Selektiv ( seçici ) səviyyə göstəricisi
Rabitə texnikasında çox vaxt ölçülən siqnalın tezlik zolağının içərisindən lazımi siqnalı seçib ölçmə aparmaq lazım gəlir. Bu məqsədlə selektiv ( seçici ) səviyyə göstəricilərindən istifadə olunur. Müasir seçici səviyyə göstəriciləri heterodin prinsiplə qurulur. GQ giriş qurğusuna daxil olan f1 tezlikli siqnal M modulyatoruna verilir. Bu modulyatora G2 generatorundan tənzimlənən f2 tezliyi də verilir və həmin tezliyi dəyişməklə modulyatorun çixışında f2 - f1 aralıq tezliyi alınır. Aralıq tezlikli siqnal modulyatordan sonra qoşulmuş ZS zolaq süzgəcindən keçdikdə başqa tezliklər süzgəc tərəfindən buraxılmayacaq, göstərici qurğuda yalnız tədqiq olunan aralıq tezliyin qiyməti görünəcəkdir. Şəkil 6.5 – də selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi verilmişdir:
Şəkil 6.5 Selektiv ( seçici ) səviyyə göstəricisinin struktur sxemi
ÖLÇÜ GENERATORLARI
Generatorların növləri və onlara qoyulan tələblər
Ölçü generatorları - sabit cərəyan mənbəyi enerjisini dəyişən cərəyan enerjisinə çevirən ikiqütblüyə deyilir. Generatorlar dəyişən cərəyan mənbələri olaraq rabitə texnikasında müxtəlif formalı siqnallar, müxtəlif tezliklər və müxtəlif gərginliklər yaratmaq üçün istifadə olunur. Generatorun vəzifəsi ölçü siqnallarını formalaşdırmaqdır.
Generatorlar hasil etdiyi siqnalın formasına, tezlik diapazonuna və çıxış siqnalının səviyyəsinə görə bir – birindən fərqlənirlər. Ölçü generatorları rabitə texnikasında işlənən bütün elektromaqnit rəqs tezliyi diapazonunda lazımi formalı rəqslərin yaradılmasını təmin edir. Lakin elektromaqnit rəqs tezliyi diapazonu çox böyük olduğundan ( infraalçaq tezliklərdən millimetrik dalğa diapazonu tezliklərinə qədər ) ölçü generatorları nisbətən kiçik zolaqlı olurlar. Ölçü generatorları müəyyən diapazona malikdirlər. Generatorun ölçmə diapazonu elektromaqnit rəqs diapazonunun kiçik bir hissəsini təşkil edir. Ümumiyyətlə, generatorlar elə hazırlanırlar ki, onların diapazonlarının cəmi elektromaqnit rəqs diapazonunu əhatə edir. Diapazonuna görə ölçü generatorları aşağıdakılardan ibarətdir: infraalçaq tezlik generatorları, səs tezlik generatorları, alçaq tezlik generatorları, yüksək tezlik generatorları, ultrayüksək tezlik generatorları, ifrat yüksək tezlik generatorları, millimetrik dalğa diapazonu generatorları, sabit cərəyan generatorları, küy generatorları və s.
Ölçü generatorlarına tezliyin dəqiq tənzimlənməsinə, alınan siqnalın və gücün stabilliyinə, quruluşuna, rütubətə, istiliyə, silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar qoyulur.
Ölçü generatorlarının yaratdığı siqnallar formasına görə sinusoidal, düzbucaqlı, mişarvari, impulsşəkilli və xüsusi formalı olurlar.
İş prinsipinə görə generatorlar 3 növə : RC tipli, LC tipli və döyünmə üsullu generatorlara bölünürlər. Ölçü generatorunda rəqsləri yaratmaq üçün gücləndiricinin çıxışından onun girişinə müsbət əks rabitə əlaqəsi yaradılır. Bu məqsədlə əks əlaqə dövrəsində rəqs konturundan yaxud LC və RC elementlərindən ibarət süzgəclərdən istifadə olunur. LC tipli generatorlarda tezliyi n dəfə dəyişmək üçün L və C – nin qiymətini n2 dəfə dəyişmək lazım olduğundan səs və ultrasəs diapazonlu tezlikləri örtmək üçün RC tipli generatordan istifadə edilir. RC tipli generatorun sxemi şəkil 7.1 – də göstərilmişdir:
Şəkil 7.1. RC tipli generatorun sxemi
RC tipli generatorda R və yaxud C – nin hər hansı birinin qiymətini dəyişməklə tezliyin diapazonunu dəyişmək mümkündür. Sxemdə çıxış siqnallarının tezliyini R və C – nin ardıcıl və paralel qoşulmasından ibarət bölücünün əks əlaqə dövrəsi təyin edir. Gücləndirici əks əlaqə dövrəsindən alınan zəif siqnalı gücləndirir və gərginlik gücləndiricisi və güc gücləndiricisi sxemlərindən ibarətdir. Çıxış qurğusu çıxış müqavimətinin və gərginliyin qiymətini dəyişmək üçün istifadə olunur.
