Mövzu 6. Biotexnologiya
Biotexnologiyanın formalaşması məsələsinə birmənalı yanaşma yoxdur. Bəzi tədqiqatçılara görə (Ovçinnikov, Buev, Skryabin) biotexnologiya qıcqırma, spirt alınması, siloslaşma ilə bağlı qədim sahədir; digərləri (Ayba, Xemfri, Millis) belə hesab edirlər ki, bu tarix “Merk Kemikal Kompani” şirkətinin 1947-ci ildə biokimyəvi texnologiya sahəsində “Mak-Qo-hill” mükafatı almasından başlayır. Nəhayət böyük çoxluq biotexnologiyanın XX əsrin 70-ci illərində gen mühəndisliyinin yaranmasından sonra təşəkkül tapdığını bildirir. Onu da qeyd etmək yerinə düşər ki, müasir biotexnologiyanın meydana gəlməsində mikrobiologiya sənayesinin mövcud sahələri də baza rolu oynamışdır. Keçən əsrin 50-ci illərindən başlanan bu dövr öz köklərini qədim sivilizasiyadan götürür. Biotexnologiyanın formalaşmasına qədərkı tarixi bir sıra mərhələlərə bölmək olar: - bizim eradan əvvəl 6-cı minillikdə emprik texnologiyanın meydana gəlməsi; - XV-XVI əsrlərdə təbii elmlərin təşəkkül tapması; - mikrobioloji istehsalın formalaşması və XIX əsrin sonu XX əsrin 10-cu illərində, digər elmlərlə mikrobioloji istehsalın qarşılıqlı əlaqəsinin yaranması nəticəsində, mikrobioloji istehsalda inqilabi dəyişikliklərin meydana gəlməsi; - müasir biotexnologiyanın (XX əsrin 10-40-cı illərində) meydana gəlməsi üçün elmi-texniki şərtlərin yaradılması. İnsanlar çox qədim zamanlardan öz təsərrüfatında bioloji orqanizmlər, o cümlədən mövcudluğunu bilmədikləri mikroorqanizmlərdən istifadə etmişlər. Təcrübədə istifadə olunan ilk mikrobioloji proses qıcqırmadır. Bu, mikrob fermentlərinin təsiri altında üzvi substratda baş verən maddələr mübadiləsi nəticəsində yaranan dəyişiklikdir. Qıcqırma proseslərinin törədiciləri göbələk, bakteriya və mayalardır. Qeyd olunan orqanizmlər nisbətən sadə şəraitdə asan dirçəlir, sürətlə çoxalır və üzvi maddələrin parçalanmasını törədən fermentlər sintez edirlər. Qıcqırma qədim zamanlardan çörək bişirmədə, pivə və şərabçılıqda tətbiq olunmuşdur.
XX əsrin əvvəllərində “mutasiya”, “gen” terminləri irəli sürüldü, Settona-Boveri hipotezi meydana gəldi ki, bu da xromosomların irsi əlamətlərin daşıyıcısı olduğunu əks etdirirdi. Rus sitoloqu Navaşin xromosomların quruluş xüsusiyyətlərini açdı və irsiyyətin əsasında xromosom nəziyyəsinin bünövrəsini qoydu. Beləliklə, həmin dövrün bilikləri bir çox istehsal proseslərinin biotexnologiyasının elmi əsaslandırılmış işlənməsinə başlanmasına imkan verdi. Müasir biotexnologiyanın meydana gəlmə ərəfəsindəki tarixi (XX əsrin 10-40-cı illəri) şərti olaraq iki mərhələyə bölmək olar. Birinci mərhələdə, əvvəlcə mövcud istehsal texnologiyalarının təkmilləşdirilməsi baş verdi; sonra mikrobiologiya, biokimya və həmin dövrün digər elmlərinin inkişafı hesabına yeni istehsalın təşkili üçün təkmilləşdirilmiş prinsipial aparat və texnologiya yarandı. Bu dövrdə yeni ekoloji təmiz biogübrə və kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı bioloji preparatlar buraxılışına başlandı; bir sıra məqsədli məhsulların (üzvi həlledicilər, spirtlər) istehsalı meydana gəldi, biotexnoloji emal prosesləri və bitki qalıqlarından istifadənin sınaqlarına start verildi. Bu dövrün ikinci mərhələsi bir sıra mürəkkəb maddələrin – antibiotiklər, fermentlər, vitaminlərin biotexnoloji metodlarla alınması ilə sıx əlaqədardır. Bu dövrün inqilabi anı antibiotiklər istehsalı texnologiyasının sənayedə realizə olunmasıdır. Bunun üçün Fleminq, Flori və Çeynin kəşfləri dönüş nöqtəsi oldu. Onlar pensilinin kimyəvi müalicəvi təsirini aşkar etdilər. Bununla eyni vaxtda keçmiş SSRİ-də Yermolova lizosemin təsirini öyrənmiş və onu təbii immunitet faktoru kimi qeyd etmiş, Hauze və Brajnikova yeni fəal preparat-qamisidin antibiotiki almışlar. İkinci dünya müharibəsindən sonra sənaye biotexnologiyasının intensiv inkişafı gedişində amin turşular, birhüceyrəli zülallar istehsalı təşkil olunmuş, steroidlərin çevrilmələri, heyvan və bitki hüceyrələrinin artırılması mənimsənilmişdir.
