|
İkinci elektrik qida mənbələri
|
bet | 88/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an İkinci elektrik qida mənbələri
Birinci elektrik qida mənbəyinin enerjisini konkret elektron qurğusunun və ya sistemin tələblərinə uyğun tezliyə, səviyyəyə və stabilliyə çevirən elektron qurğusuna ikinci elektrik qida mənbəyi deyilir.
Birinci elektrik qida mənbəyi kimi, adətən, dəyişən cərəyana malik sənaye elektrik şəbəkəsindən, müstəqil (avtonom) dəyişən (generatorlar) və sabit (akkumulyator, kimyəvi batareyalar) cərəyan mənbələrindən istifadə edilir.
Analoq inteqral sxemlərin tətbiqi ilə yaradılan elektron qurğularının qidalanması üçün birinci qida mənbələri əsasən yararlı olmur. Buna səbəb müasir element bazasının, o cümlədən inteqral mikrosxemlərin qidalanması üçün tələb olunan sabit gərginliyin səviyyəsinin aşağı olması (adətən 5 .. 15 V) və onun verilmiş normal qiymətdən fərqlənməsinin (5 … 10) % diapazonunda olmasıdır. Çox dəqiq analoq qurğular üçün, məsələn, analoq-rəqəm və rəqəm- analoq çeviriciləri üçün qida gərginliyinin stabilliyi (0,1…0,01) % sərhədində olur. Birinci qida mənbəyi belə dəqiqliyi təmin edə bilmir. Odur ki, ayrı-ayrı elektron qurğularının qidalanması üçün lazım olan gərginliyin tezliyini, səviyyəsini və stabilliyini təmin edən xüsusi qurğulardan istifadə olunması lazım gəlir.
İkinci qida mənbələri elektron və digər qurğuların birbaşa qidalandırılması üçün zəruri olan gərginliyin alınması üçün nəzərdə tutulub. Birinci elektrik qida mənbəyi kimi sabit cərəyan mənbələri istifadə olunduqda ikinci qida mənbələrinin tərkibinə, onun çıxışında tələb olunan gərginliyi təmin etmək üçün stabilizator, gərginlik çeviricisi və bəzi hallarda süzgəc tələb oluna bilər. Birinci elektroqida mənbəyi dəyişən cərəyan mənbəyi, məsələn, sənaye elektrik şəbəkəsi olduqda çıxış gərginliyinə qoyulan tələblərdən asılı olaraq ikinci qida mənbəyinin tərkibində güc transformatoru, düzləndirici bloku, hamarlayıcı süzgəc, gərginlik, bəzən cərəyan stabilizatoru, qoruyucu dövrə və s. ola bilər.
Müasir ikinci elektrik qida sistemləri istehlakçıları stabilləşdirilmiş sabit və dəyişən cərəyan gərginlikləri ilə təmin edir, həmçinin, şəbəkə və kommutasiya maneələrinin filtrasiyasını, idarəetmə, nəzarət və qəza hallarından müdafiə məsələlərini həyata keçirir.
Ümumi halda, ikinci qida mənbələri bir neçə tamamlanmış funksional bloklardan təşkil olunur. Bu blokların sxem quruluşlarının müxtəlifliyini üç əsas qrupa - gərginliyin tələb olunan tezliyini, səviyyəsini və stabilliyini təmin edən qurğulara ayırmaq olar.
Tezliyi təmin edən qurğular çevrilən enerjinin növündən asılı olaraq, iki əsas sinfə – düzləndiricilərə və invertorlara ayrılır. Düzləndiricilər dəyişən cərəyan gərginliyini sabit toplanana malik gərginliyə (döyünən gərginliyə) çevirən qurğulardır. İnvertorlar sabit gərginliyi tələb olunan forma və tezliyə malik dəyişən gərginliyə çevirən qurğulardır.
Gərginliyin səviyyəsini təmin edən qurğular həm sabit, həm də dəyişən gərginliyin bir səviyyəsini gərginliyin digər səviyyəsinə çevirir.
Gərginliyin stabilliyini təmin edən qurğular iki əsas sinifə – hamarlayıcı süzgəclərə və stabilizatorlara ayrılırlar. Hamarlayıcı süzgəclər döyünən gərginlik və ya cərəyanın ani qiymətlərini stabilləşdirən qurğulardır. Stabilizatorlar çıxış gərginlik, cərəyan və gücün orta qiymətini stabilləşdirən qurğulardır.
Struktur sxemlərindən asılı olmayaraq, ikinci qida mənbələri aşağıdakı
əsas elektrik parametrlərinə malik olurlar:
giriş və çıxış gərginliklərinin nominal səviyyələri Ugir.nom , Uçıx.nom.;
giriş və çıxış gərginliklərinin nominal qiymətlərindən maksimum fərqlənməsi (bu parametr bəzən gərginliyin nisbi dəyişməsi və ya qeyri-stabillik əmsalı ( U) adlanır);
çıxış gücünün dəyişmə diapazonu;
giriş və çıxış gərginliklərinin dəyişən toplananlarının amplitudalarının maksimum səviyyəsi.
Standart sənaye şəbəkəsi 50 Hs tezlikli 220V/380V, bir sıra xarici ölkələrdə isə 60 Hs tezlikli şəbəkə istifadə olunduğundan bu şəbəkəyə hesablanmış ikinci qida mənbələrinin (İQM) tipik sxemlərini nəzərdən keçirək.
Tezlik çeviricisi olmayan İQM-in struktur sxemi şəkil 7.1. – də verilmişdir. Bu tipli İQM güc transformatorundan, düzləndirici qurğudan, hamarlayıcı süzgəcdən və gərginlik stabilizatorundan ibarətdir. Güc transformatoru şəbəkə gərginliyini tələb olunan qiymətə qədər dəyişir və İQM- in şəbəkə ilə qalvanik ayrılmasını yerinə yetirir.
+
|
| |