə; bufer çənlərində, hidrogeneratorların yastıq və dabanlıqlarının yağ ləyənlərində yağın səviyyəsinə; turbogeneratorların kontakt həlqələrinin və yastıqlarının, hidrogeneratorların çarpazları və yastıqlarının titrəməsinə nəzarət edilməlidir.
1.10. İşdə, yaxud ehtiyatda olan generator və sinxron kompensatorların qaz-yağ və su sistemlərinin iş göstəricilərinin təyin edilməsi müddətləri aşağıdakı kimi olmalıdır:
-
generatorun gövdəsində hidrogen şehi (rütubəti) nöqtəsinin temperaturu-həftədə bir dəfədən az olmayaraq, qazın fərdi qurudulması sisteminin nasazlığı və ya rütubət təyin edilən səviyyədən artıq olduqda - sutkada bir dəfədən az olmayaraq;
Su ilə tam soyudulan turbogeneratorun gövdəsinin daxilində qazın rütubətliyi fasiləsiz surətdə avtomatik yoxlanmalıdır;
-
maşının gövdəsinin qaz kipliyi (hidrogenin sutkalıq sızması) - ayda bir dəfədən az olmayaraq;
-
maşının gövdəsindəki hidrogenin təmizliyi – kimyəvi nəzarət analizləri üzrə həftədə 1 dəfədən az olmayaraq və avtomatik qaz analizatoru vasitəsilə - fasiləsiz, avtomatik qaz analizatoru nasaz vəziyyətdə olduqda- növbədə 1 dəfədən az olmayaraq;
-
hydrogen – su ilə soyudulan turbo generatorların stator dolaqlarının qazatutucularında və qazsoyuducularında, yastıqların karterlərində, val kipləşmələrinin boşaldıcı yağ kəmərlərində (hava tərəfdən), ekranlanmış cərəyanötürücülərində, xətt və sıfır çıxışların örtüklərində hidrogenin olması – siqnala işləyən avtomatik qaz analizatoru vasitəsilə fasiləsiz olaraq, qaz analizatorunun nasaz vəziyyətində və ya yoxluğunda – səyyar qaz analizatoru, yaxud indicator ilə sutkada 1 dəfədən az olmayaraq;
-
maşının gövdəsinin daxilində, üzgəcli hidrotutquda, üfürmə ləyənində və generatorun yağtəmizləmə qurğusunun hidrogenayırıcısı çənindəki hidrogendə oksigenin olmasını-kimyəvi nəzarətin nəticələrinə görə təsdiqlənmiş cədvələ müvafiq olaraq;
-
generatorun dolaqlarının və digər hissələrinin su ilə soyutma sistemində distilat mayelərinin keyfiyyət göstəricilərini -generatorların istismarı üzrə təlimata uyğun olaraq.
1.11. Hidrogenin təmizliyi: bilavasitə hidrogenlə soyudulan generatorların və bütün tip sinxron kompensatorların gövdələrində 98%-dən; dolayı hidrogenlə soyuduculu generatorların gövdəsində, hidrogenin izafi təzyiqi 0,5 kqq/sm2 (50 kPa) və daha artıq olarkən 97%-dən; 0,5 kqq/sm2 (50 kPa) qədər olarkən isə 95%-dən az olmamalıdır.
Generatorun gövdəsində hidrogen şehi nöqtəsinin temperaturu işçi təzyiqdə 150C-dən artıq olmamalı və həmişə qazsoyuducularının girişindəki suyun temperaturundan aşağı olmalıdır.
Tamamilə su ilə soyudulan generatorun gövdəsində hava şehi nöqtəsinin temperature istismar üzrə zavod təlimatlarında göstərilən qiymətdən yuxarı olmamalıdır.
1.12. Generatorun (sinxron kompensatorun) gövdəsindəki hidrogendə oksigenin miqdarı 1,2%-dən, üzgəcli hidrotutquda, üfürmə ləyənində və generatorun yağtəmizləyici qurğusunun hidrogenayırıcı çənində isə 2%-dən çox olmamalıdır.