Mikroorqanizmlərin infakt hüceyrələri steroid təbiətli dərman maddələri almaq üçün geniş istifadə olunmağa başlandı və vaksinin geniş istehsalı təşkil olundu. Son 25-30 ildə meydana gəlmiş yeni biotexnoloji proseslər erası immobilizə olunmuş (bərkidilmiş) fermentlər və hüceyrə orqanoidlərindən istifadəyə, həmçinin DNT rekombinatı metodlarına əsaslanırdı. Hazırda güclü inkişaf edən gen və hüceyrə mühəndisliyi onunla bağlıdır ki, biotexnologiya tədricən yeni-yeni istehsal sahələrini əhatə edir və insan fəaliyyətinin bir çox sahələrində qətiyyətlə tətbiqini tapır. 60-cı illərin sonunda immobilizə olunmuş fermentlər və hüceyrələr yalnız yarımsintetik preparatların deyil, həm də qeyri-mürəkkəb biokimyəvi analizlərin aparılmasında uğurla tətbiq olunmağa başlandı. Gen mühəndisliyinin meydana gəlməsini şərti olaraq 1972ci ilə aid edirlər. Bu vaxt ABŞ-da Berq tərəfindən DNT-nin rekombinat molekulu alındı. 70-ci illərin ortalarında bu problemlə dünyanın bütün ölkələrində minlərlə elmi kollektiv və sənaye şirkətləri intensiv məşğul olmağa başladı. “Genetika” və “mühəndislik” sözünün birgə ifadəsi sübut edir ki, DNK rekombinatının qurulması mümkün olmaqla, məqsədyönlü şəkildə süni genetik proqamlar yaradıla bilir. Bu bir çox vacib preparatların alınmasının təşkilinə imkan verməklə yanaşı, həmçinin sənaye toksikantlarının yeni super ştamlarının deqadatorlarının alınması üçün zəmin yaratmış oldu. Beləliklə, biotexnoloji proseslər də daxil olmaqla, yeni biotexnologiyanın müxtəlif sahələrində inqilabi dəyişikliklər baş verdi. Həmin metodlar ekoloji təmiz biotexnologiyanı intensivləşdirməyə, qida və yeni preparatlar istehsalına, insanlığı material və enerji, həmçinin təbiəti mühafizə ehtiyatları ilə təmin etməyə imkan verir. Göründüyü kimi, bioloji proseslərin kökü çox qədimlərə
getməklə, onların gələcəyi qeyri-adi dərəcədə geniş və perspektivlidir. Bioloji texnologiya (biotexnologiya) insan həyatının müxtəlif sahələri üçün faydalı məhsulların idarə olunmaqla alınmasını təmin edir. Bu texnologiya müxtəlif bioloji agent və sistemlərin-mikroorqanizmlər, viruslar, bitki və heyvan hüceyrə və toxumları, həmçinin hüceyrədən kənar maddələr komponentlərinin katalitik potensialından istifadəyə əsaslanır. Hazırkı zamanda biotexnologiyanın işlənməsi və mənimsənilməsi praktik olaraq bütün ölkələrin fəaliyyətində vacib yer tutur. İnkişaf etmiş ölkələrin iqtisadi siyasətində mərkəzi vəzifələrdən biri biotexnologiyada nailiyyətlər qazanılmasıdır. İndi ABŞ və Yaponiya biotexnologiyada lider olub, kənd təsərrüfatı, əczaçılıq, qida və kimya sənayesi üzrə bu sahədə çoxillik təcrübələrə malikdirlər. Qərbi Avropa ölkələri (AFR, Fransa, Böyük Britaniya), həmçinin Rusiya ferment preparatları, amin turşuları, zülal, təbii ləvazimatlar istehsalında mövqelərini möhkəmləndirməkdədirlər.