Ölçü genratorunda tezliyin qiyməti aşağıdakı kimi təyin edilir:
RC tipli generatorlarda 
LC tipli generatorlarda
Döyünmə üsullu generatorlarda fx = f1 - f2
Generatorun tezliyinin stabilliyini təmin etmək ən mühüm təlabatlardan biridir. Əgər generatorun tezliyi fasiləsiz dəyişəndirsə, onda generator tezliyinin stabilliyi 10-3 – 10-4, tezliyi diskret tənzimlənən generatorlarda isə bu əmsal 10-6 – 10 -7 olur.
Generatorların tezlik diapazonu əmsalı generatorun maksimal tezliyinin minimal tezliyinə olan nisbətinə deyilir. Generatorun çıxış gərginliyi geniş diapazonda dəyişməlidir. Müasir rabitə qurğularında çıxış gərginliyinin dəyişməsi 100 dB və daha çox olmalıdır. Bu təlabat generatorlarda istifadə olunan gücləndiricilərin güclənmə əmsalının dəyişməsi ilə və ya çıxış attenyuatorları vasitəsilə həyata keçirilir. Attenyuator generatorun çıxış müqavimətini müxtəlif yük müqavimətləri ilə razılaşdıran xüsusi transformatorla işləyir, vəzifəsi çıxış qurğusunda gərginliyi bölməkdir.
Generatorun çıxış gərginliyinin stabilliyi generatorlarda mənfi əks əlaqənin yaradılması və ya çıxış səviyyəsinin avtomatik tənzim olunması ilə həyata keçirilir. Yüksək tezlik generatorlarında bəzi sxem və qurğular vasitəsilə onun çıxış müqavimətinin sabit qalmasına çalışırlar. Müqavimətin sabit saxlanması üçün amplitud – tezlik xarakteristikasının xəttiliyi yüksək tezlik generatorlarında təxminən 3 – 4 dB, alçaq tezlik generatorlarında isə 1 – 1,5 dB qədər meyl etməsinə yol verilir.
Generatorun çıxışı simmetrik və ya qeyri – simmetrik olur. Generatora qoşulan yükdən asılı olaraq onun çıxış müqaviməti : 50; 75; 100; 150; 600 Om olur.
Döyünmə üsullu generatorlar
Döyünmə üsullu generatorlar öz sxemlərinə və quruluşuna görə RC generatorlara nisbətən mürəkkəbdir. Şəkil 7.2 - də göstərilən döyünmə üsullu generator 2 ədəd yüksək tezlikli LC generatorlarından təşkil olunmuşdur. Bu generatorlardan biri nümunəvi f1 tezlikli, digəri isə dəyişən f2 tezlikli gərginlik hasil edir. Sxemdə hər iki LC generatorundan sonra ET emitter təkrarlayıcısı və gücləndirici yerləşir.
Şəkil 7.2. Döyünmə üsullu generatorun struktur sxemi
Sxemdə qarışdırıcıdan və alçaq tezlik süzgəcindən istifadə edilir. Döyünmə üsullu generatorun iş prinsipi iki yüksək tezlikli generatordan daxil olan gərginliklərin qarışdırılmasından sonra çıxışda süzgəcdən keçirilmiş
f1 – f2 alçaq tezliyinin alınmasından ibarətdir. Məlumdur ki, qarışdırıcının çıxışında f1; f2; f1 – f2 ; f1 + f2 tezlikli gərginliklər alınır. Alçaq tezlik süzgəci bunlardan ancaq f1 – f2 tezlikli gərginlikləri buraxır. Misal üçün nümunəvi tezlikli generator 400 kHs tezlikli gərginlik hasil edir. Dəyişən tezlikli generatorun tezliyi fmin=360 kHs – dən fmax= 400 kHs diapazonunda tənzimlənir. Hər iki gərginlik gücləndikdən sonra qarışdırıcının girişlərinə verilir və onun çıxışında 0 – dan 40 kHs tezliyə qədər dəyişən gərginlik alınır (döyünmə tezliyi ). Alçaq tezlik süzgəcinin çıxışında ancaq döyünmə tezliyi alınır. Çıxış siqnalının tezlik diapazonu C kondensatorunun rotorunun bir dönüşü ilə örtülür. Beləliklə çıxış siqnalının tezlik diapazonunun örtülməsi rəqs dövrələrində kommutasiya elementlərindən istifadə etmədən baş verir. Döyünmə üsullu generatorlardan istifadə etməklə müxtəlif radiotexniki və akustik qurğuların tezlik xarakteristikalarını böyük diapazonda tədqiq etmək mümkündür.
|