1.13. Yastıqların karterlərində, ekranlanmış cərəyanötürücülərində, turbogeneratorların xətt və sıfır çıxışlarının örtüklərində hidrogenin miqdarı 1%-dən çox olmamalıdır. Cərəyanötürücülərdə, xətt və sıfır çıxışlarının örtüklərində hidrogenin miqdarı 1% və ondan yuxarı, yastıq karterlərində val kipləşmələrinin boşaldıcı yağ kəmərlərində isə 2%- dən artıq olduqda turbogeneratorun işləməsinə icazə verilmir.
1.14. Generatorun (sinxron kompensatorun) gövdəsində hidrogenin təzyiqinin dəyişməsi hidrogenin 1 kqq/sm2-dək (100 kPa) nominal izafi təzyiqində 20%-dən artıq olmamalı, daha artıq izafi təzyiqində isə ±0,2 kqq/sm2-dək (±20 kPa) icazə verilir.
1.15. Hidrogenlə soyudulan sinxron kompensatorların yağ nasoslarının sorucu magistrallarında yağın 0,2 kqq/sm2-dən (20 kPa) az olmayan izafi təzyiqi təmin olunmalıdır.
1.16. Generator rotorunun tərpənməz və fırlanma vəziyyətlərində kipləşmələrdə yağın təzyiqi, maşının gövdəsindəki hidrogenin təzyiqindən çox olmalıdır. Təzyiq düşgüsünün aşağı və yuxarı qiymətləri istehsalçı zavodun təlimatında göstərilməlidir.
1.17. Turbogeneratorların valının kipləşmələrinin yağ təchizatı sistemində yağ təzyiqinin tənzimləyiciləri (kipləşmə, sıxılma, kompensasiyaedici tənzimləyicilər) daim işə qoşulmuş vəziyyətdə olmalıdır.
Generator valının yağ kipləşməsi sisteminin yağ kəmərlərində quraşdırılmış armatur işlək vəziyyətdə plomblanmalıdır.
1.18. İşlək təzyiqdə generatorda sutkalıq hidrogen itkisi qazın ümumi miqdarının 5%-indən, üfürülmələri də nəzərə almaqla sutkalıq sərfiyyat isə 10%-dən çox olmamalıdır.
Sinxron kompensatorda hidrogenin sutkalıq sərfiyyatı ondakı qazın ümumi miqdarının 5%-indən çox olmamalıdır.
1.19. Generatorlar, bir qayda olaraq, şəbəkəyə dəqiq sinxronlaşdırma üsulu ilə qoşulmalıdır.
Dəqiq sinxronlaşdırmadan istifadə edildikdə qeyri-sinxron qoşulmaya qarşı bloklama daxil edilməlidir.
Əgər təchizatın texniki şərtlərində nəzərə alınıbsa, və ya istehsalçı zavodla ayrıca razılaşdırılıbsa, şəbəkəyə qoşduqda öz-özünə sinxronlaşma üsulundan istifadə etməyə icazə verilir.
Qəzaları ləğv edərkən gücü 220MVt-yə qədər olan turbogeneratorların və gücündən asılı olmayaraq bütün hidrogeneratorların öz-özünə sinxronlaşma üsulu ilə paralel işəqoşulmasına icazə verilir. Böyük güclü turbogeneratorların bu üsulla işə qoşulmasına blok transformatorların və şəbəkənin induktiv müqavimətləri nəzərə alınmaqla müəyyən edilən ali keçid cərəyanının nominal olan dəfəliyi 3,0-dən artıq olmaması şərtilə icazə verilir.
1.20. Yükün atılması və aqreqatın zədələnməsi, yaxud turbinin tənzimləmə sisteminin nasazlığına səbəb olmayan açılmalar zamanı generatoru müayinə etmədən və yoxlamadan şəbəkəyə qoşmağa icazə verilir.
1.21. Generator və sinxron kompensatorlarda gərginliyin artırılması sürəti məhdudlaşdırılmır.
Bütün generatorlar üçün aktiv yükün götürülmə və dəyişmə sürəti turbin və qazanın işləmə şəraitinə görə müəyyənləşdirilməlidir.
