Bir fazalı iki yarımperiodlu düzləndirici. İki yarımperiodlu düzləndirici sxemində dəyişən siqnalın həm müsbət, həm də mənfi hissəsi (yarımperiodu) iştirak edir, yəni yük cərəyanı giriş siqnalının hər iki yarımperiodunda axır. Ona görə də, sxem üçün iki diod və ortaq nöqtəsi olan transformator tələb olunur. Orta nöqtə sxemin ümumi nöqtəsinə qoşulur (torpaqlanır) (şəkil 7.4). Transformatorun ikinci dolağındakı tam gərginlik qida mənbəyinin çıxış gərginliyinin iki qat qiymətinə bərabər olur.
Şək. 7.4. Bir fazalı iki yarımperiodlu düzləndirici
Süzgəcin kondensatorları bir yarımperiodlu sxemə nəzərən iki dəfə tez dolurlar, çünki köməkçi R yük müqavimətindən hər iki yarımperiodda eyni istiqamətdə cərəyan axır. Ona görə də, döyünmələrin tezliyi iki dəfə çox olur. Bu halda çıxış gərginliyinin hamarlanması dərəcəsi bir fazalı bir yarımperiodlu düzləndiriciyə nəzərən iki qat yüksək olur.
İki yarımperiodlu körpü düzləndiricisi. Körpü sxemi ortaq nöqtəsi olmayan transformatordan istifadə etməklə iki yarımperiodlu düzləndirmə almağa imkan verir (şəkil 7.5).
Müsbət yarımperiodda, yəni transformatorun ikinci dolağının yuxarı ucu müsbət olduqda, cərəyan ikinci dolağın yuxarı ucundan VD2 diodu vasitəsilə yükdən və yaxud köməkçi R yük müqavimətindən, VD4 diodundan ikinci dolağın aşağı ucuna doğru axır. Mənfi yarımperiodda, yəni transformatorun
ikinci dolağının aşağı ucu müsbət olduqda, cərəyan dolağın aşağı ucundan VD3 diodu, R1 müqaviməti və VD1 diodu vasitəsilə dolağın yuxarı ucuna axır. Hər iki yarımperiodda R1 müqavimətindən eyni istiqamətdə cərəyan axır. Odur ki, iki yarımperiodlu düzlənmə alınır. Bu sxem döyüntünün daha yüksək tezliyini və onun səmərəli süzülməsini təmin edir. Çıxış gərginliyinin böyük qiymətlərində bu sxem daha səmərəli olur.
Şəkil 7.5. İki yarımperiodlu körpü düzləndiricisi
Əgər düzləndiricinin körpü sxemi ortaq nöqtəsi olan qida gərginliyi ilə birlikdə istifadə olunarsa, hər cüt diodların orta nöqtələrini yük müqaviməti vasitəsilə giriş mənbəyinin orta nöqtəsinə qoşduqda, düzləndiricinin çıxışında qiymətcə bərabər, işarəcə əks olan gərginliklər alınır. Orta nöqtəsi olan qida gərginliyi üçün körpü sxemi şəkil 9.6–də göstərilmişdir. Düzləndiricinin belə sxemi ƏG istifadə olunan qurğularda tətbiq edilir.
Şək. 7.6. Orta nöqtəsi olan qida gərginliyi üçün körpü sxeminin qoşulması
|