Biotexnologiya yunan sözü olub “bios” – həyat, “teken” – sənət, “loqos” – söz, öyrənmə mənasındadır. Biotexnologiya biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir. Eyni zamanda insanı əhatə edən təbii sərvətlərin onun tələblərinə uyğun dəyişdirilməsinə yönəldilmiş təcrübələr toplusudur. O, çox vaxt bioloji agentlərin (canlı orqanizmlər, toxuma və hüceyrələr) köməyilə insan üçün faydalı məhsullar alınmasının kompleks metod və üsullarını əks etdirir. Qeyd olunanları və digər məqamları nəzərə alaraq belə demək olar ki, biotexnologiya - mikroorqanizmlər, heyvan və bitki hüceyrələri, yaxud hüceyrədən izolə edilmiş bioloji strukturdan istifadə edilməklə, idarə olunan şəraitdə insan üçün faydalı maddə və məhsulların alınma metodlarını öyrənən elmdir. O, insanın praktik maraqlarında canlı orqanizmlər və bioloji proseslərdən istifadə edir. “Biotexnologiya” terminini ilk dəfə 1917-ci ildə macar mühəndisi Karl Ereki tətbiq etmişdir. O, donuzların şəkər çuğunduru yemindən istifadə edilməklə bəslənmə prosesini təsvir etmək üçün bu termindən istifadə edir. Erikə görə biotexnologiya “canlı orqanizmlərin köməyilə xam materiallardan bu və ya digər məhsullar istehsalı üzrə aparılan bütün işlərdir”. Lakin alimlər arasında “biotexnogiya” anlayışı ilə bağlı hələ də vahid və dəqiq mövqe yoxdur. Bunu onunla izah edirlər ki, müasir “biotexnologiya” ayrıca elm olmayıb, bioloji, dəqiq və s. elm sahələrini əhatə edən və çoxsaylı elmləri birləşdirən bütöv bilik sahəsidir. Tarixi nöqteyi-nəzərdən biotexnologiyanın meydana gəlməsi mayalardan ilk dəfə pivə, bakteriyalardan isə yoğurt istehsalında istifadə edilməsindən hesablanır. Hazırda müasir dünya qlobal biotexnoloji fırtına yaşamaqdadır. İndi biotexnologiya nisbətən ucuz, əlçatan və yenilənə bilən materiallardan müxtəlif maddə və birləşmələrin alınmasına imkan verir. Bu günün biotexnologiyası sənaye və çoxmilyonlu biznes elmidir. Biotexnologiyanın əsas məqsəd və vəzifələri bioloji fəal birləşmələrin alınması (fermentlər, hormonlar, amin turşular, vaksinlər, dərman preparatları), həmçinin yeni maddə molekullarının qurulması və təbiətdə olmayan (fantastik hibrid molekulları, fantastik heyvan və bitki toxuma və orqanizmləri) yeni orqanizm formalarının yaradılmasına yönələn metod və üsulların işlənib hazırlanmasından ibarətdir. Başqa sözlə, biotexnologiya – texnika və sənaye istehsalında bioloji proseslərdən istifadə edilməsinə dair elmdir. Müasir biotexnologiya öz inkişafına XX əsrin 70-ci illərində başlamışdır. Bu zaman biokimya, molekulyar genetika və molekulyar biologiyada əhəmiyyətli uğurlar qazanılmışdı. Bütün bunlar hüceyrənin həyat fəaliyyətinin idarə olunması üçün real zəmin yaratmış və fundamental tədqiqatların təcrübi məqsədlərlə istifadəsinə güclü stimul vermişdir. Molekulyar biotexnologiyanın özəyi molekulyar biologiya, mikrobiologiya, genetika, biokimya, biofizika, texnologiya və cihazqayırmadır. Son 40-50 ildə bu elmin sıçrayışlı inkişafı baş vermişdir ki, bu da baytarlıq və tibbi biopreparatlar istehsalında inqilabi dəyişikliklərə təkan vermişdir. Belə tədqiqatlar elmi-texniki tərəqqinin üstün istiqamətlərindən olub, 21-ci əsrdə bütün elmlər arasında ən aparıcı yer tutmaqdadır.