Dolaqları dolayı soyudulan generator və sinxron kompensatorların, qaz-turbin qurğuları turbogeneratorların, həmçinin dolaqları bilavasitə soyudulan hidrogeneratorların rotor və stator dolağında cərəyanın artma sürəti (reaktiv gücün dəyişməsi sürəti) məhdudlaşdırılmır; dolaqları bilavasitə soyudulan turbogeneratorlarda normal rejimlərdə bu sürət aktiv yükün götürülməsi sürətindən artıq olmamalıdır, qəza şəraitində isə məhdudlaşdırılmır.
1.22. Nominal güc əmsalında generatorların nominal gücü (gücü 30MVt və artıq olan turbogeneratorlar və bütün qaz-turbin və buxar-qaz qurğularının turbogeneratorları üçün, həmçinin soyudulma parametrlərinin və güc əmsalının müəyyən olunmuş qiymətlərində uzunmüddətli maksimal güc) və sinxron kompensatorların nominal gücü, eyni vaxtda gərginlik nominal qiymətinin ±5%-dək, tezlik isə ±2,5%-dək dəyişməsində o şərtlə saxlanılmalıdır ki, yüksəlmiş gərginliklə və azalmış tezliklə işləyərkən gərginliyin və tezliyin dəyişmiş qiymətlərinin mütləq cəmi 6%-dən çox olmasın.
Gərginlik ±5% hədlərində dəyişərkən nominal güclə işləmə zamanı alınan ən böyük rotor cərəyanına yalnız soyuducu cismin nominal parametrlərində uzun müddət yol verilə bilər.
Maksimal güclə uzun müddətli iş şəraitində gərginlik ±5%-dək dəyişərkən ən böyük rotor cərəyanına yalnız soyudulmanın müvafiq parametrlərində uzun müddət yol verilə bilər.
Bütün generator və sinxron kompensatorlar üçün ən böyük işlək gərginlik nominalın 110%-indən artıq olmamalıdır. Gərginlik 105%-dən çox olduqda generatorun və sinxron kompensatorun yolverilən tam gücü, istehsalçı zavodun təlimatının göstərişləri və ya sınaqların nəticələri üzrə müəyyən edilməlidir.
Generator və ya sinxron kompensatorda gərginlik nominalın 95%-dən aşağı olduqda stator cərəyanı uzun müddət buraxıla bilənin 105%-indən çox olmamalıdır.
1.23. Generator və sinxron kompensatorların soyuducu cismin müəyyən olunmuş temperaturu və təzyiqində buraxıla bilən qiymətdən artıq cərəyanla uzun müddətli ifrat yüklənməsi qadağandır.
Qəza şəraitində generator və sinxron kompensatorların istehsalçı zavodun təlimatlarına və texniki şərtlərə əsasən stator və rotor cərəyanları üzrə qısa müddətli ifrat yüklənməsinə icazə verilir. Əgər bu barədə müvafiq göstərişlər yoxdursa, onda enerjisistemdə qəza zamanı generatorların və sinxron kompensatorların stator cərəyanı üzrə onların nominalına nisbətən 5.1 cədvəlində göstərilən kəmiyyətlər qədər (dəfə) qısa müddətli ifrat yüklənməsinə icazə verilir.
Dolaqları dolayı soyudulan generator və sinxron kompensatorların təsirlənmə cərəyanı üzrə yolverilən ifrat yüklənməsi statorun yolverilən ifrat yüklənməsilə müəyyənləşdirilir. Rotor dolağı bilavasitə hidrogenlə və yaxud su ilə soyudulan turbogeneratorlar üçün təsirlənmə cərəyanı üzrə yolverilən ifrat yüklənmə rotor cərəyanının nominal qiymətinə nisbətdə cərəyanın dəfəliyi ilə müəyənləşdirilməlidir (cədvəl 5.2).
Cədvəl 5.1.
Generator və sinxron kompensatorların stator cərəyanı üzrə ifrat yüklənməsinin buraxıla bilən qiymətləri (dəfəliyi)
İfrat yüklənmənin
müddəti, dəq.
(çox olmayaraq )
|
Stator dolağı
dolayı soyudularkən
|
Stator dolağı bilavasitə
soyudularkən
|
su ilə
|
hidrogenlə
|
60
|
1,1
|
1,1
|
-
|
15
|
1,15
|
1,15
|
-
|
10
|
-
|
-
|
1,1
|
6
|
1,2
|
1,2
|
1,15
|
5
|
1,25
|
1,25
|
-
|
4
|
1,3
|
1,3
|
1,2
|
3
|
1,4
|
1,35
|
1,25
|
2
|
1,5
|
1,4
|
1,3
|
1
|
2,0
|
1,5
|
1,5
|
Cədvəl 5.2.
Rotor cərəyanı üzrə turbogeneratorların ifrat yüklənməsinin buraxıla bilən qiymətləri (dəfəliyi)
İfrat yüklənmənin müddəti,
dəq. (çox olmayaraq)
|
Turbogeneratorlar
|
ТВФ
(ТВФ-120-2-dən aşqa)
|
ТГВ, ТВВ (500 MVt-da daxil olmaqla, qədər),
ТВФ-120-2
|
60
|
1,06
|
1,06
|
4
|
1,2
|
1,2
|
1
|
1,7
|
1,5
|
0,5
|
2
|
-
|
0,33
|
-
|
2
|
1.24. Stator dolağında və ya generator gərginliyi dövrəsində yerlə birfazalı qapanma əmələ gəldikdə blok generatoru (sinxron kompensatoru) və yaxud generator açarı olmadıqda blok avtomatik açılmalıdır, mühafizə imtina etdikdə isə dərhal yük çıxarılmalı və maşın şəbəkədən açılmalıdır:
-
generator gərginliyində budaqlanması olmayan və xüsusi sərfiyyat transformatoruna budaqlanması olan generator-transformator (kompensator-transformator) bloklarında - qapanma tutum cərəyanının qiymətindən asılı olmayaraq;
-
generator gərginliyində xüsusi sərfiyyat və ya istehlakçı şəbəkə ilə elektrik əlaqəsi olan blok generatorların və sinxron kompensatorların stator dolağında yerlə qapanmada – qapanma cərəyanı 5A və artıq olduqda.
Belə tədbirlər yerlə təbii qapanma cərəyanı 5A və artıq olduqda yığma şinlərə işləyən generatorların və kompensatorların stator dolağındakı yerlə qapanmaya görə də nəzərdə tutulmalıdır.
Xüsusi sərfiyyat və ya istehlakçı şəbəkə ilə elektrik əlaqəsi olan blok generatorların (kompensatorların) və yığma şinlərə qoşulmuş generatorların (kompensatorların) generator gərginliyi dövrələrində yerlə qapanma yarandıqda qapanma tutum cərəyanı 5 A-dan artıq deyilsə və mühafizə siqnala işləyirsə və ya qeyri-həssasdırsa generatoru (kompensatoru) 2 saatdan artıq olmayaraq işdə saxlamağa icazə verilir (qapanma yerinin axtarılması, yükün köçürülməsi üçün).
Stator dolağında qapanma yeri aşkarlandıqda generator (kompensator) açılmalıdır.
Əgər yerlə qapanma stator dolağında deyilsə, onda elektrik stansiyasının və ya elektrik şəbəkəsini istismar edən müəssisənin texniki rəhbərinin göstərişinə görə generatorun (sinxron kompensatorun) şəbəkədə yerlə qapanma vəziyyətində işləməsi 6 saata qədər müddətə uzadıla bilər.
1.25. Rotor dolağı bilavasitə soyudulan turbogeneratorun təsirlənmə dövrəsində siqnalın yaranması və ya ölçmələrlə izolyasiya müqavimətinin kəskin azalması aşkarlanarsa 1 saatdan gec olmayaraq, yerlə qapanmada isə dərhal o, ehtiyat təsirlənməyə və ya ehtiyat təsirlənmə tiristor kanalına keçirilməlidir. Əgər bu halda izolyasiyanın müqaviməti bərpa olunarsa, generator işdə saxlanıla bilər; lakin müqavimət normativ sənədlərdə göstərilən minimum qiymətdən yuxarı olmaqla azalmış qalarsa, generator mümkün olan kimi, lakin 7 sutkadan gec olmayaraq təmirə çıxarılmalıdır.