Elmi-texniki tərəqqinin müasir mərhələsi biologiyada inqilabi dəyişikliklərlə səciyyəvi olub, bu sahəni təbii elmlərin liderinə çevirmişdir. Biologiya molekulyar və subhüceyrə səviyyəsinə qalxmaqla, onda elmlər qarışığının (fizika, kimya, riyaziyyat, kibernetika və s.) intensiv metodları, sistemli yanaşmaları əksini tapmışdır. Bioloji profilli kompleks elmlərin tətbiq sahəsinin genişləndirilməsi ilə güclü inkişafı həm də cəmiyyətin sosial-iqtisadi tələbləri ilə bağlı olmuşdur. Hazırda yeni biotexnologiya (biomühəndislik) – gen mühəndisliyi, yəni geni dəyişdirilmiş bitki, heyvan və mikroorqanizmlərin yaradılması və istifadə texnologiyalarına dair elm sahəsi formalaşmışdır. İnsan həyatının müxtəlif sahələrində biotexnoloji proseslərin tətbiqinin perspektivliyi və səmərəliliyi onların kompaktlığı və eyni zamanda geniş masştablılığı, əmək məhsuldarlığının və mexanikləşdirilmə səviyyəsinin yüksəkliyi ilə əlaqədardır. Bu proseslər nəzarət, tənzimlənmə və avtomatlaşmaya gedəndir. Kimyəvidən fərqli olaraq biotexnoloji proseslər “yumşaq” rejimdə - normal təzyiq, temperatur şəraitində realizə olunur, ətraf mühiti qalıqlar və köməkçi məhsullarla az çirkləndirir. İqlim və hava şəraitindən asılılığı azdır, böyük torpaq sahəsi, pestisid, herbisid və ətraf mühit üçün yad olan digər agentlər tələb etmir. Odur ki, biotexnologiya və onun ayrı-ayrı bölmələri elmi-texniki tərəqqinin daha prioritet istiqamətlərindən sayılır. Biotexnologiya hazırda güclü inkişaf fazasında olsa da, onun səviyyəsi əsasən ölkənin elmi-texniki potensialı ilə müəyyən olunur. Biotexnoloji proseslər tarixi köklərinə və quruluşuna görə çoxşaxəli olub, özündə fundamental elmlərin elementlərini, həm də kimya texnologiyası, maşınqayırma, iqtisadiyyat kimi bir sıra tətbiqi sahələri ehtiva edir. Onun və bölmələrinin çoxşaxəli elmiliyi, təbiətin saxlanması məqsədinə xidmət edən vəzifələrin həllinə yönəlmişdir. O, özünü orqanizm (ekologiya), bioloji orqanizm (mikrobiologiya, mikologiya) və suborqanizm strukturları (molekulyar biologiya, genetika) üzərində çalışan sahə kimi göstərir. Müasir biotexnologiyada da elmi əsaslandırılmış texnologiya və aparat tərtibatının işlənməsinə kəskin ehtiyac duyulmaqdadır. Odur ki, texniki elmlərlə - maşınqayırma, elektronika, avtomatika ilə üzvi əlaqənin olması lazım gəlir. Biotexnologiya və biotexnoloji proseslərin təsir dairəsi ilbəil genişlənməklə tibb və əczaçılıq, kənd təsərrüfatı, sənaye, ətraf mühitin mühafizəsi və s. sahələrini əhatə etməkdədir. Biotexnologiya xalq təsərrüfatının üç sahəsində - tibbdə, kənd təsərrüfatında və sənayedə daha geniş tətbiq olunur. Son illərdə ondan daha çox akvakultura probleminin həlli üçün istifadə olunmaqdadır. Bununla əlaqədar olaraq, qeyd olunan istiqamətləri əks etdirən bir sıra terminlər meydana gəlmişdir. 2003-cü ildə bioloji elmlər üzrə keçirilən dünya forumunda biotexnologiyanın aşağıdakı təsnifləşdirici terminləri təklif olunmuşdur. “Qırmızı” biotexnologiya - bioəczaçılıq preparatları hazırlanması (proteinlər, fermentlər, monoklonal antitellər) və insan sağlamlığının təmin edilməsi ilə əlaqədardır; “yaşıl” biotexnologiya - geni dəyişilmiş bitkilərin yaradılmasına yönəlir və kənd təsərrüfatı, həmçinin meşə təsərrüfatının müasir tədqiqat metodlarını müəyyən edir; “ağ” biotexnologiya – sənaye biotexnologiyası olub, amin turşular, yem preparatları, fermentlər, zülallar, həmçinin bakterial gübrələrin istehsalı, itkilərin mühafizə vasitələri, bioyanacaq, qida məhsulları və s. istehsalı ilə əlaqədardır. “Boz” biotexnologiya - təbiəti mühafizə fəaliyyətinə yönəlməklə, buraya axıntı sularının və qaz-hava tullantılarının təmizlənməsi, torpaqların bioremediasiyası və çirklənmiş akvatoriyalara yönəlmişdir; “göy” biotexnologiya - dəniz orqanizmlərinin və xammal ehtiyatlarının istifadəsinə yönəlmişdir.