Ehtiyat təsirlənmə sisteminin yoxluğunda və ya onun istifadəsi mümkün olmadıqda, yaxud ehtiyat təsirlənmə tiristor kanalı nasaz vəziyyətdə olduqda həmçinin izolyasiyanın müqaviməti sonra da azalarsa (istehsalçı zavodun təlimatında, yaxud digər normativ sənədlərdə göstərilən aşağı qiymətlərdən kiçik) turbogenerator 1 saat ərzində yükü çıxarılaraq şəbəkədən açılmalı və təmirə çıxarılmalıdır.
Rotor dolağı dolayı soyudulan turbogeneratorların təsirlənmə dövrəsində yerlə qapanma yarandıqda (izolyasiyanın müqaviməti 2 kOm-a qədər və ondan aşağı olarsa) turbogenerator ehtiyat təsirlənməyə keçirilməlidir. Əgər bu halda yerlə qapanma yox olarsa, generatorun işdə saxlanmasına icazə verilir. Yerlə qapanma rotor dolağında aşkar edildikdə, turbogenerator mümkün olan kimi təmirə çıxarılmalıdır. Rotor dolağının gövdəyə dayanıqlı qapanması zamanı təmirə çıxarılana qədər rotor dolağında yerlə ikiqat qapanmadan siqnala və ya açılmaya işləyən mühafizə tətbiq edilməlidir. Siqnal yarandıqda turbogeneratorun yükü dərhal azaldılmalı və şəbəkədən açılmalıdır. Əgər rotor dolağında yerlə ikiqat qapanmadan mühafizə nəzərdə tutulmayıbsa, yaxud həmin mühafizəni tətbiq etmək mümkün deyilsə, onda 1 saat müddətində turbogeneratorun yükü azaldılmalı, şəbəkədən açılmalı və təmirə çıxarılmalıdır. Təsirlənmə dövrəsində yerlə qapanması olan hidrogenerator və sinxron kompensatorların işlədilməsi qadağandır.
1.26. Stator dolağının fazalarında cərəyanlar fərqi nominalın 12%-dən çox olmayan turbogeneratorların və 20%-dən çox olmayan sinxron kompensatorların və dizel-generatorların uzun müddət işləməsinə icazə verilir.
Stator dolağı dolayı hava ilə soyudulan hidrogeneratorlarda fazaların cərəyanlar fərqinin 125MV∙A və ondan aşağı gücdə 20% və 125MV∙A-dan yuxarı gücdə isə 15% icazə verilir.
Stator dolağı bilavasitə su ilə soyudulan hidrogeneratorlar üçün fazalarda cərəyanlar fərqinin 10% qədər olmasına icazə verilir.
Bütün hallarda fazaların heç birində cərəyan nominaldan artıq olmamalıdır.
1.27. Turbogeneratorların təsirlənməsiz asinxron rejimdə azaldılmış yüklə qısamüddətli işləməsinə icazə verilir. Dolaqları dolayı soyudulan turbogeneratorların göstərilən rejimdə buraxıla bilən yükü nominalın 60%-indən, işləmə müddəti isə 30 dəqiqədən artıq olmamalıdır.
Dolaqları bilavasitə soyudulan turbogeneratorların təsirlənməsiz asinxron rejimində yol verilən yüklənməsi və işləmə müddəti zavod təlimatının göstərişi əsasında, bu olmadıqda isə xüsusi sınaqların nəticələri, yaxud normativ sənədlərin tələbləri əsasında təyin edilməlidir.
Turbogeneratorların asinxron rejimlərinin, onların şəbəkəyə göstərdiyi təsirə görə yol verilməsi, hesablamalar və ya sınaqlar əsasında təyin edilməlidir.
Hidrogeneratorların və yığma dişli rotoru olan turbogeneratorların təsirlənməsiz asinxron rejimində işləməsi qadağandır.
Elektrik stansiyasının digər generatorlarına nəzərən ayrıca təsirlənmiş istənilən tipli generatorun qeyri-sinxron işləməsi qadağandır.
1.28. Generatorun elektrik mühərriki rejimində işləməsinin mümkünlüyü və müddəti turbinin iş şəraiti ilə məhdudlaşır və turbini hazırlayan zavod tərəfindən, yaxud normativ sənədlərlə müəyyənləşdirilir.
1.29. Generatorların nominaldan aşağı güc əmsalı və artıq təsirlənmə ilə (induktiv kvadrantında) sinxron kompensator rejimində uzunmüddətli işinə, soyuducu cismin verilmiş parametrlərində uzunmüddətli buraxıla biləndən yüksək olmayan təsirlənmə cərəyanında icazə verilir.
Sinxron kompensator və natamam təsirlənmə ilə olan sinxron kompensator rejimində (tutum kvadrantında) generatorda buraxıla bilən reaktiv yük zavod təlimatları və ya normativ sənədlərin, onların yoxluğunda isə xüsusi istilik sınaqlarının nəticələri əsasında müəyyən edilməlidir.
1.30. Dolaqları dolayı soyudulan generatorların güc əmsalı nominaldan vahidə qədər artdıqda, tam yükün nominal qiymətini saxlamaqla, uzunmüddətli işləməsinə icazə verilir.
Generatorların natamam təsirlənmə iş rejimində, həmçinin bilavasitə soyudulan generatorlarda güc əmsalı nominaldan vahidə qədər artdıqda buraxıla bilən uzun müddətli yüklənmələr zavod təlimatlarının göstərişləri əsasında, onlar olmadıqda isə, şəbəkədə paralel işin dayanıqlığının təmin edilməsini nəzərə alan normativ sənədlər əsasında təyin olunmalıdır. Generator natamam təsirlənmə rejimində müntəzəm surətdə işlədikdə minimal təsirlənmə cərəyanının avtomatik məhdudlaşdırılması təmin edilməlidir.
1.31. Distilə mayesinin, yaxud dolaqlarda yağın dövranı olmadıqda dolaqları bilavasitə maye ilə soyudulan generatorların yüksüz işləmə rejimindən başqa, digər bütün rejimlərdə təsirlənməsiz işləməsi qadağan edilir.
Bilavasitə maye ilə soyudulan dolaqlarda soyuducu mayenin dövranı kəsildikdə avtomatik olaraq 2 dəqiqə ərzində yük çıxarılmalı (əgər təlimatlarda generatorların ayrı-ayrı tiplərinə daha qəti tələblər göstərilməyibsə), generator şəbəkədən açılmalı və təsirlənmə çıxarılmalıdır.
1.32. Rotor dolağı qazla soyudulan və təsirlənmə sistemlərinin elementləri hava ilə soyudulan generatorların və sinxron kompensatorların bütün təsirlənmə dövrəsinin, 500-1000 V gərginlikli meqaommetr ilə ölçülən izolyasiya müqaviməti 0,5 MOm-dan az olmamalıdır.
Rotor dolağının və ya təsirlənmə sistemi elementlərinin su ilə soyudulmasında təsirlənmə dövrəsində izolyasiya müqavimətinin buraxıla bilən qiyməti, generatorların və təsirlənmə sisteminin istismarı üzrə zavod təlimatları ilə məyyənləşdirilir. Təsirlənmə dövrəsinin izolyasiya müqaviməti normalaşdırılmış qiymətlərdən aşağı olan generator və sinxron kompensatorların işləməsinə bu qaydaların 1.25 bəndinin tələblərini nəzərə almaqla yalnız elektrik stansiyasının və ya elektrik şəbəkəsini istismar edən müəssisənin texniki rəhbəri icazə verir.
1.33. Dolaqların maye ilə soyudulması sistemində və generatorların düzləndirici qurğularında dövran edən distilə mayesinin (izolyasiya yağının) keyfiyyəti generator və təsirlənmə sistemlərinin istismarı üzrə zavod təlimatlarının tələblərinə uyğun olmalıdır.
Maye ilə soyudulma sistemində quraşdırılan süzgəclər daim işəqoşulmuş vəziyyətdə olmalıdır.