Biotexnologiyada əsasən təmiz mədəni mikroorqanizm-produsentdən istifadə edilir, bu da qabaqcadan xassələri məlum olan məhsul alınmasına imkan verir. Bu məqsədlə mikroorqanizmlərin ştamlarından istifadə edilir. Mikroorqanizm-produsentə aşağıdakı tələblər qoyulur: - mikroorqanizm ucuz və asan tapılan qida mühitində yetişməli; - mühitin qida maddələrini maksimum mənimsəməli; - biokütləsi yüksək sürətlə böyüməli və məhsul çıxımı yüksək olmalı; - sintetik aktivlik göstərərək arzu olunan məhsul tərəfə yönəlməli, - əlavə məhsulların alınması əhəmiyyətli dərəcədə az olmalı; - genetik cəhətdən bircinsli, məhsul alınmasına, qida substratına və yetişmə şəraitinə tələbkar, stabil olmalıdır; - kənar mikrofloraya davamli; - insan və ətraf mühit üçün ziyansız; - yaxşı ayrılma xüsusiyyətli olmalıdır. Yüksək sintez, başqa sözlə mikroorqanizmin fizioloji təlabatı üstələyən, müəyyən miqdarda məhsulu yaratmaq qabiliyyətinə təbiətdə tez-tez təsadüf edilir. Mikroorqanizmlərin bu xüsusiyyətlərindən ilk dəfə insanların təsərrüfat fəaliyyətində istifadə edilmiş və beləliklə də kortəbii seçmədən daha məhsuldar formaya keçilmişdir. Sənayedə 3 ştamm forması tətbiq edilir: təbii və ya süni seçmə ilə alınan yaxşılaşdırılmış, mutasiya nəticəsində dəyişmiş, gen və ya hüceyrə mühəndisliyi üsulu ilə alınan ştamm. Çox vaxt seçmə üsulu ilə yüksək aktivliyə malik produsentlər almaq mümkün olmur, ona görə də orqanizmin təbiəti
ni lazımi istiqamətdə dəyişmək məsələsi ortaya çıxır. Bunun üçün seleksiya üsulundan istifadə edirlər. Seleksiya - mutantların yönəldilmiş seçməsidi, başqa sözlə, mikroorqanizmlərin insana lazım olan istiqamətdə irsi əlamətlərinin dəyişməsidir. Mikroorqanizmlərin təbii ştamları qida mühitində lazım olan məhsulun elə miqdarını toplayıb ayırmaq xüsusiyyətinə malik olmalıdır ki, bu az xərclə kifayət qədər məhsul miqdarını təmin etsin. Ona görə seleksiyanın qarşısında nəinki mikroorqanizmin təbii xüsusiyyətlərini artırmaqla müəyyən maddələrin (fermentlər, antibiotiklər, amin turşular və s.) alınması, həm də bir çox hallarda produsentin yabanı növündən yeni ştamm yaradılması vəzifəsi durmalıdır. Bu vəzifə təbii ştamdan irsi dəyişikliklə, yəni mutasiya yolu ilə həll edilir. Bu da hüceyrənin fenotipinə, fizioloji və morfoloji əlamətlərinə təsir edir. Təsadüfi mutasiya mikrobların populyasiyasını dəyişərək yaşamaq üçün yeni şəraitə uyğunlaşdırır. Mutasiya mikroorqanizmlərin təbii xüsusiyyətlərini yüksəltməyə gətirib çıxarır ki, bu da müəyyən maddələrin sintezi və əmələ gəlməsinə, eləcə də maddənin yeni xüsusiyyətlərinin yaranmasına imkan verir. Seleksiyanın gedişini surətləndirmək üçün aparıcı mutagenezdən istifadə olunur və bu zaman fiziki, kimyəvi və bioloji təbiətə malik mutagen faktorlar tətbiq edilir. Universal fiziki mutagenə - ultrabənövşəyi şüalandırmanı, rentgen şüasını və s.; kimyəvi faktorlara - azotlu zəhərli qaz, nitrosaminlər, tetraxlormetan CCl4 və başqa maddələri; bioloji - mutagenə faqları (mikroorqanizmlərin viruslarını) aid edirlər. Beləliklə, seleksiya edilmiş mikroorqanizmlərin ştamları müəyyən qiymətli irsi möhkəmlənmiş xüsusiyyətlərə malik olur. Bununla belə mutasiya təsadüf nəticəsində alınır, ona görə də gen mühəndisliyində - sınaq şüşəsində genetik rekombinasiya tətbiq edilir. Rekombinasiya 2 xromosomdakı genlərin dəyişdirilməsidir. DNT molekullarını sınaq şüşəsində canlı hüceyrələrin təbii və ya sintetik hissələrinin ikiləşmə qabiliyyətli hüceyrələrlə birləşdirilməsindən DNT rekombinantları alınır. Bu üsul bakteriyalar, daha doğrusu bağırsaq çöpləri üzərində insan və heyvan genlərinin birləşdirilməsindən işlənib hazırlanmışdır. Sınaq şüşəsində rekombinasiya üsulu, DNT-nin hibrid molekullarının alınmasına və onun canlı hüceyrəyə köçürülməsilə yeni əlamətli molekul almağa imkan verir. Məsələn, spesifik zülalın alınması. Mikroorqanizmlərin yeni ştamlarının alınma mümkünlüyünə penisillin antibiotikinin produsenti timsalında nəzər salaq. Əvvəlcə Penisillium chrysogenum (NRRL-1951) ştammı 60 mq/l penisillin əmələ gətirirdi. Sonra təsadüfi mutasiyadan yeni ştamm (NRRL-1951.B25) əmələ gəldi ki, bundan 150 mq/l penisillin alındı. Rentgen şüalanmasından sonra alınan (X1612) mutantı 300 mq/l penisillin verdi. Bir neçə mutagenez və seleksiyanın tətbiqi ilə ultrabənövşəyi şüalarla və ipritlə işləməklə alınan yüksək məhsuldar (E-15.1) ştamm isə 7 q/l penisillin verdi. Beləliklə, 21 dövr mutagenez və seleksiya tətbiq etməklə 2 onillikdə penisillin çıxımını 55 dəfə artırmaq mümkün oldu. Hazırda mikroorqanizm produsentlər 20 q/l penisillin çıxımına imkan verir.
Bu gün biotexnologiya elmi-texniki tərəqqi mövqeyinə keçmişdir. Qıcqırmaya əsaslanan ənənəvi biotexnoloji proseslər zülal, amin turşular, antibiotiklər, fermentlər, vitaminlər, üzvi turşular və s. alınmasının yeni səmərəli prosesləri ilə tamamlanmaqdadır. Vaksinlər, hormonlar, interferonlar və s. alınması ilə əlaqədar olaraq yeni biotexnologiya erası başlamışdır. Bu gün biotexnologiya qarşısında duran vacib vəzifələrə kənd təsərrüfatı bitkiləri və heyvanlarının məhsuldarlığının artırılması, kənd təsərrüfatında becərilən yeni cins və növlərin yaradılması, ətraf mühitin mühafizəsi və qalıqların utilizasiyası, mineral ehtiyatlar alınması və ekoloji təmiz enerji çevrilmələri proseslərinin yaradılması aiddir. Biotexnologiyanın insan həyatındakı rolu və perspektivlərini xarakterizə etmək üçün yapon professoru K.Sakaquçinin biotexnologiya ilə bağlı keçirilən bir Simpoziumda dediyi fikrə nəzər salmaq kifayətdir. “Nə arzu edirsinizsə hamısını mikroorqanizmlərdə axtarın və onlar sizi naümid buraxmaz”. Biotexnologiyanın inkişafı və yenidən qurulması biologiyada son 25-30 ildə baş verən dərin dəyişikliklərlə bağlıdır. Bunlarla yanaşı digər sahələrdə baş verən mühüm kəşflər biotexnologiyanın inkişafına təsir etmişdir.
|