Generatorun dolaqlarında distilə mayesinin (distilatın) xüsusi müqaviməti 100 kOm∙sm-dək azaldıqda xəbərdaredici siqnal işləməlidir, 50 kOm∙sm-dək azaldıqda isə generatorun yükü azaldılmalı, şəbəkədən açılmalı və təsirlənmə çıxarılmalıdır.
1.34. Generatorların, sinxron kompensatorların və təsirləndiricilərin yastıqlarının və vallarının kipləşdirmə gövdəsində izolyasiyanın müqaviməti, yağ kəmərlərinin tam yığılması halında 1000 V gərginlikli meqoommetrlə ölçüldükdə, əgər təlimatlarda daha qəti norma göstərilməyibsə 1 MOm-dan, hidrogeneratorların dabanlıqları və yastıqları üçün - 0,3 MOm-dan az olmamalıdır.
Turbogeneratorların val kipləşmələrinin və yastıqlarının, hava ilə soyudulan sinxron kompensatorların və təsirləndiricilərin yastıqlarının, həmçinin hidrogeneratorların yastıq və dabanlıqlarının izolyasiyasının sazlığı (əgər axırıncıların quruluşu imkan verirsə) ayda ən azı 1 dəfə yoxlanılmalıdır.
Hidrogenlə soyudulan sinxron kompensatorlarda yastıqların izolyasiyasının sazlığı əsaslı təmir zamanı yoxlanılmalıdır.
1.35. Açarların natamam faza şəraitində açılmalarında və ya qoşulmalarında transformatorla bir blokda işləyən generatorun zədələnməsinin qarşısını almaq üçün generator blokunun qoşulduğu yanaşı seksiya və ya şin sisteminin açarları ilə açılmalıdır.
1.36. Turbogeneratorların yastıqlarının titrəmələri “Elektrik stansiyaları və istilik şəbəkələrinin istilik – mexaniki avadanlıqlarının istismar qaudaları” bölməsinin 3.26 bəndinin tələblərinə, hidrogeneratorların çarpaz və yastıqlarının titrəmələri isə “Elektrik stansiyaların hidrotexniki qurğuları və su təsərrüfatı, hidroturbin qurğuları” bölməsinin 3.12 bəndinin tələblərinə müvafiq olmalıdır.
Nominal fırlanma sürəti 750 və 1000 dövr/dəq olan sinxron kompensatorlarda yastıqların ikiqat titrəmə amplitudası 80 mkm-dən yuxarı olmamalıdır. Titrəmələrin məsafədən ölçülmə qurğusu olmadıqda nəzarətin dövriliyi kompensatorun titrəmə vəziyyətindən asılı olaraq, lakin ildə 1 dəfədən az olmayaraq, müəyyən edilir.
Turbogeneratorların kontakt halqalarının titrəməsi 3 ayda azı 1 dəfə ölçülməli və 300 mkm-dən artıq olmamalıdır. Kontakt halqalarının titrəməsi 300 mkm- dən artıq olduqda turbogenerator mümkün olan kimi təmirə çıxarılmalıdır. Təmirdən sonra halqaların titrəməsi 200 mkm- dən artıq olmamalıdır.
1.37. Quraşdırıldıqdan və əsaslı təmirdən sonra generator və sinxron kompensatorlar, bir qayda olaraq, qurudulmadan işə qoşula bilər. Qurudulmanın zəruriliyi elektrik avadanlığının sınaq həcmi və normaları ilə müəyyən edilir.
1.38. Dolaqları bilavasitə soyudulan generatorların normal şəraitdə hidrogenlə doldurulması və boşaldılması rotorun tərpənməz vəziyyətində və ya onu valçevirici qurğu vasitəsilə fırladarkən aparılmalıdır.
Qəza şəraitində hidrogenin boşaldılmasına maşının dayanması zamanı başlamaq olar.
Hidrogen və ya hava generatordan (sinxron kompensatordan) nümunəvi təlimatlara uyğun təsirsiz qazlar (karbon qazı və ya azot) vasitəsilə sıxışdırılıb çıxarılmalıdır.
1.39. Hidrogenlə soyudulan generatorlar quraşdırılan elektrik stansiyalarında hidrogen ehtiyatı 10 günlük istismar sərfiyyatını və ən böyük qaztutumlu bir generatorun birdəfəlik doldurulmasını, karbon qazı və ya azotun ehtiyatı isə ən böyük qaztutumlu generatorun altı dəfə doldurulmasını təmin edəcək miqdarda olmalıdır.
Elektrik stansiyalarında ehtiyat elektroliz qurğusu olduqda, resiverlərdə hidrogen ehtiyatının 50% azaldılmasına icazə verilir.
1.40. Hidrogenlə soyudulan sinxron kompensatorlar quraşdırılan yarımstansiyalarda hidrogen ehtiyatı 20 günlük istismar sərfiyyatını və ən böyük qaztutumlu bir kompensatorun birdəfəlik doldurulmasını, elektroliz qurğusu olduqda isə 10 günlük sərfiyyat və göstərilən kompenstorun birdəfəlik doldurulmasını təmin etməlidir. Bu yarımstansiyalarda karbon qazı və ya azotun ehtiyatı həmin kompensatorun üçdəfəlik doldurulmasını təmin etməlidir.
1.41. Qaz ilə soyudulma sisteminin (qaz kəmərlərinin, armaturun, qaz soyuducularının), dolaqların bilavasitə maye ilə soyudulma sisteminin elementlərinin və generatorun gövdəsinin daxilindəki digər aktiv və konstruktiv hissələrin, həmçinin bütün su və qaz-yağ sisteminin elektrik avadanlıqlarının texniki xidmət və təmir işlərini, turbogeneratorun hava ilə soyudulmadan hidrogenlə soyudulmaya və əksinə keçirilməsini, yağ kipləşmələrinin təmirdən sonra işə qəbul edilməsini, hidrogenin verilmiş təmizliyinin və təzyiqinin, həmçinin turbogeneratorda qaz mühitinin nəmliyinin saxlanılmasını elektrik stansiyasının elektrik sexi həyata keçirməlidir.
Val kipləşmələrinin yağ təchizatı sisteminin (yağ təzyiqinin tənzimləyiciləri daxil olmaqla), bütün növ valların yağ kipləşmələrinin, soyuducu suyun qazsoyuducularına qədər olan sahəsində avadanlıqların və paylayıcı şəbəkənin, həmçinin generatordan kənarda soyuducu distllə mayesinin (distilat) verilmə və axma sistemi avadanlıqlarının işinə nəzarəti və təmirini turbin və ya qazan-turbin sexi yerinə yetirməlidir.
İxtisaslaşdırılmış təmir sexi olan elektrik stansiyalarında, göstərilən avadanlıqların təmirini həmin sex yerinə yetirməlidir.
Bir sıra elektrik stansiyalarında yerli şərait nəzərə alınmaqla generatorların düyün və sistemlərinə xidmət üzrə funksiyaların yuxarıda göstərilən paylaşdırılmasından mümkün kənarlaşmalar elektrik stansiyasının texniki rəhbərinin sərəncamı ilə təsdiq edilməlidir.
1.42. Generatorların əsaslı və cari təmirləri turbinlərin əsaslı və cari təmirləri ilə birgə aparılmalıdır.
Sinxron kompensatorların əsaslı təmiri 4-5 ildə 1 dəfə aparılmalıdır.
Turbogenerator və sinxron kompensatorlarda rotor çıxarılmaqla ilk təmir işləri, o cümlədən əsas hissələrin bərkidilməsinin gücləndirilməsi, stator yarıqlarının yenidən pazlanması, şin və dirsək bərkitmələrinin yoxlanılması, statorun nüvəsinin bərkidilməsinin və məngənələnməsinin sıxlığının yoxlanılması 8000 saat istismar müddətindən gec olmayaraq aparılmalıdır. Hidrogeneratorlarda ilk təmir işləri 6000 saat istismar müddətindən gec olmayaraq aparılmalıdır.
Sonrakı təmirlər zamanı generator və sinxron kompensatorların rotorlarının çıxarılması zəruriyyət yarandıqda və ya normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməlidir.
|